Məhkəmə qərarları › İş №2(013)-94/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-94/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-94/2024 10.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı əmlak və ya dəyərinin tələbi barədə mülki işə 10 yanvar 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 129 ədəd 5 metrlik mil, 180 ədəd 6 metrlik mil, 2300 metr reyka, 6 kub döşəmə taxtası, 4 kub tavan materialı, 60 ədəd çardaq materialı, 700 manat dəyərində avtomobilin ehtiyat hissələri, 800 manat dəyərində bir ədəd su mühərrikinin naturada və ya onların dəyəri olan 9500 (doqquz min beş yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Yunis Xəlilov onun qardaşı Araz Zeynalovun qaynıdır. Bundan əlavə Yunislə kirvə olmuşlar. Arazla Yunis qonşuluqda yaşayırlar. 2016-cı ildə 129 ədəd 5 metrlik mil, 180 ədəd 6 metrlik mil, 2300 metr reyka, 6 kub döşəmə taxtası, 4 kub tavan materialı, 60 ədəd çardaq materialı alaraq onları «Kamaz» markalı avtomobillə Bərdə şəhərinə qardaşı Araz Zeynalovun yaşadığı evin həyətinə gətirmişdir. Bundan başqa Arazın həyətində ona məxsus 700 manat dəyərində avtomobilin ehtiyat hissələri və 800 manat dəyərində bir ədəd su mühərriki olmuşdur. Yunis materialları ondan almaq istəmiş, lakin qiymətdə razlaşmamışlar. Sonradan Yunis həmin əmlakları Arazın həyətindən aparmışdır. Qohum olduqları üçün Yunisin barəsində polisə şikayət etməmişdir. Tələb etməsinə baxmayaraq cavabdehdən əmlaklarını geri ala bilmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, Rafayılın qardaşı Arazın həyətində tikinti materialları görməmişdir. Heç vaxt Rafayıldan tikinti materialları istəməmiş və almamışdır. Rafayıl qardaşı Arazla münaibəti olmadığından ona qarşı hazırki iddianı qaldırmışdır. İddiaçı tələb etdiyi əmlakların onun sahibliyində olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı tərəf 129 ədəd 5 metrlik mil, 180 ədəd 6 metrlik mil, 2300 metr reyka, 6 kub döşəmə taxtası, 4 kub tavan materialı, 60 ədəd çardaq materialı, 700 manat dəyərində avtomobilin ehtiyat hissələri, 800 manat dəyərində bir ədəd su mühərrikinin mövcudluğunu və onların cavabdehin qanunsuz sahibliyində olmasını məhkəmədə sübut edə bilməmişdir. Göstərilən səbəbdən İddiaçının tələbi təmin edilə bilməz. İddiaçı tərəf məhkəmədə verdiyi izahatında sözügedən əmlakları özünün qardaşının həyətinə yığdığını və cavabdehin həmin yerdən tələb edilən əmlakları apardığını göstərsə də, bu halı sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iddiaçı öz tələblərini məhkəmədə əsaslandıra bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X2 qarşı 129 ədəd 5 metrlik mil, 180 ədəd 6 metrlik mil, 2300 metr reyka, 6 kub döşəmə taxtası, 4 kub tavan materialı, 60 ədəd çardaq materialı, 700 manat dəyərində avtomobilin ehtiyat hissələri, 800 manat dəyərində bir ədəd su mühərrikinin naturada və ya onların dəyəri olan 9500 (doqquz min beş yüz) manat alınaraq ona verilməsi barədə tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar