Məhkəmə qərarları › İş №2(013)-846/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-846/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-846/2024 02.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra- İddiaçı QSC BOKT) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn ödənilməmiş əsas borc üzrə 1268.57 manat, faiz borcu üzrə 14.23 manat, olmaqla cəmi 1282.80 manat məbləğində pulun və ödənilmiş 32.83 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X2 izahatında iddia tələbini müdafiə etdiyini, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 750№-li Fərnanının icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli, S-FK-1197 saylı təhfil-təslim Akti əsasında İddiaçı QSC BOKT-a təhfil verildiyini, Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1№-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi”nə əsasən Cavabdeh 36 ay müddətinə illik 1 % dərəcəsi tətbiq edilməklə 1632.48 manat məbləğində kredit vəsaitinin verildiyini, buna müvafiq olaraq tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nə əsasən, kreditin və kredit faizlərinin borcalan tərəfindən banka qaytarılmasının müddətlərinin və qaydasının müəyyən edildiyini, lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görmədiyini, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 1268.57 manat, faiz borcu üzrə 14.23 manat, olmaqla cəmi 1282.80 manat məbləğində borcunun bu günə qədər ödənilməmiş qaldığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1№-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi”dən və onun tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, illik 1 % olmaqla, 1632.48 manat məbləğində kredit 36 ay müddətinə ödəmək şərti ilə borclu Cavabdeh verilmişdir. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc üzrə 1268.57 manat və faiz borcu üzrə 14.23 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 1268.57 manat və faiz borcu üzrə 14.23 manat pul tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 32.83 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiacıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1268.57 manat əsas borc və 14.23 manat faiz borcu olmaqla, cəmi 1282.80 (bir min iki yüz səksən iki manat səksən qəpik) manat pul və ödənilmiş 32.83 (otuz iki manat səksən üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar