Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-502/2025 31.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh zəhmət haqqı olan 450 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ailəsini dolandırmaq üçün suçu işləyir. Cavabdeh bir neçə illərdir tanıyır. 2024-cü ilin avqust ayında cavabdeh onun yanına gələrək 9 ha torpaq sahəsində pambıq əkdiyini və pambığı sulamağını xahiş etmiş, həmin torpaq sahəsinin hər 1 hektarını 50 manata, yəni ümumilikdə 450 manata sulamağa razılaşmış və pambıgı 15 günə müddətinə sulamışdır. Pambığı suladıqdan sonra cavabdehdən zəhmət haqqını, 450 manatı tələb etmiş və cavabdeh həmin torpaq sahəsinin tam sulanmadıgı üçün 450 manat pulu verməyəcəyini bildirmişdir. O, israr etdikdən sonra həmin torpaq sahəsinə 2 nəfər şahidi, X3 və X1 göndərmiş və onlar pambığın tam sulandığını Cavabdeh bildirmişlər. Buna baxmayaraq Cavabdeh öhdəliyini yerinə yetirməyərək 450 manat məbləğinində pul qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Borcun ödənilməsi ilə bağlı çoxsaylı müraciətləri heç bir nəticə vermədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, Cavabdeh zəhmət haqqı olan 450 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində təzminatı və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında bir daha iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, uzun illərdir ki, suçuluq edərək ailəsini dolandırır. İndiyədək heç kim ondan narazı qalmamışdır. Cavabdehin tapşırığı ilə 2024-cü ilin avqust ayında ona məxsus 9 ha torpaq sahəsini hər hektarını 50 manata razılaşaraq suvarmış və təhvil vermişdir. Pambığı suladıqdan sonra cavabdeh onun pulunu verməmiş, sahəni pis suvarmasını ona bildirmişdir. Halbuki sahəni 01-13 avqust tarixlərində bütünlüklə suvarmışdır. Cavabdehdən pulunu tələb etdikdə cavabdeh Sədi adlı öz tanışını sahəyə göndərmişdir ki, baxsın, Sədi də baxaraq sahənin tam sulandığını cavabdehə bildirmişdir. Cavabdeh həmin sahədən 2 dəfə məhsul götürüb. Bunu şahidlər də təsdiq edə bilərlər. Hətta cavabdehin atası Niyaz müəllimlə də görüşüb bu barədə söhbət etmiş, atası narahat olmamasını, onun pulunu özü verəcəyini demişdir. Ona görə də iddia tələbinin təmin edilməsini istəyir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi. Göstərdi ki, İddiaçı ilə 9 ha torpaq sahəsinin suvarılması ilə bağlı razılaşmışlar. İddiaçı sahəni yaxşı suvarmamışdır. İddiaçı əvvəl də özü sahəni 2 dəfə suvarmışdır. Sədi adlı tanışını da göndərib ki, sahəyə baxsın. Sədi sahəyə baxaraq ona sahənin yaxşı suvarılmasını demişdir. Rizvan adlı tanışı ona bildirib ki, su başqa adamların torpaq sahəsinə axır. İddiaçı 10 gün suvarma aparsa da sahənin ayrı-ayrı yerləri suvarılmamış qalmışdır. Buna görə də razılaşdığı 450 manat pulu iddiaçıya verməmişdir. İddia tələbinin təmin edilməməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında izahat verən X2 göstərdi k, hər iki mübahisə tərəflərini tanıyır. Özü də 2 ha torpaq sahəsini icarəyə götürüb əkin əkmişdir. Həmin sahənin hər hektarı 50 manatdan olmaqla suvarılmasını da İddiaçı həvalə etmiş, Yasir sahəni normal suvarmışdır. Cavabdeh bir dəfə ona zəng edib sahəsinə baxmağı, sahənin Yasir tərəfindən necə suvarılmasını öyrənməsini xahiş etmiş, Cavabdeh məxsus və Yasirin suvardığı həmin sahəyə baxmış, sahənin normal suvarılmasını görmüş, bu barədə Cavabdeh məlumat vermişdir. Məhkəmə iclasında həmçinin Cavabdeh pambıq sahəsinin fotoşəkillərinə baxıldı, ərazidə normal pambıq məhsulunun olması göründü. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. SƏYYAR ASAN 9 Xidməti tərəfindən 24 dekabr 2015-ci il tarixdə verilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1965-ci il təvəllüdlüdür, Ağdam Rayon Dadaşlı kəndinin qeydiyyatındadır. Vətəndaşın Portal məlumatlarından görünür ki, Cavabdeh 01 oktyabr 1994-cü il təvəllüdlüdür, Ağdam Rayonunun qeydiyyatındadır /Şəxsiyyət Vəsiqəsi AA2060717/. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Qeyd olunan Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə görə əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Qeyd olunan Məcəllənin 786.5-ci maddəsinə görə əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. Sözügedən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi İddiaçı ilə Cavabdeh aralarında 9 ha torpaq sahəsinin hər bir hektarının 50 manata, yəni ümumilikdə 450 manata suvarılması ilə bağlı onlar aralarında razılıq olmuş, ididaçı ona tapşırılan işi 10-12 gün müddətində görmüş, onun həmin tapşırığı layiqincə görməsi təsdiq olunur, Cavabdeh isə öhdəliyini yerinə yetirməmiş, 450 manat məbləğinində pulun ödənişini etməmişdir. İddiaçının dəlilləri məhkəmədə öz təsdiqini tapmış, həmçinin şahid Sədi Kərimov ərazinin İddiaçı tərəfindən normal suvarılmasını təsdiq etmişdir. Cavabdeh pambıq sahəsinin İddiaçı tərəfindən suvarılmamasına, yaxud da pis suvarılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız özünün mülahizələrini əsaslandırmağa çalışmışdır. Məhkəmə mənəvi zərərlə bağlı iddiaçının tələblərini əsaslandırılmamış hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbləri qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri baxımından hesab edir ki, iddiaçının dövlət rüsumu kimi ödədiyi məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini qismən təmin edir, hesab edir ki, Cavabdeh 450 manat məbləğində muzd və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından alınıb İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh - 450 /dörd yüz əlli/ manat məbləğində pul və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 /otuz/ manat pul, cəmi 480 /dörd yüz səksən/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-502/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-502/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver