Məhkəmə qərarları › İş №2(014)-1124/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1124/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1124/2023 02.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək geri qaytarmaq şərti ilə 13500 manat məbləğində borc vermişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2-ci maddəsinə əsasən borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 8-ci maddəsinə görə borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin cavabdeh müqavilənin qeyd edilən şərtlərini pozaraq kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh hazırkı tarixə 13500 manat borcu qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 13500 manat borc məbləğinin və 130,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. O, ağır tonnajlı nəqliyyat vasitələrini idarə edir. O, əslində iddiaçıdan heç vaxt borc almamışdır. İddiaçının da onunla daha əvvəldən heç bir münasibətinin olmamasına baxmayaraq, ona etibar edərək pul verməsi də məntiqsizdir. Əslində isə iddiaçı da onun kimi Rəmiş Cəfərov adlı şəxsin işçisi olmuşdur. Rəmiş Cəfərov hazırda külli miqdarda dələduzluğa görə həbs olunub. O, vaxtilə Rəmiş Cəfərovun şirkətində sürücü kimi işə başlayarkən işin xüsusiyyəti ondan ibarət olmuşdur ki, xarici ölkələrə yüklər daşımalı idilər. Lakin onlar guya sürücüyə daşıdıqları yükləri aparılan ölkədə təhvil veribverməyəcəklərinə, təhvil verdikdən sonra alacaqları pulları geri gətirəcəklərinə əmin olmadıqları üçün belə formal müqavilə bağlamışlar. Sonradan öyrənmişdir ki, belə müqavilə yalnız onunla deyil, xeyli sayda digər şəxslərlə də bağlanmışdır. Hətta onun və digər sürücülərin ölkədən çıxışına dair məlumatlara baxılarsa, bunu aydın şəkildə görmək mümkündür ki, borc müqavilələri bağlandıqdan sonra ölkədən çıxış edilmişdir. Məsələn, hazırkı müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış, bundan 2 gün sonra, yəni xx.xx.2021ci il tarixdə Rəmiş Cəfərovun mallarını “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçirtmişdir. Hətta 2 gün də gecikmə onunla bağlı olmamışdır. Belə ki, malların nəqliyyat vasitəsinə yüklənməsi, nəqliyyat vasitəsinin sərhəddə yoxlanış üçün növbə gözləməsi vaxt apardığından bu müddət 2 gün çəkmişdir. Faktiki olaraq elə müqavilə bağlanan gündən işə başlamışlar. Bir qayda olaraq da bu müqavilələr İddiaçıla bağlanırdı. Bunu Vüqarın özünün də səs yazısından müəyyən etmək mümkündür. O, Vüqardan heç bir pul almamışdır. Sadəcə notariat orqanında və s. ona təqdim olunmuş sənədləri imzalamışdır. Güman etmişdir ki, bunun heç bir əhəmiyyəti yoxdur və onun Rəmiş Cəfərovu aldatmaq niyyəti olmadığı üçün o da ona qarşı belə formal müqavilə üzrə heç bir tələb irəli sürməz. X16 həbsdə olduğundan və maddi problemləri olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bunları onun işçisi, hazırkı iş üzrə İddiaçı da bilir və səs yazısında təsdiq edir. Buna görə də məhkəmə iclaslarına gəlmir. Hətta məhkəməyə ünvanlandığı teleqramlarda da “borcumuz”, “bizim”, “iştirakımız” sözlərindən istifadə edir. Əgər onun Vüqara borcu varsa, bəs “biz” dedikdə Vüqar kimi nəzərdə tutur?! O özü də bilmədən etiraf edir ki, başqasının, yəni Rəmiş Cəfərovun göstərişi ilə formal bağladığı müqavilə üzrə müxtəlif şəxslərdən pullar tələb edir. Belə iddialar hazırda ölkənin bir çox məhkəmələrində davam edir. İddiaçı özü də əvvəllər xuliqanlığa və saxta sənəd tərtib etməyə görə məhkum olunub. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, faktiki olaraq Rəmiş Cəfərovun rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sürücü kimi işə qəbul edilmişdir. İşə qəbul edildikdən sonra onunla formal olaraq Rəmişin işçisi İddiaçı arasında borc müqaviləsi bağlanmışdır. Bunun səbəbi isə guya başqa ölkələrə daşınılmalı olan malların gələcəkdə təhvil verilməsində və alınmış vəsaitlərin qaytarılmasında problemlərin olmaması üçün qabaqlayıcı tədbir kimi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə onunla İddiaçı arasında formal müqavilə bağlanmış və faktiki olaraq heç bir pul vəsaiti almamışdır. Bundan 5 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Rəmiş Cəfərovun mallarını “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçirtmişdir. Sonradan eşitmişdir ki, Rəmiş Cəfərov başqa şəxsləri də belə aldadaraq onların adlarına müqavilələr imzalatmışdır. Hazırda bununla bağlı müxtəlif orqanlara şikayətlər etmişdir və araşdırma aparılır. Əslində isə nəinki onun Vüqara və ya Rəmişə, onların malların daşınması nəticəsində ona borcu vardır. Borclarını ödəməmək üçün belə yollara əl atırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, faktiki olaraq Rəmiş Cəfərovun rəhbəri olduğu şirkətdə sürücü kimi işlər görmüşdür. Əməkdaşlığa başladıqdan sonra onunla formal olaraq Rəmişin işçisi İddiaçı arasında borc müqaviləsi bağlanmışdır. Bunun səbəbi isə o idi ki, Rəmiş Cəfərov müxtəlif malları xarici ölkələrə daşımaq üçün verirdi. Daşınılan malların gələcəkdə təhvil verilməsində və alınmış vəsaitlərin qaytarılmasında problemləri olmasın deyə qabaqlayıcı tədbir kimi belə müqavilə bağlamışdılar. Həmin vaxt İddiaçı şirkətdə Rəmiş Cəfərovun işlərini görürdü. Onunla da xx.xx.2021-ci il tarixdə İddiaçı arasında formal müqavilə bağlanmış və faktiki olaraq heç bir pul vəsaiti almamışdır. Bundan 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Rəmiş Cəfərovun mallarını “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçirtmişdir. Hazırda yüklərini daşıdığı üçün hələ də Rəmişin ona 4000 ABŞ dolları borc vardır. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon 1 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc (kredit) müqaviləsi bağlanmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportundan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Abşeron rayon 1 saylı notariat ofisində Şahid2 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə borc (kredit) müqaviləsi bağlanmışdır. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şahid2 xx.xx.2021-ci il tarixdə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Abşeron rayon 1 saylı notariat ofisində X5 ilə İddiaçı arasında xx.xx.2023cü il tarixdə borc (kredit) müqaviləsi bağlanmışdır. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Rəcəbov X9 rayon 1 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əsasında Şahid2 (xx.xx.2021-ci il tarixdə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir), xx.xx.2021-ci il tarixli müqavilə əsasında Cavabdeh (xx.xx.2021-ci il tarixdə “Qırmızı Körpü” gömrüksərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir), xx.xx.2021-ci il tarixli müqavilə əsasında X10 (xx.xx.2023-cü il tarixdə vəfat etmişdir), xx.xx.2021-ci il tarixli müqavilə əsasında X11 (xx.xx.2021-ci il tarixdə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsindən Rusiya Federasiyası ərazisinə keçmişdir), xx.xx.2021-ci il tarixli müqavilə əsasında X4 (xx.xx.2021-ci il tarixdə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsindən Rusiya Federasiyası ərazisinə keçmişdir), xx.xx.2023-cü il tarixli müqavilə əsasında X1 (xx.xx.2023-cü il tarixdə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir), xx.xx.2023-cü il tarixli müqavilə əsasında X6 (xx.xx.2023-cü il tarixdə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir) və xx.xx.2023-cü il tarixli müqavilə əsasında X2 (xx.xx.2023-cü il tarixdə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsindən Rusiya Federasiyası ərazisinə keçmişdir) borc vermişdir. İşin materiallarında olan 1 ədəd CD diskdə olan səs yazısından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında dialoq baş verir. Dialoqdan çıxarış işin mahiyyəti üzrə aşağıdakı kimidir: - (Həsən) İndi sən mənə o pulu verməyə-verməyə onu nətər tələb eləyə bilərsən? - (Vüqar) Mən etmirəm ki. Şirkət edir onu səndən. - (Həsən) İndi o şirkət də mənə o pulu verməyib. - (Vüqar) Sənəddə axı təsdiq edirsən ki, almışam. - (Həsən) Onda gərək tutub alaydıq. Altı nəfər gedib-gəlmişdik. Getmişdik. - (Vüqar) Hə. - (Həsən) Verilmədi axı pul. Pul almadıq. - (Vüqar) Kassadan pulu götürürsən. - (Həsən) Biz almadıq axı kassadan pul. - (Vüqar) Nə danışırsan sən. - (Həsən) Yox. - (Vüqar) Quran haqqı kassadan almısan. Allah haqqı kassadan almısan. - (Həsən) Qoyduq cibimizə çıxdıq getdik? - (Vüqar) Yox. Belə deyək də, sürücünü özündən asılı edir də. İşin materiallarında olan, Şahid1 ifadəsi zamanı məhkəməyə təqdim etdiyi və bu qaydada mahiyyəti müəyyənləşdirilən qaimədən görünür ki, ona "xxxx" MMC-nin mallarını daşımaq həvalə olunmuşdur. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də sürücü işləyir. İşin materiallarında olan Dövlət Vergi Xidmətinin saytından çıxarışdan görünür ki, sonuncu dəyişiklik xx.xx.2023-cü il tarixdə edilməklə "xxxx" MMC-nin qanuni təmsilçisi X7 əmisi oğlu X8r. İşin materiallarında olan xx.xx.2023-cü il tarixdə Cavabdeh ünvanlanmış pretenziyanın surətindən görünür ki, borclu Cavabdeh 13500 manat məbləğində borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İşin materiallarında olan X12 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şahid1 müraciəti əsasında Xidmətin Abşeron Xızı Regional Şöbəsində araşdırma aparılır. İşin materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, İddiaçı Şahid1 qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında borc (kredit) müqaviləsi bağlansa da, əslində hazırkı iş üzrə iddiaçı cavabdehə borc pul verməmiş, sadəcə olaraq Rəmiş Cəfərovun göstərişinə əsasən cavabdehlə işin materiallarında olan 24 sentyabr 2021-ci il tarixli kredit müqaviləsini imzalamışdır. Həmin müqaviləni imzalamaqda məqsəd isə cavabdehin Rəmiş Cəfərova məxsus şirkətin mallarını xarici ölkələrə daşıyarkən onun maddi məsuliyyətinin təminatı məqsədi daşımışdır. Yəni, əslində burada hüquq münasibəti cavabdehlə iddiaçı arasında deyil, cavabdehlə Rəmiş Cəfərov arasında yaranmışdır ki, həmin münasibət isə borc müqaviləsindən deyil, əmək münasibətləri olduğu halda maddi məsuliyyət müqaviləsindən, əmək münasibətləri olmadığı halda isə tapşırıq müqaviləsindən irəli gələn münasibətdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi isə notariat orqanında bağlanmasına baxmayaraq, etibarsız əqddir. Belə ki, işin məhkəmədə müəyyən olunan həqiqi faktiki halı ondan ibarətdir ki, Rəmiş Cəfərov tapşırıq vermiş və həmin malları daşıyarkən cavabdehin üzərinə məsuliyyət qoymuşdur. Hazırda isə həmin yalan əqddən həqiqi məzmununa uyğun olmayan formada istifadə edir. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Həmçinin, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3352/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qərarındakı mövqeyi) Bundan başqa, işin halları ilə müəyyən edilmişdir ki, notariat orqanında əqd bağlandıqdan sonra pul faktiki olaraq cavabdehdə saxlanılmamışdır. Bunu iddiaçı özü də səs yazısında dialoq zamanı təkzib etmir. Belə olan halda isə iddiaçı əqdin etibarsızlığı nəticəsində də pul tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar