Məhkəmə qərarları › İş №2(014)-115/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-115/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-115/2024 09.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı, Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19500 (on doqquz min beş yüz) manat, və 149 (yüz qırx doqquz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayonunun Güvəkənd kəndində qeydiyyatda olan və həmin kəntdə yaşayan Cavabdeh o 2012-ci il tarixdə tanımışdır. Belə ki, onların tanışlığı iri və xırda buynuzlu heyvanların alış satış bazarı üzərində olmuşdur, belə ki o həyətində baxıb böyütdüyü iri və xırda buynuzlu heyvanları Cavabdeh satırdı. Onların arasında illərlə davam edən alver nəticəsində dostluq-yoldaşlıq münasibətləri yaranmışdır. Bir gün Cavabdeh ona ortaq iş qurmağı təklif etdi.Ortaq işin mahiyyəti ondan ibarət olub ki, iddiaçı iri və xırda buynuzlu heyvanlar alıb Cavabdeh verərək cavabdeh isə heyvanların saxlanılması böyüdülməsilə məşğul olmalıydı və əldə olunan qazanc da ortaq bölünməliydi. O bu təklifə razılaşaraq ümumi dəyəri 18500 manat olan 135 ədəd qoyun 6 ədəd inək və 4000 manat nağd pulu Loğmana vermişdir. Lakin Cavabdeh aralarında olan dostluq və ortaqlıq münasibətinə xəyanət etdi. Belə ona verdiyi baxmalı olduğu heyvanları sataraq pulunu və birdə nağd şəkildə verdiyi 4000 manat pulu mənimsəmişdir. Loğmandan ümumilikdə 22500 manat pulumu istədikdə qaytaracağını bildirsədə, o artıq Loğmana güvəni qalmadığı üçün onun da razılığı ilə 5 mart 2015-ci il tarixdə Ağdaş rayon Notariat Kontoruna yaxınlaşaraq borc müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə əsasən borclu Cavabdeh ümumilikdə 22500 manat pulun 4500 manatını 30 may 2015-ci il tarixədək qaytaracağını və yerdə qalan 18500 manat manatı isə hər ay 1000 manat olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Cavabdeh ona olan borcundan bugünə kimi cəmi 3000 manat pul qaytarmışdır. Yerdə qalan 19500 manat pulunu almaq istəsədə dəfələrlə müxtəlif bəhanələr gətirərək onu yubatmışdır. O, bütün bunları nəzərə alaraq məhkəməyə müraciyyət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh 19500 manat məbləğində pulun və ödənilmiş 149 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 05 mart 2015-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehin iddiaçıya 22500 manat borcu vardır. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə, ona qarşı irəli sürülmüş borcun qaytarılmasına dair iddia əsaslıdır. Bununla belə məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi hissələrdə iddia tələblərini əsassız hesab edir və qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 19500 (on doqquz min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 149 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 19500 (on doqquz min beş yüz) manat məbləğində pul və 149 (yüz qırx doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar