Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-117/2025 11.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2200 (iki min iki yüz) manat pulun və ödənilmiş 42 manat dövlət rüsumunun cəmi 2242 (iki min iki yüz qırx iki) manat alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ildə internetdə instaqram səhifəsi vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə tanış olmuş və onları evinə dəvət edərək onlara mətbəx mebel sifarişi etmişdir. Birinci dəfə onlara 1700 manat, 1 həftə sonra isə 500 manat-cəmi 2200 manat pul vəsaiti vermişdir. Lakin bugünə kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu aldadırlar və nə mətbəx mebelini quraşdırmayıblar, nə də ki ondan aldıqları 200 manat pulu ona qaytarmayıblar. Bundan sonra o dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2200 manat pulu tələb etməyinə baxmayaraq həmin pulu onlardan ala bilməmişdir. Cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirirlər və 2200 manat pulu ödəməkdən yayınırlar. Bu barədə onun watcapp yazışması da vardır. Bir sözlə onlar onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatdıb və nəticədə ziyan vurdular. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2200 manat pulun və ödənilmiş 42 manat dövlət rüsumunun-cəmi 2242 manat alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı 21 noyabr 2024-cü il tarixli məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, iddia tələbini müdafiə edir, şəhid qardaşıdır. İşi ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 12 dekabr 2024-cü il tarixli məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, iddia tələbini qəbul edir. Tələb olunan borc onların borcudur. İşi ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş Ağdaş RİHB-nın Qaradağlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli 5-32-12/2-521/2024 saylı məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 özü və ailəsi üzvləri hal-hazırda kənd ərazisində yaşamır. Məlumat üçün bildirilir ki, məktubda adları qeyd olunan vətəndaşlar ailə üzvləri ilə birlikdə hal-hazırda Bakı şəhərində yaşayırlar. İş materiallarına əlavə olunmuş watcapp yazışmasından görünür ki, borclu borcunu etiraf edərək, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən diskə qeyd edilmiş səs yazmalarından görünür ki, borclunun anası oğlunun borcunu olduğunu etiraf etmiş, lakin həmin borcun Cavabdeh1 aid olduğunu, Cavabdeh2 orada sadəcə taksi sürücüsü olduğunu, oğlu Cavabdeh1 yerini bilmədiyini, borcun ondan tələb edilməsini bildirmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 42 (qırx iki) manat dövlət rüsumu ödəmiş və həmin pulun 1 (bir) manat hissəsi bank xidmət haqqı üçün komissiya tutulmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş gəlir məlumatlarından görünür ki, İddiaçı Milli Onkologiya Mərkəzində bağban vəzifəsində çalışaraq 523.60 manat məbləğində əmək haqqı alır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2200 (iki min iki yüz) manat pul tutularaq İddiaçı verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 42 (qırx iki) manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2200 (iki min iki yüz) manat borc və 42 (qırx iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-117/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-117/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver