Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1064/2025 12.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "cinayət işi üzrə dəymiş ziyan" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "cinayət işi üzrə dəymiş ziyan" tələbinə dair mülki iş üzrə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu 6400 manat maddi və 2000 manat mənəvi zərər və ödənilmiş 104 (yüz dörd) manat dövlət rüsumu mülki iddiaçı X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə təxminən 18:30 radələrində Ağdaş rayonu Yuxarı Ləki kəndi ərazisində yerləşən “Halal” marketin qarşısında yolu əks tərəfində aftobusdan düşüb, yolun əks tərəfində yerləşən “Halal" marketə getmək üçün yolun hərəkət hissəsində yerə çəkilmiş piyada zolağına daxil olarkən, yolun hərəkət hissəsində avtomobillərin hərəkətdə olmasını müşahidə etdiyi üçün həmin yol ilə Ağdaş rayonu, Yuxarı Ləki kəndi Bakı-Qazax Avtomagistral yolu istiqamətində hərəkətdə olan avtomobili gözlədiyini, lakin həmin avtomobilin sürücüsü piyada keçidinə təxminən 2-3 metr qalmış avtomobilini saxlayaraq ona yol vermişdir. Bu səbəbdən piyada keçidi üzərində hərəkətini davam etdirmiş və bu zaman üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olan avtomobilin sürücüsü onu görməyərək piyada keçidinin üzərində vurmuşdur. Zərbənin təsirindən bir neçə metr kənara yolun hərəkət hissəsində asvaltın üzərinə düşmüşdür. Daha sonra heçnə xatırlamamışdır. Lakin xəstəxanada bir müddət sonra ayılmış, çox ağrısı olub, əməliyyat olunmuşdur. Orda Cavabdeh məxsus avtomobil ilə vurulması nəticəsində bədən xəsarətləri aldığından xəbərdar olmuşdur. Bir müddət sonra evdə yataq şəraitində müalicəsini davam etdirmişdir. Onunla heç kim maraqlanmamışdır. Hətta müstəntiq belə ifadəsini almamışdır. 102 qaynar xəttinə və mia.gov.az internet üzərindən şikayətini bildirmişdir. Bundan sonra gəlib evdə onun ifadəsini almışlar və onu zərərçəkmiş kimi tanıdılar. Beləliklə də, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onu da qeyd edir ki, o, tək yaşayır. Himayəsində iki azyaşlı övladı var. Bu hadisə baş verən tarixə qədər özü də müəyyən əmək fəaliyyəti ilə məşğul olurdu. 400-450 manat civarında əmək haqqı alırdı. Lakin xəsarət aldığı vaxtdan həmin əmək haqqından məhrum olmuşdur. Bundan əlavə müalicə üçün həkimlərin evə gəlib-getmələri, tibb bacılarının sistem köçürmələri üçün əlavə xərcləri çıxmışdır. Çoxlu sayda həkimlərin yazdığı dərman ləvazimatlarının əldə edilməsi üçün xeyli miqdarda vəsaitə ehtiyacı olub. Yaxın qohumları həmin ərəfə də ona maddi və mənəvi dəstək olmuşlar. Aldığı ağır bədən xəsarətlərinin müalicəsi üçün sərf etdiyi vəsait qohumları tərəfindən qarşılanıb və nəticədə onlara borclu qalmışdır. Həmçinin iki azyaşlı övladı təlim tərbiyəsi və tədrisi ilə məşğul olmağı qeyri mümkün olmuşdur. Müalicəsinə və dərman ləvazımatlarnın alınmasına 1800 manat məbləğində vəsait xərclənmişdir. Həmçinin yataq xəstəsi olduğu müddətdə baxıcıya ayda 300 manat ödəməklə ona 6 ay xidmət göstərmişdir və həmin xidmətçiyə ümumilikdə 1800 manat ödəniş edilməlidir. Bundan əlavə olaraq hər ay qazandığı 400 manat əmək haqqının 7 aydır ki işdən tədric olduğu üçün cəmi 2800 manat vəsaitdən də məhrum olmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi bu cinayət nəticəsində Ağdaş rayon mərkəzi xəstəxanasına onu yerləşdirməklə kifayətlənmiş və bir daha onunla maraqlanmamışdır. Mülki Cavabdeh vurduğu maddi və mənəvi zərərə görə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul və ödənilmiş 104 (yüz dörd) manat dövlət rüsumu alınaraq ona ödənilməsini xahiş edir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, ona dəymiş ziyanı tələb edir. 1 aydır marketdə işə başlamışdı, 400 manat əmək haqqı alırdı. Hadisə baş verdikdən sonra o, işə gedə bilməmiş və əmək haqqını itirmişdir. Onun əmək müqaviləsi olmamış, müəssisə rəhbəri şahid qismində ifadə verməkdən imtina etdiyi üçün məhkəməyə gətirə bilmir. Hadisədən sonra o, 6 ay yataq xəstəsi olduğundan yaxınları tərəfindən baxıcı tutulmuş və hər ay ona 300 manat pul vermişdir. Həmin baxıcını məhkəməyə şahid qismində gətirmək mümkün deyil, çünki qardaşı icazə vermir. Xəstəliyi müddətində aldığı dərmanların qəbzlərini aptekdən tələb etməmiş, çünki bu cür problemlə qarşılacağını bilmirdi. Cavabdeh ona köməklik edəcəyini bildirsə də, 2500 manat ödəniş etmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddia tələbi ilə razı deyil. İddiaçıya gücü çatan köməklik etmişdir. Xəstəxanada iddiaçıya 2500 manat ödəniş etmişdir. Evə çıxdıqdan sonra iddiaçının qardaşı ona zəng vurub dərman alacaqlarını bildirmiş, o, isə aptekə gedərək 64 manat dərmanlara pul vermişdir. Daha sonra bir neçə dəfə iddiaçının evinə gedərək bazarlıq aparmışdır. İddiaçı ərizəsində göstərdiyi məbləğləri xərcləməsinə dair heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbini əsassız hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 1(014)-61/2024 saylı 15 may 2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 26 yanvar 2024-cü il tarixli “cinayət içinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq Ağdaş rayon Polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı Xəyal Dolxanovun icraatına qəbul olunmuşdur. 30 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı bədənində olan xəsarətlər sağ bud sümüyünün aşağı 1/3-nin qəlpəli yerini dəyişmiş sınığı, qol körpücük sümüyünün distal ucunun yerdəyişməyən sınığı, sağ diz oynağında hərəkətlərin tam məhdud olması, sağ bud çanaq oynağında hərəkətlərin nisbi məhdudluğu, küt alət təsirindən törənmiş, törənmə müddətləri 18 oktyabr 2023-cü il tarixə uyğun gəlir, ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla dayanıqlı itirilməsinə səbəb olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlər aiddirlər. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 18 oktyabr 2023-cü il tarixli 425 saylı aktından görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmamışdır. “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” Publik hüquqi şəxs “X10 Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 01 may 2024-cü il tarixli 18-1-22/2-616/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini, xx.xx.1990-cı il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə TTTYS briqadası tərəfindən Təcili yardım bölməsinə “Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişən və qəlpəli sınığı. Döş qəfəsinin əziyi. Hər iki çiyinin əziyi” diaqnozları ilə gətirilmiş, ilkin tibbi yardım göstərilmiş, Reanimasiya şöbəsinə “Burmaaltı sınıq. Sağ bud sümüyünün aşağı 1/3-nin yerinidəyişmiş qəlpəli sınığı. Sol körpücük sümüyünün distal ucunun yerdəyişməyən sınığı” diaqnozları ilə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə müalicəsinin davam etdirilməsi üçün köçürülmüş, xx.xx.2023-cü il tarixdə TTTYS briqadasının nəzarətində nisbi yaxşılaşma ilə ambulator müayinəyə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə həkimcərraha müraciət etmiş, həkim təyinatı ilə Fizioterapiya şöbəsində xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “Masaj (15 dəqiqə)”, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “Parafin applikasiyası (1 nahiyə), Masaj (15 dəqiqə)” xidmətlərindən istifadə etmiş, xx.xx.2024-cü il tarixdə həkim- travmatoloqa “Burmaaltı sınıq. Oynaqda ağrı” diaqnozları ilə növbəti müayinəsi üçün müraciət etmişdir. X3 göstərilmiş stasionar və ambulator tibbi xidmətlər “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi’nə daxildir. X1 ona göstərilmiş tibbi xidmətlərə görə Ağdaş RMX PHŞ-yə ödəniş etməmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı 104 (yüz dörd) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı xx.xx.2023-cü il tarixində piyada keçidi üzərində hərəkət edərkən, Cavabdeh öz avtomobili ilə iddiaçını vurmuş, zərbənin nəticəsində iddiaçı bədən xəsarətləri aldığından xəstəxanaya aparılmış və orada müalicə edilmişdir. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 1(014)-61/2024 saylı 15 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində müalicəsinə və dərman ləvazımatlarının alınmasına 1800 manat məbləğində vəsait xərcləndiyini bildirsə də, həmin faktları aşkar edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, bu fakt Ağdaş RMX-nın 01 may 2024-cü il tarixli məktubu il təkzib olunur. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı yataq xəstəsi olduğu müddətdə baxıcıya ayda 300 manat ödəməklə ona 6 ay xidmət göstərildiyini və həmin xidmətçiyə ümumilikdə 1800 manat pul ödədiyini bildirsə də, nə baxıcı məhkəməyə şahid qismində gətirilməmiş, nə də ona ödəniş etməsi barədə sübut təqdim etməmişdir. Daha sonra iddiaçı hadisə baş verən tarixə qədər müəyyən əmək fəaliyyəti ilə məşğul olduğunu, 400-450 manat civarında əmək haqqı aldığını, lakin xəsarət aldığı vaxtdan həmin əmək haqqından məhrum olduğunu bildirsə də, onun tərəfindən nə əmək müqaviləsini, nə də ki, işləməsi barədə hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsi). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Eyni zamanda, istər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə istənilən şəxsin hüququnun pozulmasının müəyyən olunması, özlüyündə mənəvi ziyanın mövcudluğunu ehtiva edir. Məhkəmə iddiaçıya mənəvi zərərin vurulmasını müəyyən etsə də, hesab edir ki, iddiaçının mənəvi zərərə görə cavabdehdən tələb etdiyi 6400 (altı min dörd yüz) manat ağlabatan deyildir və buna görə də Cavabdeh mənəvi zərərə görə 1000 manat məbləğində pul alınaraq İddiaçı verilməsini ədalətli və ağlabatan hesab edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mənəvi zərər görə 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 30 (otuz) manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 30 (otuz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1064/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1064/2025
12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver