Məhkəmə qərarları › İş №2(013)-94/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-94/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-94/2025 10.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Xaləddin Atakişiyev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7400 manat borcun və 94 manat dövlət rüsumu olmaqla, cəmi 7494 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh ondan xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 1400 manat, xx.xx.2022-ci il tarixdə isə 2000 manat məbləğində pulu bir neçə ay ərzində qaytarmaq şərti ilə borc kimi almışdır. Cavabdeh ondan aldığı 7400 manat məbləğində borcu bir neçə ay ərzində qaytaracağına söz versə də sözünü tutmamış, ondan aldığı borcu bu günə kimi qaytarmamışdır. Cavabdeh borcların alınmasına dair öz xətti ilə qəbzlər yazmışdır. Ona görə də pullarının geri qaytarılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi, əlavə olaraq göstərdi ki, ankoloji xəstədir, səhhətində ciddi problemlər var. Cavabdehla çörək kəsmilşlər, münasibətləri olub. Cavabdeh borc kimi ondan 7400 manat pul almış, lakin qaytarmamışdır. Belə ki, cavabdehin Bakı şəhəri Şüvəlan qəsəbəsində kimlərə isə borcu olmuş, həmin pul sahibləri cavabdehi incitmişlər, pullarını tələb etmişlər, cavabdeh isə xahiş etmişdir ki, ona borc pul versin. Cavabdehə borc vermiş, bunun əvəzində cavabdeh ona kart vermiş, lakin sonra isə kartın qarşısını bağlatmışdır. Cavabdeh artıq onun telefon zənglərinə də cavab vermir. Cavabdeh bildirir ki, borc sahiblərinin əlindən qaçıb gizlənib. Dəfələrlə cəhd göstərmiş, lakin cavabdeh onu aldatmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini bir daha xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən qəbul etdi. Göstərdi ki, həqiqətən də İddiaçı xx.xx.2022-ci il tarixdə 4000 manat % ilə pul götürmüşdür, həmin məbləğdən ayda 4-5 il 400 manatdan olmaqla qaytarmış, borcun ödəmişdir. Lakin sonradan % borcları qaldığı üçün yenidən pul almadığı halda 1400 manata və yenə də pul almadığı halda 2000 manata qəbzlər yazmışdır. hazırda hesab edir ki, onun iddiaçıya cəmi 3400 manat borcu qalır. İddiaçı ilə heç cür razılşa bilmir. İddiaçı pulların hamısını tələb edir ki, onları bir dəfəyə verməyə imkanı yoxdur. Hazırda fəhləliklə məşğuldur, rəsmi iş yeri yoxdur. Bakıda ayrı-ayrı adamların evlərində qalır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 10 sentyabr 2013-cü il tarixdə verilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 1977-ci il təvəllüdlüdür, Ağdam Rayon Qiyaslı kəndinin qeydiyyatındadır. Ərizəyə əlavə edilmiş hazırkı Cavabdeh tərəfindən yazılmış sadə yazılı qəbzlərdən görünür ki, o, İddiaçı xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 1400 manat, xx.xx.2022-ci il tarixdə isə 2000 manat məbləğində pulu borc olaraq almışdır. Ərizəyə əlavə edilmiş xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq da edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və yadigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən etiraf etdi, borclarını qismən ödədiyini bildirdi, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etmədi. Cavabdeh həmin qəbzləri yazmasının səbəbləri ilə bağlı ziddiyyətli izahatlar verir, gah pul aldığını, gah da pul almayaraq qəbzlər yazdığını bildirir, iddiaçının onu hansı isə işə düzlətdiyini, lakin orada az bir müddət işlədiyi kimi öz mülahizələrini bildirməklə məhkəməyə iddia tələblərinin təkzibi ilə bağlı hər hansı əsası olan sübutlarını təqdim etmək niyyətində olmadığını bildirir. İddiaçı iddia tələblərində israr edir, cavabdehə 4000 manat bir, 1400 manat bir dəfə və 2000 manat bir dəfə, ümumilikdə 7400 manat həmin məbləğləri verdiyini, cavabdehin həmin məbləğdən heç bir məbləğdə pul qaytarmadığını, bu barədə cavabdehin yazdığı məhkəməyə təqdim etdiyini bildirir, cavabdehin ondan gizləndiyini, telefonlara cavab vermədiyini, tələblərinin təmin edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı 94 manat dövlət rüsumu ödəmişdir ki, həmin məbləğ də cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 7400 manat məbləğində pul, 94 manat dövlət rüsumu kimi ödənilən məbləğ tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh – 7.400 /yeddi min dörd yüz/ manat pul və dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 94 /doxsan dörd/ manat, cəmi 7494 (yeddi min dörd yüz doxsan dörd) manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar