Məhkəmə qərarları › İş №2(013)-437/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-437/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-437/2024 13.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə 13 mart 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi X3 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4916,03 manat əsas, 324,76 manat faiz, 86,75 manat cərimə - cəmi 5327,54 manat borcun və 73,28 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi qismində məhkəmədə izahat verən M.M.Seyidov iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən 36 ay müddətinə, illik 17 faizlə 6000 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanılmış, Cavabdeh1 öhdəliklərini icra etməyəcəyi təqdirdə onun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş, nəticədə 4916,03 manat əsas, 324,76 manat faiz borcu qalmışdır. Bundan əlavə müqavilə tələblərinə uyğun olaraq Cavabdeh1 86,75 manat cərimə hesablanmışdır. Tələb edilməsinə baxmayaraq cavabdehin öhdəliyi icra etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 iddianı etiraf edərək imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini qeyd etməklə iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı etiraf edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 illik 36 ay müddətinə, illik 17 faizlə 6000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliklərini icra etməyəcəyi təqdirdə onun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. İddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir. İddiaçı ASC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh1 borcu 4916,03 manat əsas, 324,76 manat faiz, 86,75 manat cərimə borcu təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh1 illik 36 ay müddətinə, illik 17 faizlə 6000 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 4916,03 manat əsas, 324,76 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh1 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özünün icra edəcəyini üzərinə götürmüşdür. Cavabdeh1 müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürür. 472.1-ci maddədə qeyd olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəyə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən gecikdirilən borc məbləğinə cərimə hesablanır və borc alan tərəfindən kreditora ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin tələblərinə uyğun olaraq Cavabdeh1 86,75 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4916,03 manat əsas, 324,76 manat faiz, 86,75 manat cərimə - cəmi 5327 (beş min üç yüz iyirmi yeddi) manat 54 (əlli dörd) qəpik və 73,28 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar