Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-558/2023 30.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Borclu, X2 və X3 qarşı pul tələbi barədə mülki işə 30 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi X6 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə cavabdeh Borclu arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdeh Borclu 49 ay müddətinə illik 30 faizlə 20000 manat kredit vermişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər cavabdehlər E.S.Cəfərov və S.N.Qasımov arasında zaminlik müqavilələri bağlanmış, sonuncular Borclu bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özlərinin icra edəcəklərini üzərlərinə götürmüşlər. Cavabdeh Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş, nəticədə borclu qaldığını qeyd etməklə cavabdeh Borclula bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Borclu, E.S.Cəfərov və S.N.Qasımovdan müştərək qaydada 14348,1 manat əsas, 10852,71 manat faiz – cəmi 25200,81 manat və ödənilmiş 166 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödnilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəməyə vəsatət ünvanlayaraq xx.xx.2023-cü il tarixli 9/5463 saylı ekspertiza rəyində ekspert gecikdirilmiş borc üzrə ödənilmiş 79,68 manat cərimə borcundan silinmələri, eyni zamanda 642,56 manat vergi sərəncamlarına silinmiş məbləğləri (hesabdan çıxarışda qeyd olunmuş) nəzərə almadan əsas borc və faiz borcundan silmədiyindən sözügedən rəylə razı olmadığını bildirərək təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin vəsatəti kifayət qədər əsaslandırılmadığından təmin edilməmiş və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Borclu, E.S.Cəfərov və S.N.Qasımova məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə cavabdehlərin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu il tarixli kredit sazişindən və kreditləşmə və xidmət şərtlərinə dair müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdeh Borclu 36 ay müddətinə illik 30 faizlə 20000 manat kredit verilmiş, Borclu müqavilə üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini E.S.Cəfərov və S.N.Qasımov öz üzərlərinə götürmüşlər. xx.xx.2020-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, Borclu kredit borcu restrukturizasiya edilmişdir. İddiaçı tərəfin cavabdehlərə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün onlara xəbərdarlıq edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdeh Borclu iddiaçıya olan borcu 14348,1 manat əsas, 10852,71 manat faiz təşkil edir. 11 sentyabr 2023-cü il tarixli 9/5463 saylı ekspertiza rəyindən görünür ki, cavabdeh Borclu xx.xx.2023-cü il tarixə əsas borcu 12977,14 manat, faiz borcu 9792,91 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh Borclu arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdeh Borclu 36 ay müddətinə illik 30 faizlə 20000 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 12977,14 manat əsas məbləğdən, 9792,91 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər cavabdehlər E.S.Cəfərov və S.N.Qasımov arasında müqavilələr bağlanmış, sonuncular Borclu bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özlərinin icra edəcəklərini üzərlərinə götürmüşlər. Cavabdeh Borclu müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürür. 472.1-ci maddədə qeyd olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəyə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni zamanda iddiaçı ilə cavabdeh Borclu arasında bağlanmış kredit müqaviləsini sonuncu əhəmiyyətli dərəcədə pozduğundan qeyd edilən müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə uyğun olaraq ləğv edilməlidir. Həmin maddədə göstərilmişdir ki, tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya verilməli, həmçinin cavabdehlərdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Borclu, X2 və X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK/39910/67/18 saylı kredit sazişi, həmin müqavilə üzrə kredit borcunun restrukturizasiyasına dair xx.xx.2020-ci il tarixli razılaşma və xx.xx.2019-cu il tarixli İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri müqavilələri ləğv edilsin. Borclu, X2 və X1 müştərək qaydada 12977,14 manat əsas, 9792,91 manat faiz cəmi 22770 (iyirmi iki min yeddi yüz yetmiş) manat 05 (beş) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 166 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə Borclu, X2 və X1 müştərək qaydada 100 (yüz) manat tutularaq dövlət büdcəsinə köçürülsün. İddianın əsas borc tələbinin qalan 1370,96 manat, faiz borcu tələbinin qalan 1059,8 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-558/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-558/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver