Məhkəmə qərarları › İş №2(014)-111/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-111/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-111/2021 01.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Fərdi yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda cavabdehin yaşadığı Ağdaş rayonu,Əmirarx kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə onunla birgə nikahdan anadan olmuş uşaqları xx xxxxxx 2013-cü il təvəllüdlü X11 və xx xxxx 2015-ci il təvəllüdlü X7 ilə birlikdə köçürülməyi,yaşayış evindən həyətyanı torpaq sahəsindən və digər yardımçı sahələrdən istifadə qaydalarının cavabdehlə bərabər hüquqda müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, o, cavabdeh ilə 2012ci ildə faktiki olaraq ailə münasibətlərinə daxil olaraq, nikahlarını xx xxx 2015-ci ildə rəsmiləşdirmişlər. Qeyd edir ki, o, cavabdehlə 2008-ci ildə nişanlanmışdır. Məhz həmin vaxtı atası ona hədiyyə olaraq öz həyətinin yanında 48 sot torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsində Cavabdehla birgə ev inşa etməyə başlamışlar. Evi onun atası tikmişdir. Atası evi tiksə də,evin materiallarını Rəşid almışdır. Atası evin tikilməsinə görə usta haqqı almamışdır. Atası yalnız onlar üçün ev inşa etməmiş, həmçinin həyətdə bağı da atası salmışdır. 2012-ci ildə evin tikintisi qurtarmış və o, həmin evə gəlin köçmüşdür. Hesab edir ki, mübahisə predmeti olan ev qeydiyyata alınmasa da, onların birgə mülkiyyətidir. Qeyd edir ki, o da övladları da həmin evdə qeydiyyatdadır. Cehiz əmlakı da mübahisə predmeti olan həmin evdədir. Onun cavabdeh ilə arasındakı münasibətlər pozulmuş və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqlar onun himayəsində saxlanılmışdır. Cavabdeh onu və övladlarını mübahisə predmeti olan fərdi yaşayış evindən qovaraq, onlara həmin evdə yaşamağa imkan vermir. Hesab edir ki, iddiası əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iş üzrə iddiaçı ilə 2008-ci ildə nişanlanmışdır. İddiaçının atasının həyətinin yanında bələdiyyə torpağını alaraq həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etməyə başlamışlar. Evi iddiaçının atası inşa etsə də, iddiaçının atasına usta haqqı olaraq 1400 manat pul ödəmişdir. Hesab edir ki, evin bütün tikintisinin xərcini özü çəkmişdir. Qeyd edir ki, evin tikintisi 2012-ci ildə başa çatdıqdan sonra o, iddiaçı ilə evlənmiş və iddiaçı həmin evə gəlin gəlmişdir. İki övladı da həmin evdə dünyaya gəlmişdir. Lakin daha sonra iddiaçı ona xəyanət etdiyindən boşanmışlar. Həmçinin nəzərə çatdırır ki, iddiaçı könüllü olaraq evi tərk etmişdir. Hazırda iddiaçı ilə münasibətləri pis olduğu üçün mübahisə predmeti olan iki otaqlı evdə onların bir yerdə yaşamaları mümkün deyildir. Belə olan halda iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş üzrə şahid Nəzir Qəhrəmanov məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, iddiaçının atasıdır. O, öz torpaq sahəsindən 0,48 sotunu qızı nişanlı olarkən yəni 2008-ci ildə qızına hədiyyə vermiş, odur ki, tərəflər nişanlı vaxtı həmin torpaq sahəsində mübahisəli fərdi yaşayış evini tikdirməyə başlamışlar. Evi o inşa etmişdir. Qeyd edir ki, adi vaxtı belə bir evin tikintisi üçün 5000 manat usta haqqı alardısa, bu qızının evi olduğu üçün 1300 manat pul almışdır, belə ki, həmin pulu da fəhləsinə vermişdir. Nəzərə çatdırır ki, evin tikintisi 2012-ci ildə başa çatmışdır. Odur ki, qızı təzə tikilmiş evə gəlin köçmüşdür. Daha sonra tərəflər arasındakı münasibətlər pisləşmiş, tərəflər ayrılmışlar, cavabdeh iddiaçını evdən çıxartmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanılmış nikah Ağdaş rayon Qeydiyyat şöbəsində xx xxx 2015-ci ildə 87 № ilə qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxxx 2013cü ildə anadan olmuş X11 və xx xxxx 2015-ci ildə anadan olmuş X7 adlı iki uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-in Güvəkənd kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, X3 zəbt torpaq sahəsində yeni yaşayış evi tikdirilmişdir. Lakin təsərrüfatbaşına kitabda rəsmi qeydiyyata alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-in Güvəkənd kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, X1 rayonu,Əmirarx kəndində yaşayır. Şəxsin JN-164A,KOD90304028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə bu adda ailə üzvləri vardır: X8,X2,X12,X9 və X4. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Güvəkənd bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, X3 məxsus torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən 0,54 ha həyətyanı torpaq sahəsi vardır.Şəxsin həyətyanı torpaq sahəsindəki 0,48 ha zəbt torpağı pay torpağından ikiqat hesablanaraq 0,96 ha ona verilmiş torpağındn çıxılaraq həyətindəki zəbt torpağı nəzərə alınmışdır. Şəxsin zəbt torpağında yeni yaşayış evi tikilmişdir. Əmirarx kəndində islahat aparılan zaman hər nəfərinə 0,40 ha pay torpağı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair dovlət aktından (JN 0006, KOD 90304028) görünür ki, X8, X2, X6 və X5 ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Əmirarx kəndində yerləşən 0,64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN164A,KOD90304028 saylı şəhadətnamənin sürətindən görünür ki, X8, X2, X4,X9 və X5 ümum birgə mülkiyyətinə Ağdaş rayonu Əmirarx kəndində yerləşən 0,54 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinin cavab məktubundan görünür ki, Ağdaş rayon Əmirarx kəndində Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, tərəflər 2012-ci il tarixdə ailə quraraq mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikilidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsin əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1 -ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan 'torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər 2012-ci ildə faktiki ailə münasibətlərinə daxil olsalar da, nikahlarını 2015-ci ildə rəsmiləşdirmişlər. Lakin mübahisəli fərdi yaşayış evini tikdirməklə 2012-ci ildə həmin evə köçmüşlər. Mübahisəli fərdi yaşayış evi tərəflər ailə qurmadan öncə,nişanlı olarkən iddiaçının atasına məxsus zəbt torpaq sahəsində inşa edilməyə başlanmış, həmin evi iddiaçının atası inşa etmişdir. Lakin ev cavabdehin vəsaiti hesabına tikilmişdir. Yəni mübahisə predmeti olan evin inşasında hər iki tərəfin rolu olmuşdur. Özbaşına inşa edilmə nəticəsində tikilmiş olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, cavabdeh mübahisəli evə dair sərəncam vermək hüququna malik deyildir. Cavabdehin iddiaçını mübahisəli evə buraxılmaması nəticəsində iddiaçı yaşadığı evdən qanunsuz olaraq məhrum olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçıların yaşayış yeri sayıldığından və cavabdehin iddiaçını həmin evə buraxmaması səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olduqlarından, bununla da onlar, yaşadıqları evdən qanunsuz olaraq məhrum olunduğundan, iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, iddiaçı və övladları Ağdaş rayonu, Əmirarx kəndində yerləşən mübahisəli evdə qeydiyyatdadırlar. Şəxsin qeydiyyat yeri onun yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Bütün bu göstərilən hallara görə məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Tərəflərin əmlak və əsaslı mənafeləri nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin İddiaçı övladları xx xxxxxx 2013-cü ildə anadan olmuş X13 və xx xxxx 2015-ci ildə anadan olmuş X7 ilə birgə Ağdaş rayonu Əmirarx kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülsünlər, onların yaşayış evindən, həyətyanı torpaq sahəsindən və digər yardımçı sahələrdən istifadə qaydaları Cavabdeh ilə bərabər hüquqda müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar