Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1154/2021 25.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı vəkili Y.Murtuzayevanın iştirakı ilə İddiaçı Cavabdeh qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, «koronovirus» pandemiyasi ilə əlaqədar ölkədə karantin rejimi tətbiq olunandan, yəni 2020-ci ilin mart ayından həmin ilin oktyabr ayına qadar tibbi maskaların topdan satış ticarəti ilə məşğul olmuş, həmin dövrdə «Binə» hava limanının «Mobil qrupp» karqo şirkətində işləyən Cavabdeh ilə tanış olmuş, bir müddət Məcidlə iş birliyi olmuş, bir-birinə maska alıb-sataraq gəlir əldə etmişlər. Belə ki, cavabdehə maska lazım olduqda ondan almış va pulunu sonradan vermişdir. Beləliklə Cavabdeh iddiaçının etibarını qazanmışdır. 2020-ci ilin sentyabr ayında Məcid ondan böyük partiyada maska istəmiş, o isə xalası oğlu Kamran Rzayevin gətirdiyi tibbi maskalardan hər biri 25 qəpik olmaqla ümumi dəyəri 15.000 manat olan 60.000 ədəd tibbi maska istəmiş və 2 həftədən sonra pulunu ödəyəcəyini bildirilmişdir. 21.09.2020-ci il tarixdə o, Binəqədi şossesinin yaxınlığında yerləşən xalası oğlu Kamranın istifadə etdiyi anbardan Məcidin göndərdiyi yük avtomobilinin sürücüsünə həmin maskaları qaimə ilə vermiş. Məcid isə ona 2 həftəyə pulu ödəyəcəyini demişdir. Təxminən bir həftədən sonra Məcid ona zəng edərək yenidən nisyə mal, 12 qutu yəni 36.000 ədəd maska istəmiş, həmin maskaların 9.000 manat pulunu 2 gün ərzində ödəyəcəyinə söz vermiş, ona görə də iddiaçı həmin məbləğdə olan maskalan Məcidə göndərmiş, həmin vaxtdan sonra Məcid dediyi vaxtda pulu vermədiyi üçün ona dəfələrlə zəng edib pulu istədikdə ondan vaxt istəmiş, lakin pulu verməmiş, onun istifadə etdiyi mobil nömrəni bloka atdığı üçün polisə şikayət etmək qərarına gəlmişdir. Binəqədi RPİ-də araşdırma zamanı izahatı alınmış Cavabdeh izahat verərək göstərmişdir ki, 5 il əvvəl Aeroportda gömrük işlərini görən özəl şirkətdə işləməyə başlamış, o həmin vaxtlarda gömrük xidmətində malların sənədləşməsi ilə məşğul olduğu üçün həmin şəxsləri tanımış, tanıdığı Aynurə adlı xanımı maska ilə məşğul olan şəxslər vasitəsi ilə tanımışdır. Həmin vaxtdan sonra Aynurə ilə maska alışverişinə başlamışlar, yəni başqa adamların gətirdiyi maskaları ona verərək satışını təşkil etməyini istəmiş va bu qayda ilə onlardan maskanı alaraq satmış, Aynurə adlı xanım xalası oğluna məxsus şirkət vasitəsi ilə gətirilən maskaları ona vermiş, o isə qısa müddətə sataraq pulunu verəcəyinə söz. vermiş, ilkin olaraq 2020-ci ilin iyun ayından Aynurə ilə işləməyə başlamış. Aynurədən 2000-3000 manat dəyərində olan maskaları alaraq satıb pulunu Aynurəyə ödəmiş, həmin ərəfələrdə bir- birindən maska götürərək satıb pulunu ödəmişlər. Belə ki, maska lazım olduqda bir-biri ila alış-veriş olmuş, 2020-ci ilin avqustsentyabr aylarında Aynurədən 5.000 manatlıq maska götürmüş, həmin vaxt işində problemlər yarandığı üçün 10.000 manat pulu Aynurəyə ödəyə bilməmiş va öz aralarında həmin pulu ya malları qaytarmaq, yada ki, hissə-hissə ödəyərək borcunu bağlamağa razılaşmışlar. Qeyd edir ki, cavabdeh Polis İdarəsində izahat verərkən izahatından da göründüyü kimi özünün iddiaçıya olan borcunu etiraf etmiş və İddiaçı həqiqətən də borclu olduğunu qəbul etmişdir. Həmçinin ərizəyə əlavə olunmuş 21 sentyabr 2020-ci il tarixli qaimədən görünür ki, 20 qutu tibbi maska - yəni 60.000 ədəd tibbi maska cavabdehə təhvil verilmişdir. Artıq uzun müddətdir ki, iddiaçı ödənilməyən məbləğə görə maddi ziyan çəkmiş və bununla bağlı dəfələrlə şifahi qaydada cavabdehə müraciət etsə də cavabdeh borcla bağlı heç bir ödəniş etməmişdir. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Binəqədi RPİ İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Nuru Həsənovun 05 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, maska lazım olduqda bir-biri ila alış-veriş olmuş, 2020-ci ilin avqust-sentyabr aylarında Aynurədən 5.000 manatlıq maska götürmüş, həmin vaxt işində problemlər yarandığı üçün 10.000 manat pulu Aynurəyə ödəyə bilməmiş va öz aralarında həmin pulu ya malları qaytarmaq, yada ki, hissə-hissə ödəyərək borcunu bağlamağa razılaşmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 21 sentyabr 2020-ci il tarixli qaimədən görünür ki, İddiaçı Ramil Bayramova 20 ədəd 0,25 manatdan tibbi maska təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcələnin 608-ci maddəsinə əsasən Əgər bu paraqrafın (Heyvanların, quşların və balıqların alğı-satqısı) müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh iddiaçıdan nisyə mal almış və pulunu hissə-hissə ödəməyə söz versə də nisyə alqı-satqı müqaviləsinin tələblərinə tam əməl etməyərək üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Bütün bunlar iddia ərizəsində qeyd edilənlər və Binəqədi RPİ İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Nuru Həsənovun 05 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilir. Satıcının əsas hüququ alınmış əşyanın ödənilməsini tələb etməkdir. Satıcı alınmış əşyanın ödənilməsini, əgər alqı-satqı müqaviləsində ayrı-qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı-qayda irəli gəlmirsə, əşyanı alıcıya bilavasitə təhvil verdikdən əvvəl və ya sonra tələb edə bilər. Nisyə alqı-satqı müqaviləsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehdən 24000 manat tələb etsə də, Binəqədi RPİ İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Nuru Həsənovun 05 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cavabdeh iddiaçıya 10000 manat borclu olmasını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Cavabdehdən iddiaçının xeyrinə 10000 manat pul tutulmalıdır. İddia qalan hissədə iddiaçı tərəfdən hər hansı mötəbər sübut ətqdim edilmədiyi üçün rədd edilməlidir. Belə iddiaçı tərəfindən mövcud mübahisə üzrə sübut növü hesab edilərək təqdim olunan qaimədən görünür ki, iddiaçı 20 ədəd tibbi maskanı 0,25 manatdan, yəni beş manatlıq tibbi maskanı Ramil Bayramov adlı şəxsə təhvil vermişdir. Yəni qaimədən də göründüyü kimi nə cavabdehin,nə də ki, məbləğin hazırki iddia tələbi ilə hər hansı aidiyyatı olmaması müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10000 manat borca görə, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 10030 (on min otuz) manat tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1154/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1154/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver