Məhkəmə qərarları › İş №2(014)-1062/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1062/2025

26.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1062/2025 26.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh, Maraqlı şəxs iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı "yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı "yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə məhkəməyə müraciət edərək, xx.xx.2025 ci il tarixdə saat 15:00 radələrində törədilmiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh avtomobilinə vurmuş olduğu 2483 (iki min dört yüz səksən üç) manat ziyan və iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Nərimanov rayonu, X3 küçəsi 129/55 ünvanında yaşayır. Mülkiyyətində olan ”Vaz 21074” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan Maraqlı şəxs idarə edir. xx.xx.2025-cı il tarixdə saat 15:00 radələrində sürücü Maraqlı şəxs Ağdaş rayonu Ərəb kəndindən Ağdaş şəhəri istiqamətində öz hərəkət zolağında hərəkət edən zaman, qarşıdan gələn “Vaz 2101” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yolun əks hərəkət zolağına çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə mülkiyyətində olan “VAZ 21074” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəymişdir. Hadisə zamanı sürücü Maraqlı şəxs tibbi müayinədən keçmiş sərxoş olmadığı bilinmişdir. Bundan sonra “X8 Xidmət Stansiyası” MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixil 31 nömrəli aktda qeyd olunmuşdur ki, yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, 10- NX-917 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 883,00 manat, təmir xərci isə 1600 manat, cəmi 2483.00 manat ziyan dəymişdir. Belə ki, cavabdehin yəni, Cavabdeh əməlləri nəticəsində onun əmlakına ümumilikdə 2483.00 (iki min dört yüz səksən üç) manat ziyan dəymişdir. Həmin vurmuş olduğu 2483.00 (iki min dört yüz səksən üç) manat ziyanı Cavabdeh tələb etsə də, ssonuncu həmin ziyanı ödəməkdən imtina edir. Hesab edir ki, Cavabdeh tərəfindən avtomobilinə vurulmuş 2483.00 (iki min dört yüz səksən üç ) manat ziyan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, avtomobil ona məxsusdur, dəymiş ziyanın ödənilməsini istəyir. Pünhan və Nicatın avtomobilləri toqquşması nəticəsində 2483 manat məbləğində ziyanlıq dəymişdir. Bugünə qədər cavabdehlə danışmalarına baxmayaraq cavabdeh onlara heç bir ödəniş etməmişdir. Cavabdeh ilə aralarında razılıq əldə olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının avtomobilinə ziyanlıq vurmuşdur. Dəfələrlə evlərinə gedərək avtomobili düzəltdirməsi ona verməsini tələb etsə də, iddiaçı razı olmamışdır. Bu barədə telefon danışıqları aparsalar da, heç bir nəticəsi olmamışdır. Avtomobilə ziyan vurulmuşdur, lakin həmin ziyan 2500 manat məbləğində deyil. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, hadisə 2025-ci ilin mart ayında baş vermişdir. Hadisədən sonra Pünhan onlara yaxınlaşaraq usta gətirəcəyini bildirmiş, lakin onlar razı olmayaraq servisə aparıb orada təmir etdirməsini demişlər. hazırda avtomobil həyətdədir, vurulmuş vəziyyətdədir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 23 iyul 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, ”Vaz 21074” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Maraqlı şəxs etibar edilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilən 23 mart 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol görünür ki, Xəlilov X2 Xətallar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilən 23 mart 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşin materiallarında olan “X8 xidmət Stansiyası” MMC tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli, 31 saylı aktdan görünür ki, avtomobilin ehtiyat hissələrinə dəyən ziyanlıq 883 manat, təmir xərci 1600 (min altı yüz) manat, ümumilikdə avtomobilə dəyən ziyan 2483 (iki min dörd yüz səksən üç) manat təşkil edir. İşin materiallarında olan Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 3/13-62/2-1718/2025 saylı nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da Ağdaş rayon Ərəb kənd ərazisində yol-nəqliyyat hadisəsində “Vaz 21074” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində xarici əzintilər olmuşdur. İşin materiallarında olan foto şəkillərdən məlum olur ki, qəza nəticəsində avtomobillərə ziyan dəyişmişdir. İşin materiallarında olan X4 tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli 0280 saylı nəqliyyat vasitəsinin qiymətləndirilməsi barəsə hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində ”Vaz 21074” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla 2100 manat məbləğində müəyyən olunmuşdur. İşin materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı 350 manat məbləğində ekpert xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı mülkiyyətində olan ”Vaz 21074” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında Maraqlı şəxs etibar etmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində sürücü Maraqlı şəxs Ağdaş rayonu Ərəb kəndindən Ağdaş şəhəri istiqamətində öz hərəkət zolağında hərəkət edən zaman, qarşıdan gələn “Vaz 2101” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yolun əks hərəkət zolağına çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçının mülkiyyətində olan “VAZ 21074” markalı, **-NX- *** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəymişdir. “X8 Xidmət Stansiyası” MMC tərəfindən dəymiş ziyan 2483 manat hesablanmış, X5 tərəfindən avtomobilə dəymiş ziyan 2100 manat hesablanmışdır. Cavabdeh həmin məbləği qəbul etməyərək ziyanın həddindən artıq çox hesablandığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı "yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 2100 (iki min yüz) manat məbləğində dəymiş ziyan, 41 (qırx bir) manat ödənilmiş dövlət rüsumu və 350 manat məbləğində ekspertiza xərci alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı "yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat məbləğində dəymiş ziyan, 41 (qırx bir) manat dövlət rüsumu və 350 manat məbləğində ekspertiza xərci alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar