Məhkəmə qərarları › İş №2(014)-1027/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1027/2022

01.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1027/2022 01.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə Bakı- Qazax yolunun 272-ci km-də bir baş buzov heyvanı nəzarətsiz qoyması nəticəsində "xxxx" MMC-yə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Nissan Navara” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Azərbaycan Respublikası DİN BDYPİ-nin KYP 162717 saylı X1 Protokolunda öz əksini tapmışdır. 26.02.206-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Nissan Navara” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 3515 (üç min beş yüz on beş) manat ziyan dəymişdir. MİP № **********3 saylı sığorta müqaviləsinə və № 025360 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 100 (yüz) manat çıxmaqla 3415 (üç min dörd yüz on beş) manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 3415 (üç min dörd yüz on beş) manat dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən “Nissan Navara” markalı, ** PZ *** avtomaşına vurulan ziyanın əvəzində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 3415 (üç min dörd yüz on beş) manat sığorta ödənişi məbləği və 54,45 AZN məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını iştrakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 10 mart 2016-cı il tarixli, № 025360 saylı sığorta aktından görünür ki, "xxxx" MMC-yə məxsus “Nissan Navara” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil nəzarətsiz buraxılmış iribuynuzlu heyvanla toqquşmuşdur. xx.xx.2015-ci il tarixdə nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 100 AZN franşiza çıxılmaqla 3415 (üç min dörd yüz on beş) AZN sığorta ödənişi hesablanmışdır. İşin materiallarında olan xx.xx.2016-cı il tarixli, 815 saylı məxaric xəzinə orderindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən № 025360 saylı akta əsasən 3415 (üç min dörd yüz on beş) AZN sığorta ödənişi həyata keçirilmişdir. İşin materiallarında olan xx.xx.2016-cı il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan görünür ki, zədələnmiş “Nissan Navara” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 3515 (üç min beş yüz on beş) manat həcmində olması müəyyən edilmişdir. İşin materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş № KYP 162717 saylı, xx.xx.2015-ci il tarixli X1 protokolun surətindən görünür ki, mal otaran Cavabdeh xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.4.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İşin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişi əsasında üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 54,15 (əlli dörd manat, on beş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə iribuynuzlu heyvanı nəzarətsiz qoymuş, heyvan asvalt örtüklü yola çıxmış “Nissan Navara” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə 3515 (üç min beş yüz on beş) manat maddi ziyan vurulmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək 100 manat franşiza çıxılmaqla 3415 (üç min dörd yüz on beş) manat sığorta ödənişi həyata keçirilmiş, nəticədə Cavabdeh subroqasiya qaydasında 3415 (üç min dörd yüz on beş) manat məbləğində borcu yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehdan 3415 (üç min dörd yüz on beş) manat məbləğində sığorta ödənişi və 54,45 (əlli dörd manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehdan 3415 (üç min dörd yüz on beş) manat məbləğində sığorta ödənişi və 54,45 (əlli dörd manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar