Məhkəmə qərarları › İş №2(014)-115/2022

Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-115/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-115/2022 31.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdam rayonu, Şurabad kəndindən məcburi köçkün düşərək Ağdam rayonunun, Dörd yol 1 qəsəbəsi, ev 802-də məskunlaşmışdır. Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğlunu əvvəllər tanımamışdır. 2021-ci ilin iyun-iyul aylarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğlundan 250 ədəd çolpa almışdır. Həmin çolpanın 1 ədədinin qiyməti 2 manat 40 qəpik olmaqla cavabdehlərə cəmi 600 manat pul vermişdir. Çolpaları aldıqdan 2-5 gün sonra xəstə olduqları məlum olmuşdur. Ona görə də cavabdehlərlə əlaqə saxlayıb, çolpaların xəstə olduqlarını bildirmişdir. Cavabdehlər gəlib çolpaları götürdülər, pulunu isə tezliklə qaytaracaqlarını bildirmişlər. Ancaq bu günə kimi cavabdehlər pulu qaytarmamışlar. O, pulu almaq üçün taksi ilə Ağdaş rayonuna, cavabdehlərin yaşadığı ünvana da getmiş və 50 manat taksiyə pul ödəmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğlu üzərlərinə götürdükləri öhdəliyə əməl etməyərək 600 manat pulu bu günədək müxtəlif bəhanələrlə qaytarmaqdan əsassız olaraq boyun qaçırırlar. O, bunula bağlı polis şöbəsinə də müraciət etmişdir. Müraciətinə cavab olaraq tələbinin mülki xarakterli olması əsas götürülərək, ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Belə olan halda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğlundan 600 manat məbləğində pul və taksiyə verdiyi 50 manat pul qanunla müəyyən edilmiş qaydada alınıb ona verilməlidir. İddiaçı məhkəməyə ərizələr ünvanlayaraq bildirmişdir ki, cavabdehlər dəfələrlə dəvət edilsələr də, məhkəməyə gəlməmişlər. Ona görə də mülki işinə baxılıb qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdam rayon Polis şöbəsinin 04.08.2021-ci il tarixli, № 131-15248İ-3221 saylı məktubundan görünür ki, İddiaçı 13.07.2021-ci il tarixli, 131-15248İ- 3121 nömrəli ərizəsinə cavab olaraq bildirmişdir ki, ərizəsində göstərdiyi xüsusatlar mülki iddia xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqalarına müraciət etmək hüququ vardır. İşin materiallarında olan İddiaçı Ağdam rayon Polis şöbəsinə verdiyi 13.07.2021-cu il tarixli ərizədən görünür ki, İddiaçı təminən 12.05.2021-ci il tarixində tanışları Ağdaş rayon Zeynəddin kənd sakinləri Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğlundan 600 manat müqabilində toyuq-cücə almışdır. Lakin toyuq-cücə xəstə olduğuna görə onları geri qaytarsa da, Elşən və Əlibala onun 600 manatını qaytarmamışlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğlundan 600 manat dəyərində toyuq-cücə almışdır. İddiaçı toyuqcücə xəstə olduğundan cavabdehlərə geri qaytarmışdır. Cavabdehlər toyuq-cücəni aparanda razılaşmışlar ki, onlarda öz nöbəsində ona olan 600 manat pulunu geri qaytaracaqlar. Lakin cavabdehlər üzərlərinə düşən öhdəliyi icra etməmişlər və nəticədə onların İddiaçı 600 manat borcları yaranmışdır. Hazırda iddiaçı cavabdehlərdən həmin pulun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğlundan müştərək qaydada 600 (altı yüz) manat miqdarında pul və 50 manat taksiyə ödənilmiş pulun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğluna qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala Mirbala oğlundan müştərək qaydada 600 (altı yüz) manat miqdarında pul və 50 manat taksiyə ödənilmiş pulun əvəzi alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar