Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1113/2023 30.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaxınlaşaraq lotareya satmaq yolu ilə qazanc əldə etmək istədiyini bildirmişdir. Cavabdeh1 ona 2100 manat depozit gətirməyini bildirmişdir. O, isə 600 manatının olduğunu bildirmiş və Cavabdeh1 600 manat vermiş, əvəzində müdiri kimi ona tanıtdırdığı Cavabdeh2 ona 530 manatlıq lotoreya vermiş, 70 manatın yerinə də lotareya verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh2 ona piştaxta verərək mərkəzi bazarda yer göstərmiş və o da satışa başlamışdır. xx.xx.2023-cü ildə Cavabdeh2 ondan 100 manatlıq lotareya götürmüşdür, içində uduş olanı və olmayanı da olmuşdur. Pulunu da verəcəyini demiş, ancaq verməmişdir. Həmin günü yenə Cavabdeh1 200 manat verərək lotareya almışdır. xx.xx.2023-cü ildə yenidən Cavabdeh1 təqribən 150 manatlıq lotareya götürmüş və satışa başlamışdır. Həmin günü Cavabdeh2 yenidən ondan 47 manatlıq lotareya götürmüş və pulunun əvəzinə də lotareya verəcəyini bildirmişdir. Həmin günü satış fəaliyyətini dayandırmış və əlindəki lotareyaları Cavabdeh1 aparıb qaytararaq lotareyanın verdiyi pulunu və müdiri kimi tanıtdığı Cavabdeh2 147 manat lotareya borcunu və 70 manat da ilkin olan borcunu istəmişdir. Bu zaman Cavabdeh1 ilk başda lotareyanı götürməkdə tərəddüd etsə də sonradan lotareyanın qiymətini 256 manat hesablayaraq götürmüşdür və pulunu da 2-3 saatdan sonra gəlib almağını bildirmişdir. Cavabdeh2 borcununda ona dəxli olmadığını bildirmişdir. 3 saatdan sonra Cavabdeh1 ona hələ pulunun olmadığını, lotareyanı bir neçə günə satıb sonra pulu qaytaracağını bildirmişdir. xx.xx.2023-cü ildə Cavabdeh1 pulunu istəməyə getdiyində pulunu pulunu vermədiyini, onu söyüb təhqir edərək qovmudur. Cavabdeh2 da pulunu istəmək üçün dəfələrlə zəng etsə də zənglərini açmamışdır. Cavabdeh pulunu qaytaracağını bildirsə də pulunu mənimsəmişdir. Bununla bağlı Polis şöbəsinə müraciət etmişdir. Hadisə ilə bağlı Ağdaş rayon Polis şöbəsində təhqiqat işi aparılmış, xx.xx.2023-cü il tarixli HK-1/781 saylı materialda cavabdeh borclarını ödəyəcəyini bildirsə də bugünədək onu aldadaraq borcu ödəməkdən boyun qaçırmışdır. Bu minvalla cavabdehlər ona maddi ziyanlıq vurmuşlar, bu günədək də onun pulunu mənimsəməyə davam edir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 256 manat pulun, Cavabdeh2 da 217 manat miqradında ona olan borcun alınaraq ona qaytarılması barədə qətnam çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, iddiaçıya 256 manat borcu olduğunu və qısa müddət ərzində ödəyəcəyini, Anarın isə Şəhriyariya yalnız lotereya satacağı yeri göstərdiyini və çıxıb getdiyini, Şəhriyara heç bir borcunun olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 11 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Ağdaş rayonu, Şıxlı kəndində yaşayan İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh1 600 manat dəyərində lotereya bileti almış, sonradan İddiaçı 256 manat dəyərində lotereya biletini Cavabdeh1 geri qaytarmış, nəticədə Cavabdeh1 iddiaçıya 256 manat borcu yaranmışdır. Digər Cavabdeh2 münasibətdə isə Cavabdeh2 İddiaçı lotereya biletinin satması və ya borcunun olmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Eyni zamanda Ağdaş rayon Polis şöbəsinin 11 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından da görünür ki, yalnız Cavabdeh1 iddiaçıya 256 manat borcu olması öz əksini tapmışsdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi iddiaçı Cavabdeh1 256 manat, Cavabdeh2 isə 217 manat borcu olduğunu bildirsə də, onlar arasında etibarlı borc müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur. Lakin işin faktiki halları ilə iddiaçının 256 manat pul vəsaitinin Cavabdeh1 olması müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 256 (iki yüz əlli altı) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 256 (iki yüz əlli altı) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1113/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1113/2023
30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver