Məhkəmə qərarları › İş №2(014)-1126/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1126/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1126/2024 09.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16,9 faizlə 36 ay müddətinə 7100 AZN kredit götürmüşdür.Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 may 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 6792.27 AZN əsas borc, 566.82 AZN faiz borc, 9.62 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 7368.71 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 9.62 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 4.81 manat məbləğində tələb olunur.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 6792.27 AZN əsas borc, 566.82 AZN faiz borc, 4.81 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 7363.90 AZN və 93.64 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC-məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahat verərək, evini təmir etmək üçün kredit götürdüyünü, ailə vəziyyətinin pis olduğunu və krediti ödəməyə gücünün çatmadığını bildirdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 16,9 faizlə ödəmək şərtilə 7100 manat həcmində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə banka əsas borc üzrə 6792,27 manat, faiz borcu üzrə 566,82 manat və cərimə borcu üzrə 9,62 manat borcu olmaqla, ümumilikdə 7368,71 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024cü il tarixli xəbərdarlıqdan (bildirişdən) görünür ki, Cavabdehbank tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 93,64 (doxsan üç manat, altmış dörd qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 16,9 faizlə ödəmək şərtilə 7100 manat həcmində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 6792,27 manat, faiz borcu üzrə 566,82 manat və cərimə borcu üzrə 9,62 manat borcu olmaqla, ümumilikdə 7368,71 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 6792,27 (altı min yeddi yüz doxsan iki manat iyirmi yeddi qəpik) manat, faiz borcu üzrə 566,82 (beş yüz altmış altı manat səksən iki) manat və cərimə borcu üzrə 4,81 (dörd manat səksən bir) manat borcu olmaqla, ümumilikdə 7363,90 (yeddi min üç yüz altmış üç manat doxsan qəpik) manat məbləğində pul və 93,64 (doxsan üç manat, altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,7-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 6792,27 (altı min yeddi yüz doxsan iki manat iyirmi yeddi qəpik) manat, faiz borcu üzrə 566,82 (beş yüz altmış altı manat səksən iki) manat və cərimə borcu üzrə 4,81 (dörd manat səksən bir) manat borcu olmaqla, ümumilikdə 7363,90 (yeddi min üç yüz altmış üç manat doxsan qəpik) manat məbləğində pul və 93,64 (doxsan üç manat, altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar