Məhkəmə qərarları › İş №2(014)-1142/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1142/2022

18.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1142/2022 18.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı, cavabdehlər Cavabdeh1 və X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, uzun illərdir cavabdehlərlə birlikdə mərhum atasına məxsus, qeydiyyatda olduğu Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən 6 otaq, 1 mətbəx və 1 eyvandan ibarət yaşayış evində yaşayır. Ancaq son bir neçə ildə cavabdehlər tərəfindən qeydiyyatda olduğu evdə yaşamağa imkan verilmir, cavabdehlər tərəfindən müxtəlif təzyiqlərə və hücumlara məruz qalır. Cavabdehlər onu evdən qovmaq və didərgin salmaq üçün hər cür vasitəyə əl atır, ona gün verib, işıq vermirlər. Onun cavabdehlərdən sadəcə istəyi qeydiyyatda olduğu evdə sakit yaşamaqdır. Ancaq cavabdehlər buna imkan vermirlər. Cavabdehlərin qanunsuz və özbaşına hərəkətləri nəticəsində o, demək olar ki, hərgün döyülür, söyülür və qeydiyyatda olduğu evdə yaşamağına maneələr törədilir. Bugünədək cavabdehlərlə heç bir mülk davası etməmiş, sadəcə ahıl vaxtında ömrünün sonunadək maneəsiz, sakit yaşamaq istəyir. Beləliklə onun qeydiyyatda olduğu evdə yaşamaq və ondan istifadə etmək hüququnun olmağına baxmayaraq, cavabdehlər qanunsuz olaraq ona bu hüquqlarından yararlanmaq hüququna süni maneələr yaradırlar. Cavabdehlərin onun qeydiyyatda olduğu yaşayış evində yaşamağının və ondan istifadə etməyinin qarşısının alınması barədə hərəkətləri qanunsuzdur. Dəfələrlə cavabdehlərlə olan problemi aralarında həll etməyə çalışsa da, cavabdehlərlə aralarında razılığa gələ bilmədikləri üçün hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeydiyyatda olduğu Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən yaşayış evində yaşamağının və ondan istifadə etməyinin qarşısını alması barədə Cavabdeh1 və X3 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən 6 otaq, 1 mətbəx və 1 eyvandan ibarət yaşayış evi atasından qalma evdir, həmin evdə doğulmuş, 2008-ci ildə ailə qurmuş, 04 il başqa ünvanda yaşamış, 2012-ci ildə yenidən ata evinə qaytımış və bu günə qədər orada yaşayır, evdə ondan və cavabdehlərdən başqa heç kim yaşamır. Cavabdeh1 məhkəmə iclasında iddia qəbul etməyərək iddiaçının doğma bacısı olduğunu, bacısının əri öldükdən sonra ona məxsus evdə gəlib yaşadığını, bacısına məhrum analarının yaşadığı otaqda yaşamasının təklif etdiklərini, lakin bununla razılaşmadığını, bu səbəbdən də aralarında mübahisə yarandığını, bacısını heç vaxt döyüb söymədiyini, bacısının iddiasının yalan və əsassız olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasında iddianı qəbul etməyərək digər Cavabdeh1 izahatına oxşar izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlaın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş seriya MA ******* nömrəli çıxarışdan və Daşınmaz Əmlakın Texniki pasportundan görünür ki, Ağdaş rayonu, Məşəd kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş, xx.xx.2012-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində ********** nömrə ilə qeydə alınmışdır. Mülki işdə olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş 15 may 2022-ci il tarixli 1001 №-li arayışdan görünür ki, iş üzrə İddiaçı Ağdaş şəhəri, Məşəd küçəsi №-li evdə yaşayır. İş üzrə İddiaçı Seriya AZE № ******** №-li, xx.xx.2013-cü ildə Ağdaş RPŞ tərəfəndən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o Ağdaş şəhəri, Məşəd küçəsində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətşi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla birlikdə istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən 6 otaq, 1 mətbəx və 1 eyvandan ibarət məhrum atasına məxsus olan yaşayış evində doğulmuş, yəni evin mülkiyyətçisinin ailə üzvü olmuş, 04 il ərdə olduğu müddət istisna olmaqla həmin evdə yaşamışdır və hazırda da yaşayır, 2012-ci ildə yenidən ata evinə qayıdan zaman evin mülkiyyətçisi olan qardaşı, iş üzrə Cavabdeh1 tərəfindən ailə üzvü kimi qəbul edilmişdir, ancaq hazırda heç bir səbəb olmadan hər iki cavabdeh tərəfindən evdə sərbəst yaşamasına maneələr yaradılır, buna görə də iddia təmin edilməli, tərəflərin əmlak və əsaslı mənafeləri, iddiaçının ödənilmiş dövlət rüsumunu tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş şəhəri, Məşəd küçəsində qeydiyyatda olmaqla, həmin ünvanda yerləşən yaşayış evində yaşayan İddiaçı Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən yaşayış evində yaşamasına və ondan istifadə etməyinin qarşısının alınmasına cavabdehlər Cavabdeh1 və X3 tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar