Məhkəmə qərarları › İş №2(013)-4149/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-4149/2025

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-4149/2025 11.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 11 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat, 4000 (dörd min) manat - ümumilikdə 12700 (on iki min yeddi yüz) və ödənilmiş dövlət rüsumu əvəzində 129 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində Koreya Respublikasından 2015-ci il istehsalı olan "KİA Sportage" markalı avtomobil və bir ədəd «İphone 14 Pro Max» mobil telefonu gətirəcəyini vəd verib iddiaçıdan 8700 manat almışdır. Bundan başqa cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıdan 4000 manat aldadaraq almış və həmin məbləği də geri qaytarmamışdır. Cavabdeh öz öhdəliyini xx.xx.2023-cü il tarixdə icra etməli olmuş, lakin iddiaçının pulunu ələ keçirərək dələduzluq etmişdır. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməqdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh mənə vurduğu 8700 manat zərərdən bu günə kimi heç bir vəsait geri qaytarmamışdır.Butun bu hallar cinayət işinin materiallarında və Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-560/2023 saylı hökmündə qeyd edilmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(003)-560/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh məhkum olunmuşdur ona görə ki, o, digər dələduzluq cinayətlərindən başqa aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyəti ilə İddiaçı etibarından sui-istifadə edərək 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində Koreya Respublikasından 2015-ci il istehsalı olan «KİA Sportage» markalı avtomobil və bir ədəd «İphone 14 Pro Max» mobil telefonu gətirəcəyini vəd verib aldadaraq cəmi 8700 manat alıb ələ keçirməklə İddiaçı 8700 manat məbləğində maddi ziyan vurmuşdur. Göründüyü kimi İddiaçı mülkiyyəti hesab edilən 8700 manat məbləği Cavabdeh qanunsuz olaraq ələ keçirmiş və dəymiş ziyan hazırki vaxta qədər ödənilməmişdir. Belə olan halda iddia tələbinin maddi ziyana görə 8700 manat tələbinə dair hissəsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bundan başqa mülki işə baxılarkən məlum olmuşdur ki, cavabdeh iddiaçıdan 4000 manat məbləğ almış və qaytarmamışdır. Sözügedən hal iddiaçının izahatı və cavabdehin təqsirləndirilən şəxs qismində məhkəmədə verdiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-560/2023 saylı hökmündə göstərilən ifadəsi ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunduğu kimi öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında 4000 manat məbləğin borc verilməsinə dair yazılı formada müqavilə bağlanmadığından mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanmaya dair müddəaları tətbiq edilməlidir. Mülki işə baxılarkən məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus 4000 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan əldə etmişdir. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 4000 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 129 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat, 4000 (dörd min) manat - ümumilikdə 12700 (on iki min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 129 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar