Məhkəmə qərarları › İş №2(014)-1044/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1044/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1044/2021 16.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair əmr qaydasında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, borclu Cavabdeh 01.04.2018-ci il tarixdə ona məxsus, hansıki Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “P.A.R TELECOM” mağazasına yaxınlaşaraq 2868 manat dəyərində 01 ədəd mobil telefon almaq istədiyini bildirmişdir. Lakin həmin tarixdə onun yetəri qədər maddi imkanı olmadığı üçün mobil telefonu müqavilə yazaraq almağa razılaşmışlar. Bundan sonra borclu Cavabdeh hissə-hissə 24 ay (hər ay 119 manat 50 qəpik) ödəmək şərti ilə mobil telefon satmışdır. Borclu Cavabdeh tərəfindən bu günə kimi cəmi 1997 manat ödəniş edilmiş, hazırda qalan borcunu ödəməkdən boyun qaçırır. Hər dəfə şifahi və yazılı xəbərdarlıq etməyinə baxmayaraq məsuliyyətdən qəsdən yayınır. Hal-hazırda borclu Cavabdeh əsas borcu 871 manat və cərimə borcu 129 manat təşkil edir. Nəticədə Cavabdeh həmin borcun və dövlət hesabına ödənilmiş rüsumun tutularaq ona ödənilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(014)-1044/2021 saylı məhkəmə əmri ilə Cavabdeh İddiaçı xeyrinə 871 manat və cərimə borcu 129 manat, cəmi 1000 (min) məbləğində pul və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. 31 may 2021-ci il tarixdə Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(014)-1044/2021 saylı əmrinə dair etiraz verərək, əmrin ləğv edilib iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07 iyun 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmrinə etiraz geri qaytarılmışdır. Həmin qərardaddan borclu Cavabdeh şikayət vermiş, məhkəmənin 24.06.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(014)-1044/2021 saylı əmri ləğv edilmiş, kreditor İddiaçı borclu Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında baglanmış 01.04.2018-ci il tarixli, № 680 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, hər ay 119,50 manat ödəmək şərtilə 2868 manat satış qiyməti olan mobil telefon verilmişdir. İşin materiallarında olan 01.04.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 01.05.2018-ci il tarixdən başlayaraq 01.04.2020-ci il tarixədək hər ay 119,50 manat ödəniş etməli idi. İşin materiallarında olan 28.02.2021-ci il tarixli, № 680 saylı arayışdan görünür ki, Cavabdeh 28.02.2021-ci il tarixədək № 680 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 871 manat əsas borcu, 129 manat cərimə borcu, ümumilikdə 1000 manat borcu vardır. İşin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 27.11.2019-cu il və 28.02.2021-ci il tarixli pretenziya məktublarından görünür ki, Cavabdeh İddiaçı tərəfindən nisyə alqı-satqı müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə ərizə ilə müraciət etmək üçün 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.04.2018-ci il tarixli, № 680 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, hər ay 119,50 manat ödəmək şərtilə 2868 manat satış qiyməti olan mobil telefon verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun İddiaçı əsas borc üzrə 871 manat, cərimə borcu üzrə 129 manat, ümumilikdə 1000 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 01.04.2018-ci il tarixli, № 680 saylı nisyə alqı-satqı müqaviləsinə üzrə cərimə borcu 87 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehin maliyyə vəziyyətini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 871 (səkkiz yüz yetmiş bir) manat əsas, 87 (səksən yeddi) manat cərimə, ümumilikdə 958 (doqquz yüz əlli səkkiz) manat məbləğində borc məbləği və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 871 (səkkiz yüz yetmiş bir) manat əsas, 87 (səksən yeddi) manat cərimə, ümumilikdə 958 (doqquz yüz əlli səkkiz) manat məbləğində borc məbləği və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar