Məhkəmə qərarları › İş №2(014)-1168/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1168/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1168/2021 07.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri, xasiyyətlərinin uyğun gəlməməsi, ona və körpə balasına baxmaması, eləcə də ailəsinin günahı ucbatından pozulmuşdur. Həmçinin Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(014)-876/2020 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X1 18 yaşına çatanadək saxlanması üçün hər ay 150 manat miqdarında alimentin cavabdehdən alınıb onun xeyrinə tutulması qət edilmişdir. Hazırda övladı böyümüşdür. Ehtiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri tək başına və 150 manat aliment ilə qarşılaya bilmir. Uşağın saxlanması üçün 150 manat kifayət etmir. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsa uşağı ilə maraqlanmamış, körpə balasına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o və övladı valideynlərinin himayəsindədir. Artıq çox çətinlik çəkirlər və övladının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 22.05.2020-ci il tarixdə verilmiş AZ-İV № 430655 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 27 aprel 2020-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 02.07.2020-ci il tarixli, 2(014)- 876/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 27 aprel 2020-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər 150 (yüz əlli) manat alimentin tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 27 aprel 2020-ci il təvəllüdlü X2 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin 02.07.2020-ci il tarixli, 2(014)-876/2020 saylı qətnaməsi ilə Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 27 aprel 2020-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 150 (yüz əlli) manat alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 175 manat alimentin və X1 3 yaşı tamam olanadək hər ay 60 manat əlavə xərc olmaqla, cəmi 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən bir uşaq üçün 150 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 160 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin məbləğini artırarkən həmçinin nəzər alır ki, hazırda cavabdehdən tutulan alimentin məbləği 1 il əvvəl müəyyən edilmiş, həmin məbləğ müəyyən edildikdən sonra sonra Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün artırılmış və 175 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etirazın dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh işləmədiyini, valideynlərinin də onun himayəsində olduğunu bildirsə də, bu onu uşağın normal saxlanılması öhdəliyindən azad etmir. Həmçinin cavabdeh əmək qabiliyyətlidir. Əksini təsdiq edən hər hansı bir mötəbər dəlili də məhkəməyə təqdim etməmişdir. Bundan əlavə uşaq azyaşlı olduğundan və qulluğa ehtiyacı olduğundan iddiaçının işləmək imkanı məhdudlaşmışdır. Ona görə də iddiaçının da üzərinə aliment öhdəliyinin qoyulması məqsədəmüvafiq olmazdı. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə, iddianın uşağın 3 yaşına çatana qədər cavabdehdən hər ay sabit pul məbləğində 60 manat iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, aşağıdakı səbəblərə görə həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. İşdən isə göründüyü kimi iddiaçı cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, tərəflər hazırda ayrı yaşasalar da, faktiki olaraq onların nikahı pozulmadığından iddiaçı cavabdehin keçmiş arvadı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Hazırkı halda isə iddia tələbi üzrə alimentin bir il ərzində məcmusu 500 manatdan çoxdur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar