Məhkəmə qərarları › İş №2(013)-463/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-463/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-463/2025 08.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Süymur oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində pul, borcu qaytarmaq üçün ABB ASC-nin Bərdə filialından götürdüyü və 48 ay müdətinə qaytaracağı 9587.86 manat pul və ödənilmiş 133.5 manat dövlət rüsumu olmaqla, cəmi 13721.36 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, onun Xındırıstan kəndində yaşamaqla poçt şöbəsində işlədiyini, Cavabdeh ilə də orada tanış olduqlarını və xoş münasibətlərinin yarandığını, elə bu səmimi münasibətlərdən də istifadə edən Cavabdeh onu aldadaraq, oğlunu işə düzəltmək məqsədi ilə ondan 6600 manat pul aldığını, qeyd olunan məbləğin 6300 manatını borc aldığını, yalnız 300 manatın özünün olduğunu, aldadıldığını hiss etdikdə aldığı borcu qaytarmaq üçün oğlu Elçinin adına ABB ASC-nin Bərdə filialından 48 ay müddətinə, 18% ödəmək şərti ilə 6800 manat kredit götürdüyünü, cavabdehin əməli nəticəsində banka faizi ilə birlikdə 9587.86 manat pul ödəməli olduğunu, cavabdehin əməli barədə ARPŞ-yə ərizə ilə müraciət etdiyini və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində tutulan cinayəti törətməkdə təqsirli bilinərək bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, verdiyi apellyasiya şikayətindən sonra Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Cavabdeh cəzasının üç il müddətinə qaldırıldığını, cavabdehin dələduzluq nəticəsində aldığı 6600 manat puldan yalnız 2600 manatı poçt vasitəsilə qaytardığını, daha sonra isə yəni məhkəmədə indiki iddia qaldırdıqdan sonra 590 manat məbləğini ödədiyini və 3410 manat məbləğində pulu bu günə qədər qaytarmadığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul edərək, İddiaçı onun oğlunu işə düzəltmək məqsədi ilə 6600 manat pul aldığını, aldığı pulun 2600 manatını öncə, daha sonra isə 590 manat məbləğini artıq qaytardığını və qalan 3410 manat məbləğində pulu da qaytaracağını bildirərək iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 1(013)-15/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 1 /bir/ il 6 /altı/ ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-350/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Ağdam Rayon Məhkəməsinin 1(013)-15/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş və Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qeyd olunan hökmün və qərarın məzmunundan aydın olur ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyəti olmadığı halda, tanışı İddiaçı oğlu X2 işə düzəltməsinə dair yalan vəd verib onun cinayətkar niyyətindən xəbərsiz olan İddiaçı aldadaraq sonuncunun etibarından sui-istifadə edib bu adla ondan 6600 manat nağd pul vəsaitini alıb ələ keçirməklə İddiaçı ümumilikdə 6600 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunanaları nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdeh X1 İddiaçı 6600 manat məbləğində maddi ziyanın vurulması, hazırda isə qeyd olunan məbləğdən ödənilməmiş 3410 manatın qaldığı tərəflərin izahatları və iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Konsitutisiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çixaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin müddəalarından görünür ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, iddia tələbinin iddiaçının "xxxx" ASC-dən götürmüş və 48 ay müdətinə qaytaracağı 9587.86 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinin qanuni əsası yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3410 manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 133.5 manat dövlət rüsumunun 54.1 manat hissəsi cavabdehə, qalan 79.4 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulan maddi ziyan qismində 3410.0 (üç min dörd yüz on) manat məbləğində pul və ödənilmiş 54.1 (əlli dörd manat on qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 133.5 manat dövlət rüsümunun qalan 79.4 manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar