Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-460/2025 19.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq Ağdam Rayon Məhkəməsinin 2(013)-1328/2024 saylı, 24 iyun 2024-cü il tarixli Qətnaməsi ilə hər uşaq üçün 130 manat müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat aliment məbləğinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında Ağdam Rayon Qeydiyyat Şöbəsində 20 noyabr 2020-ci il tarixdə, 166 sayla bağlanmış nikah akt qeydi pozulmuş, birgə nikahdan anadan olan, yetkinlik yaşına çatmamış uşaqları, 2021-ci il təvəllüdlü Sunay və 2023-cü il təvəllüdlü Elay Fikrət qızı onun yanında saxlanımış, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödəniməsi qət edilmiş, alimentin tutulması 22 aprel 2024-cü il tarixdən hesablanılması qərara alınmışdır. Hamıya məlum olan faktdır ki, qeyd edilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği müasir dövrün tələblərinə cavab vermir. Belə olan halda alimentin artırılması üçün məhkəməyə müracət etmək qərarına gəlmişdir. Həmin ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞA/MT-044/2024-00075 saylı İlkin Mediasiya arayışından görünür ki, cavabdeh mediasiya şurasının sessiaysında iştirak etmək üçün gəlməmişdir. Ona görə də hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər uşağa 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməlidir. Bu barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, bundan əvvəl hər uşaq üçün qət edilmiş 130 manat aliment məbləği ilə uşaqları saxlaya bilmir. Hazırda qab-qacaq mağazasında satıcı işləyir ki, uşaqları saxlasın. Evi olmadığından ərazidə kirayədə yaşayır, 200 manat da hər ay kirayə haqqı ödəyir. Cavabdeh əlilliyi ilə bağlı pensiya alsa da sağlamdır, iş qabiliyyəti var, lakin işləmək istəmir. Cavabdeh orda-burda işləməklə haqq alır, pul qazanır. Lakin uşaqların saxlanılması üçün cavabdeh əlavə köməklik etmir. Uşaqları saxlamaqda çətinlik çəkdiyindən məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddia tələbinin təmin edilməsini, hər uşaq üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay 200 manat, cəmi 400 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etmədi. Göstərdi ki, rayonun Əliağalı kəndindən məcburi köçkündür, Bənövşələr Qəsəbəsində yaşayır, hazırda heç bir yerdə işləmir. Baş pozuntusu xəstəliyi var, bu barədə sənədləri məhkəməyə təqdim edib, xəstəliyi ilə bağlı cəmi 150 manat pensiya alır. 2 uşağın saxlanılması üçün məhkəmə tərəfindən ondan hər uşağa 130 manat, cəmi 260 manat alimentin tutulması qət edilib ki, həmin məbləği də atasının köməkliyi ilə çətinliklə hər ay ödəyir. Öz müalicələrinə pul çatdıra bilmir. Ona görə də aliment məbləğinin artırılmasına etiraz edir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, tərəfləri dinləyib belə hesab edir ki, tələb qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş, AA******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il təvəllüdlüdür. Ərizəyə əlavə olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 1328/2024 saylı Qətnaməsinin surətindən görünür ki, iddiaçı T.Yahyazadə ilə Cavabdeh aralarında Ağdam Rayon Qeydiyyat Şöbəsində 20 noyabr 2020-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından anadan olan uşaqlar - 2021-ci il təvəllüdlü Sunay və 2023-cü il təvəllüdlü Elay adlı uşaqlar anaları ilə saxlanılmış, onların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manatdan olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment qət edilmişdir. X1 X8 X4 09 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Cavabbeh Cavabdeh təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, o, 3-cü dərəcəli əlildir, onda orqanizmin funkisiyasının 40 % pozulması var, sağlamlıq imkanları məhduddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamıdıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış miniumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-3-cü bəndi nəzərdə tutur ki, alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. İddiaçı iddia ərizəsi ilə aliment məbləğinin artırılmasını, bundan əvvəl məhkəmə tərəfindən müəyyən edilmiş 130 manat aliment məbləğinin azlığını qeyd edir, həmçinin alimentin məbləğinin hər uşaq üçün 2025-ci ilə görə müəyyən edilmiş 246 manat məbləğinə mütənasib olaraq 200 manat məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə cavabdeh tərəfin iddia ərizəsinə etirazını, onun səhhətinin vəziyyətini, onun 150 manat sosial müvavinət almasını, həmçinin iddia tərəfinin 2 uşağın saxlanılması ilə bağlı maddi çətinlikləri ilə əlaqədar göstərdiklərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hazırki tərəflərin birgə nikahlarından anadan olmuş 2021-ci il təvəllüdlü Sunay və 2023-cü il təvəllüdlü Elay adlı uşaqların saxlanılması ilə bağlı tutulan alimentin məbləği qismən artırılmalı, atadan hər ay hər uşaq üçün 150 manat olmaqla, yəni ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinin 0.38 misli, 2 uşaq üçün cəmi yuvarlaq olaraq 0.76 misli məbləğində müəyyən edilməli, həmin məbləğ tutulub İddiaçı xeyrinə verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən cavabdehin xəstəliyini və işsizliyini, bununla belə uşaqların üstün mənafeyini, ümumi qiymət artımlarını da nəzərə alır. "X6" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də Cavabdeh tutularaq dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh - Ağdam Rayon Məhkəməsinin 2(013)-1328/2024 saylı, 24 iyun 2024-cü il tarixli Qətnaməsi ilə hər uşaq üçün hər ay tutulan 130 manat müəyyən edilmiş alimentin məbləği qismən artırılaraq, xx.xx.12021-ci il təvəllüdlü X2 və xx.xx.12023-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla və 09 yanvar 2025-ci il tarixdən hesablanılmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin hər uşaq üçün 0.38 misli, cəmi 0.76 misli həddində müəyyən edilsin, həmin məbləğ cavabdehdən tutulub İddiaçı xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 /otuz/ manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ tutularaq dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-460/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-460/2025
19.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver