Məhkəmə qərarları › İş №2(013)-505/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-505/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-505/2024 16.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehdlər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada, kredit müqaviləsi üzrə 1671.85 manat əsas borcun, 161.61 manat faiz borcu, 132.63 manat cərimə borcu, 102.54 manat əldən çıxmış fayda olmaqla cəmi 2068.63 manat borcun və 42 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, L-MN-0053696-F saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən cavabdehə 30 ay müddətinə, illik faiz dərəcəsi 12% olmaq şərtilə 2343.30 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə təşkilat arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MN-00024020 saylı zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Hazırda cavabdehlərin təşkilata 1671.85 manat əsas borcu, 161.61 manat faiz borcu, 132.63 manat cərimə, 102.54 manat əldən çıxmış fayda olmaqla, cəmi 2068.63 manat borcu yaranmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2021-ci il tarixli, L-MN-0053696-F saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC tərəfindən 30 ay müddətinə hər gecikdirilmiş gün üçün əsas məbləğin 1%-i həcmində cərimə olmaq şərtilə 2343.30 manat məbləğində kredit rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli, MN-00024020 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh1 xx.xx.2021-ci il tarixli, L-MN-0053696-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. BOKT "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə, BOKT "xxxx" MMC-yə 1671.85 manat əsas, 161.61 manat faiz, 132.63 manat cərimə, 102.54 manat əldən çıxmış fayda olmaqla cəmi 2068.63 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə üzərinə düşən öhdəlikləri lazımca icra etmədiklərinə görə kredit razlaşması üzrə 132.63 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş 132.63 manat məbləğində cərimənin 100 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 32.63 manat hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada, 1671.85 manat əsas, 161.61 manat faiz, 32.63 manat cərimə borcu olmaqla, cəmi 1866.09 borc tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1671.85 manat əsas və 161.61 manat faiz borcu, 32.63 manat cərimə olmaqla cəmi 1866.09 (bir min səkkiz yüz altmış altı manat doqquz qəpik) borc və dövlət rüsumu qismində ödənilmiş 42 (qırx iki) manat pul tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar