Məhkəmə qərarları › İş №2(013)-4249/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-4249/2025

20.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-4249/2025 20.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2400 manat məbləğində pulun və ödənilmiş 44 manat dövlət rüsumunun, cəmi 2444 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, 20 Yanvar Metrosunun yaxınlığında "Velotrek'də satıcı iləyir. Satıcı işlədiyi zaman 2024-cü ilin yay aylarında Tavat adlı cavan qız ondan alış-veriş etmiş, aldığı geyimlərin ödənişi etməklə aralarında tanışlıq münasibəti yaranmış, söhbət əsnasında Tavat lotareya oynamaq üçün istədiyi zaman istədiyi adamları daxil edə biləcəyini bildirmişdir. Onunla alış-veriş etdiyi zaman Tavat özünü səmimi insan kimi göstərərək onun etibarını qazanmış, o, da sadəlöv vətəndaş kimi həm özünü, həm də digər qohumlarını bu lotoreya oyununa qoşulmasını və bunun üçün də Cavabdeh 4098 5844 6094 3937 rəqəmli Leokartına müxtəlif vaxtlarda pul köçürməklə ödənişlər etmişdir. Özü və qohumlar lotoreya oyununa qoşulmaqla 2025-ci ilin fevral ayında pulu almalı olduqları halda ala bilməmişlər. Hətta cavabdeh onu və qohumlarını aldatmaqla, onlardan lotoreya adı ilə almış olduğu pulları mənimsəmiş və geri qaytarmaqdan imtina etmişdir. Dəfələrlə cavabdehin istifadəsində olan ***-***- **-** mobil nömrəsi ilə əlaqə saxlasa da zəngləri cavabsız qalmışdır. Cavabdehin səmimiyyətinə inanaraq ona verdiyi pulu istədikdə Cavabdeh ondan gizlənməyə başlamış, telefon zənglərinə cavab verməmişdir. Bu aylar ərzində o, cavabdehin tamahkarlığının qurbanı olaraq onun qanuna zidd hərəkəti nəticəsində əsəb, stres keçirmiş, sonradan məlum olmuşdur ki, cavabdeh belə yalan danışmaqla pul alıb öz məqsədləri üçün xərcləmiş, lotoreya adı ilə onun etibarından sui-istifadə edərək onu aldadaraq pulunu mənimsəmişdir. Onu qeyd edir ki, qohumları cavabdehi tanımadıqları üçün pulu ondan tələb etməyə başlamışlar, qohumların pulunu onun vasitəsilə cavabdehin bank kart hesabına köçürüldüyü üçün pulu ondan tələb etməyə başladılar. Qohumlar arasında narazılıq olmasın deyə cavabdeh tərəfindən mənimsənilmiş pul vəsaitini qohumu X2 400 manat, X8 qizina 1000 manat pulu öz vəsaiti hesabına ödəmişdir. Sonradan vətəndaş X3 Azərbaycan Respublikası DİN-nin 102 Qaynar Xəttinə şikayət edərək cavabdeh tərəfindən aldadıldığını bildirdikdən sonra cavabdeh Sumqayıt ŞPT-nin İŞ-nə belə gəlməmişdir. Onun və qohumlarının polis bölməsinə olunan şikayətləri birləşdirlərək Sumqayıt ŞPİ-nin İŞ-də araşdırılmış, cavabdehi tanımasında birbaşa onun vasitəsilə olması, hər bir qohumu pullarını ümumilikdə onun vasitəsilə cavabdehin bank kart hesabına göndərilməsi baxımdan və onun tərəfindən həmin pullar ödənildiyi üçün halhazırda iddia tələbi vermək məcburiyyətindədir. Sumqayıt ŞPİ-nin İŞ-də aparılmış araşdırma zamanı cavabdehin istıfadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış, lakin cavabdeh polis idarəsinə gəlməmişdir. Onun və qohumların hər birinin izahatı, tərəfindən olunan ödənişlərin edilməsinə dair qəbzlər də polis idarəsinə təqdim edilmiş və Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X7 icraatında olan HK-1/482, HK-1726, HK-1/727 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 may 2025-ci il tarixli Qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, o, və qohumları İddiaçı 1000 manat, X2 400 manat, X5 1000 manat pulu cavabdeh tərəfindən mənimsənilərək geri qaytarılmamış, həmin pullar onun tərəfindən ödənildiyi üçün həmin pul vəsaiti ona tam halda geri qaytarılmalıdır. Hesab edir ki, Cavabdeh 2400 manat məbləğində pul və ödənilmiş 44 manat dövlət rüsumu, cəmi 2444 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh onun satıcısı olduğu mağazadan bir neçə dəfə nisyə pal-paltar alıb, pulunu sonradan ödəyibdir. Sonradan cavabdehlə Ağdamlı kimi münasibətləri yaranmışdır. Cavabdeh onu aldadaraq lotareya oyununda 2-ci, 3-cü yerin olduğunu bildirmiş, bu minvalla da cavabdehin kartına iki dəfə, 2024-cü ilin dekabr ayında, 2025-ci ilin yanvar ayında hər dəfə 1200 manat pul göndərmişdir. Sonra isə 200 manat da göndərmişdir. Cavabdeh 1-2 ay keçdikdən sonra onu aldatmağa başlamış, onu dəfələrlə aldatmış, telefon və VATSHAP danışıqları zamanı sabaha, birisi günə məbləği ödəyəcəyini dəfələrlə vəd edib bildirmiş, lakin pulları qaytarmamışdır. Hazırda Xatirə və Ətrabədən alıb cavabdehə verdiyi pulları da özü onlara qaytarır. Həmin pullardan 1400 manat baldızı Ətrabəyə hələ də borcu qalmaqdadır. Cavabdeh bundan əlavə 600 manat dəyərində ondan nisyə pal-paltar da götürmüş, çox çətinliklə həmin məbləği cavabdehdən almışdır. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh portal məlumatlarından görünür ki, o, Ağdam Rayon Xıdırlı kəndinin sakinidir. Cavabdeh yaşayış yeri məlum olmadığından ona məlum olan telefon nömrəsi ilə SMS məlumat göndərilmiş, həmçinin verilməli məhkəmə bildirişləri onun yaşayış yeri üzrə ərazi icra orqanına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə görə fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. AA ******* saylı Şəxiyyət Vəsiqəsinin surətindən görünür ki, cavabdeh H.Həmzəyev Ağdam Rayonunun Xıdırlı kəndinin sakinidir və portal məlumatına əsasən həmin kəndin qeydiyyatındadır. Bu səbəbdən də məhkəmə bildirişi 26 dekabr 2025-ci il tarixdə Ağdam Rayon İHB-nın Xıdırlı İƏD üzrə Nümayəndəliyinə təqdim edilmiş, lakin cavabdeh məhkəmə iclasına yenə də gəlməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarında olan təkzibedilməz sübutları nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi S.Abbasovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 may 2025-cü il tarixli Qərarından görünür ki, Cavabdeh izahatının alınması üçün müxtəlif vaxtlarda ona məxsus 070 858-11-58 mobil nömrəsi ilə əlaqə saxlanılan zaman qısa vaxt ərzində PB-nə yaxınlaşacağını bildirmişdir. Daha sonra dəfələrlə əlaqə saxlanılsa da zənglərə cavab verməmişdir. Bu səbəbdən də izahatının alınması mümkün olmamışdır. Polis orqanın cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 may 2025-cü il tarixli həmin Qərarında olan İddiaçı, X4 və X1 izahatlarından görünür ki, həmin izahatlar hazırkı ididaçının iddia tələblərində qeyd olunan xüsususatları birbaşa təsdiq edir. Həmçinin ərizəyə əlavə edilmiş ”PashaPay” MMC Ödəniş Cədvəlindən görünür ki, 28 dekabr 2024-cü il tarixdə Cavabdeh adına olan “LeoBank” xidmətinin nağd ödəniş kartına 1200 manat pul ödənlmişdir. Ərizəyə əlavə edilmiş ”eManat” Ödəniş Cədvəlindən görünür ki, 31 yanvar 2025-ci il tarixdə Cavabdeh adına olan “LeoBank” xidmətinin nağd ödəniş kartına 1200 manat yenə də pul ödənlmişdir. İddiaçı məhkəmə iclasında məhkəməyə həmçinin Cavabdeh ilə apardığı VHATSAP yazışmalarını /danışıqlarını/ da təqdim etmiş, həmin yazışmalara baxış keçirilmiş, Cavabdeh yazışmalarda iddiaçıya pulları tezliklə ödəyəcəyini bildirmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1998-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. "R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 avqust 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2008-ci il tarixli Qərarda məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. "Məhkəmə Qətnaməsi Haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Göründüyü kimi hazırkı mübahisə tərəfləri aralarında heç bir yazılı müqavilə bağlanmamışdır. Məhkəmə tərəfindən işin yuxarıda qeyd olunan halları müəyyən edilmişdir, cavabdeh aldığı pulları qaytarmamış, cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da cavabdehlə yazışmalar, pulun cavabdehə göndərilməsi ödəniş qəbzləri ilə təsdiq edildiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən sassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki prosessual qanunvericiliyin sübutlara verdiyi tərifə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Cavabdeh məhkəmə iclaslarına gəlmir, iddia tələblərinin təkzibi ilə bağlı məhkəməyə sübut təqdim etmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı 44 manat dövlət rüsumu ödəmişdir ki, həmin məbləğ də cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 2400 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 44 manat, cəmi 2444 manat pul tutularaq İddiaçı xeyrinə verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 44 /qırx dörd/ manat, cəmi 2444 (iki min dörd yüz qırx dörd) manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar