Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-490/2025 19.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 8700 manat tapşırıq müqaviləsinin icrasından yayınmağa görə pulun və dövlət rüsumu kimi ödədiyi 107 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh Oqtay oğlu onun tanışıdır, aralarında yaxşı münasibətlər olub. 2021-ci ilin noyabr ayında Xalidlə söhbət zamanı ona Ağdam Rayon Məşğulluq İdarəsində hörməti olduğunu, həmin idarənin xətti ilə insanların mal-qara almağına köməklik göstərə biləcəyini, lakin bunun üçün 8 nəfər şəxsin birlikdə istəyinin olmasını, mal-qara almaq istəyən hər bir şəxsin ayrılıqda 500 manat pul verməli olduğunu bildirmişdir. Onunla həm öz mənfəəti, həm də tanışlarının mənfəəti üçün razılaşmış, daha sonra həmkəndliləri Təhmasib İsmayılov, Şahəddin Abdullayev, Habil İsmayılov, Hacı İsmayılov, Sədaqət Rüstəmova, Qara və Elçin adlı şəxslərlə əlaqə saxlayıb məsələni onlara danışmış, onlar da razılaşmışlar və hər biri ayrılıqda 500 manat olmaqla, ümumilikdə 3500 manat pul vermişlər. Bundan sonra Xalidlə görüşüb özü də 500 manat verməklə, ümumilikdə 4000 manat pulu Xalidə vermişdir. Xalid də ona mal-qaranın 2022-ci ilin fevral-mart aylarında veriləcəyini bildirmişdir. Onun Xalidlə tam səmimi münasibəti yaranmış, 2021-ci ilin dekabr ayında Xalid ona müharibə vaxtı ziyan görmüş evlərin təmiri üçün dövlət tərəfindən vəsait ayrılmasını təmin etməyə gücü çatan tanışları olduğunu, bunun üçün istəkli şəxslərin hər birinin 300-700 manat arası pul verməli olduğunu bildirmişdir. Aşağıda adlarını göstərəcəyi şəxslərdən müxtəlif məbləğlərdə pul almışdır : 1. İlqar Abbasov və Rəfail Abdullayev - hər birindən 700 manat, 2. Solmaz Quliyeva, Habil, Elçin, Süleyman, Ətraf, Vüqar, Raquf, Gəray, Ramiq, Ruslan və Vasif adlı şəxslər - hər birindən 300 manat. Beləliklə həmin şəxslərdən ümumilikdə 4700 manat pul almış və pulları Xalidə vermişdir. Xalid də 2022-ci ilin fevral-mart aylarında evlərin təmiri üçün vəsait ayrılacağını bildirmişdir. Lakin indiyə qədər Cavabdeh vədinə əməl etməmişdir. Bununla əlaqədar Ağdam Rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırma zamanı Cavabdeh əməlini etiraf edərək həmin pulları qaytarmağa maddi imkanının olmadığını bildirmiş, ancaq əməlində cinayət tərkibi olmaması əsası ilə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmin şəxslərdən pulu şəxsən aldığından onlara verməli olduğu 8200 manat pulu öz vəsaiti hesabına ödəmişdir. Beləliklə onunla Cavabdeh arasında yuxarıda göstərdiyi işlərin görülməsi məqsədi ilə 2021-ci iln noyabr-dekabr aylarında icrası 2022-ci ilin fevral-mart ayları təmin edilməsi şərti ilə iki dəfə, ümumilikdə 8700 manat qiymətində şifahi tapşırıq müqaviləsi bağlanmış, lakin sonuncu müqavilənin icrasından imtina etməklə icraya məsuliyyətsiz yanaşaraq ona 8700 manat dəyərində zərər vurmuşdur. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh 2021-ci ildə bərpa işlərində briqadir işləyərkən tanımış, Cavabdeh rayonun Sarıcalı kəndində yaşayır. Xalid ona söhbət zamanı bildirmişdir ki, bir neçə şəxs tapsa məşğulluq mərkəzlərindən onlar üçün mal-qara alınmasını təşkil edər. Özü ilə birlikdə 8 nəfər təşkil etmiş, hərəsi 500 manatdan pul vermişlər, Cavabdeh ümumilikdə 4000 manat pulu vermişdir. Xalid 2022ci ilin fevral-mart aylarında mal-qaranı alacaqlarını bildirmişdir. Xalidlə münasibətləri yaranmış, Xalid müharibədə ziyan çəkmiş evlərə də dövlət tərəfindən pul ayrılmasını təşkil edə biləcəyini bildirmiş, bunun üçün hər bir şəxsin 300-700 manat arası pul verməli olduğunu bildirmişdir. Bu məqsədlə də 2-3 dəfəyə Xalidə 8700 manat pul vermişdir. Xalid həmin pulları kimə isə verəcəyini demişdir. Xalidin vəd etdiyi müddət çatanda o, telefonları söndürmüş, vədinə əməl etməmişdir. Xalid barədə Ağdam RPŞ-nə müraciət etmiş, orada həmin vətəndaşlar pulları verdiklərini bildirmişlər. Polis araşdırması zamanı Xalid əməlini etiraf etmiş, pulları qaytaracağına vəd etmiş, lakin pulları qaytarmamışdır. Vətəndaşların narazı olduqlarını görüb həmin pulları, yəni 8200 manat pulu öz vəsaiti hesabına onlara ödəmişdir. Beləliklə Cavabdeh ona ümumilikdə 8700 manat zərər vurmuşdur. Ona görə də bu barədə qətnamə çıxarılmasını xahiş edir, həmçinin dövlət rüsumu kimi ödədiyi məbləğin də qaytarılmasını istəyir. Məhkəmə iclası barədə SMS bildirişlərlə və məhkəmə bilidirişləri ilə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, hər dəfə məhkəməyə teleqramlar vuraraq qardaşının xəstəliyi ilə bağlı işin təxir edilməsini, başqa vaxta keçirilməsini, işə onun iştirakı olmadan baxılmamasını istəmiş, lakin məhkəmə iclasları təxir olunsa da o, məhkəməyə gəlməmiş, iddia tələbləri ilə bağlı məhkəməyə hər hansı etiraz və ya mülahizələrini təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin müddəaları baxımından işin Cavabdeh iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Şahid qismində məhkəmə iclasında izahat verən X4 göstərdi ki, rayonun Qaradağlı kəndindəndir, 41 saylı Ağdam Yol İdarəsində fəhlə işləyir. Cahid ona bildirmişdir ki, Xalid adlı şəxs var, Xalid evlərin təmiri ilə bağlı pul ayrılmasını təşkil edəcək, 30 manat pul istəyir. Həmin pulu Cahidə vermişdir. Cahid onun yanında bir neçə dəfə Xalidlə bu barədə telefonla danışmışdır. Xalid pulları almış, heç bir iş görməmişdir. Xalid pulları bugün-sabah qaytaracağına vəd vermişdir. Sonda işlərin görülmədiyini bilib pullarını tələb etmiş, Cahid onun pulunu qaytarmışdır. Şahid qismində məhkəmə iclasında izahat verən X1 göstərdi ki, idddiaçı İddiaçıla həmkəndlədirlər. Cavabdeh rayonda aparılan bərpa işlərindən tanıyır. Cahid ona demişdir ki, 500 manat versə Xalidin adamları var, ona və başqa bir neçə şəxsə heyvan alıb verəcək. 500 manat pulu Cahidə vermişdir. Lakin vaxt ötmüş, ona heç nə verilməmişdir. Cahiddən verdiyi pulunu istəmiş, Cahid həmin pulu Xalidə verməsini bildirmişdir. Daha sonra isə Cahiddən pulunu tələb etmiş, Cahid isə 500 manat pulunu qaytarmışdır. Cahid həmçinin başqa şəxslərdən alıb Xalidə verdiyi pulların da hamısını özü həmin şəxslərə qaytarmışdır. Şahid qismində məhkəmə iclasında izahat verən X3 göstərdi ki, Cahid ona bildirmişdir ki, 300 manat verərsə ona evinin təmiri üçün pul ayrılmasını təmin edə bilər. Bu məqsədlə Cahidə 300 manat vermişdir. Lakin sonradan ona münasibətdə heç bir iş görülməmişdir, pul ayrılmamışdır. Cahiddən pulunu tələb etmiş, Cahid ondan aldığı pulu Xalid adlı şəxsə verməsini bildirmişdir. Sonda işlərin görülmədiyini bilib pullarını tələb etmiş, Cahid onun pulunu qaytarmışdır. Sonra isə bilmişdir ki, Cahid sair şəxslərdən də pulları alıb Xalidə vermiş, Xalid isə pulları qaytarmadığından Cahid sair şəxslərin pullarını da özü ödəmişdir. Məhkəmə iddiaçını və şahidləri dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 14 dekabr 1972-ci il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş Ağdam RPŞ-nin İB-nin müstəntiqi M.Behbudov tərəfindən 10 oktyabr 2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, HK-1/1358 nömrəli material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdam RPŞ-nin İB-nin müstəntiqi M.Behbudov tərəfindən 19 fevral 2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, HK-1/1358 nömrəli material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir Həmin materiallar Ağdam Rayon Polis Şöbəsindən götürülüb öyrənilmişdir. Materiallarda olan hazırkı İddiaçı, zərərçəkənlər Şahəddin Abdullayevin və qeyri bir neçə şəxslərin izahatlarından görünür ki, həqiqətən də Cavabdeh mal-qara almaq, müharibə vaxtı ziyan görmüş evlərin təmiri üçün dövlət tərəfindən vəsait ayrılmasını təmin etmək adı ilə iddiaçının vasitəsi ilə həmin şəxslərdən müxtəlif məbləğlərdə pullar almışdır. Həmçinin Cavabdeh Oqtay oğlunun həmin materiallarda olan izahatından görünür ki, o, İddiaçı pullar almasını etiraf etmişdir. Cavabdeh izahatında göstərmişdir ki, Cahiddən 8700 manat deyil, 7900 manat pul almışdır. Belə ki, Cahid mal-qara almaq üçün həmin şəxslərdən 700 manat almış, lakin ona 500 manat vermiş, həmçinin müharibə vaxtı ziyan görmüş evlərin təmiri üçün dövlət tərəfindən vəsait ayrılmasını təmin etməyə görə Cahid həmin vətəndaşlardan 300 manat almış, lakin ona 250 manat vermişdir. Cahidə 8700 manat borcu var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. "R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 avqust 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2008-ci il tarixli Qərarda məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. "Məhkəmə Qətnaməsi Haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Göründüyü kimi hazırkı mübahisə tərəfləri aralarında heç bir yazılı müqavilə bağlanmamışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı və qeyrilərinin mal-qara və müharibə vaxtı ziyan görmüş evlərin təmiri üçün dövlət tərəfindən vəsait ayrılmasını təmin etməsi məsələlərinin həlli üçün Cavabdeh bu adla iddiaçıdan 7900 manat pul almış, heç bir iş görməmiş, pulları qaytarmamış, cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da cavabdehin və şahidlərin ifadələri, istintaq orqanının yuxarıda qeyd olunan qərarı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etdiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən sassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki prosessual qanunvericiliyin sübutlara verdiyi tərifə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyənedilir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 14.2.1-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-cimaddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdeh məhkəmə iclaslarına gəlmir, iddia tələblərinin təkzibi ilə bağlı məhkəməyə sübutlar təqdim etmir, həmçinin istintaq orqanına iddiaçının şikayəti ilə bağlı aparılan araşdırmalar zamanı verdiyi ifadələrində iddiaçıdan pullar almasını etiraf edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 8700 manat əsas məbləğ olaraq, 107 manat dövlət rüsumu kimi ödənilən məbləğ tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 8700 /səkkiz min yeddi yüz/ manat pul və dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 107 /bir yüz yeddi/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-490/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-490/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver