Məhkəmə qərarları › İş №2(013)-72/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-72/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-72/2025 06.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 06 fevral 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 1250 (bir min iki yüz əlli) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, onun icarəsinə Ergi qəsəbəsində 5 il müddətə 41 ha torpaq sahəsi verilmiş, lakin icarə hüququna dair çıxarış almamışdır. Evində xəstə olduğu üçün torpaq sahəsinə nəzarət edə bilməmişdir. İbrahim onun qonşuluğunda icarəyə torpaq sahəsi götürmüşdür. Özünün icarəsində olan torpaq sahəsinə gələrkən İbrahimin çobanlarının oradan qoyun çıxardıqlarını görmüşdür. Bundan bir müddət sonra yenə də İbrahimin çobanları onun torpaq sahəsinə qoyun salmışlar. İbrahimə zəng edərək onun torpaq sahəsinə heyvan salmamalarını çobanlara tapşırmasını demişdir. Bir müddət sonra İbrahimin çobanları yenə də onun əkin sahəsinə heyvan salmışlar. İbrahimin qoyunlarının onun yonca sahəsinə girərək ziyan vurduqlarını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, Ağdam rayonunun Ergi qəsəbəsində ona dövlət tərəfindən 50 ha torpaq sahəsi 5 il müddətə icarəyə verilmiş və buna dair reyestr xidməti orqanından müvafiq çıxarış almışdır. Ona məxsus qoyunlar iddiaçının deyil, özünün icarəsində olan torpaq sahəsində otlamışlar. Daşınmaz əmlakın dövlət reyestri xidmətinin əməkdaşları əkin sahəsinə gələrək onun torpaq sahəsini ölçüb özünə təhvil vermişlər. İddiaçı ona məxsus torpaq sahəsini zəbt etdiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. Məhkəmə baxışında İddiaçı verdiyi izahatdan məlum olmuşdur ki, onun faktiki istifadəsində olan torpaq sahəsi dövlət qeydiyyatından keçməmişdir (icarə hüququna dair çıxarış verilmmişdir). Qanunvericiliyə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət zəmanət vermir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət zəmanət vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda məhkəmədə məlum olmuşdur ki, Cavabdeh icarəsinə Ağdam rayonunun Ergi ərazisi qış otlaq sahəsində yerləşən 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, onunla Ağdam Rayon İcra Hakimiyyəti arasında xx.xx.2024-cü ildən xx.xx.2029-cu ilədək beş il müddətə icarə müqaviləsi bağlanmış və Cavabdeh qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2024-cü il olan hüquqların dövlət qeydiyyatına dair çıxarışla təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilmişdir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdeh iddiaçıya zərər vurması məhkəmə baxışında təsdiq olunmamışdır. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 1250 (bir min iki yüz əlli) manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar