Məhkəmə qərarları › İş №2(014)-1181/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1181/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1181/2024 15.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan aldığı 3100 manat borcun geri qaytarmamışdır. Belə ki, Cavabdeh əvvəldən tanıyır. Fidan ondan borca pul istəmiş, o da Fidana 3100 manat borc pul vermişdir. Cavabdeh aldığı borca görə ona öz əlyazması ilə qəbz yazaraq və imzalayaraq vermişdir. Lakin sonradan həmin borcdan heç bir ödəniş etməmişdir. Dəfələrlə o, Fidandan pulunu tələb etsə də, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmadı. Buna görə də məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh 3100 (üç min yüz) manat borcun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, cavabdeh tərəfindən ona borclu olduğu 3100 manat puldan 500 manatını ödədiyini, bunları nəzərə alaraq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı 2600 manat borcunun olduğunu, həmin borcu aylıq 100 (yüz) manat olaraq ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək iddia tələbini qəbul etmədiyini, cavabdehin iddiaçıya borcunu tam olaraq ödədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 7 iyun 2023-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 3100 manat məbləğində pul götürdüyünü qeyd edərək imzası ilə təsdiqləmişdir. İşin materiallarında olan CD diskdən görünür ki, Cavabdeh İddiaçı ilə telefon vasitəsi ilə danışan zaman İddiaçı 3200 manat məbləğində pul götürdüyünü qeyd edərək, həmin borcu qısa müddətə ödəyəcəyini təsdiqləmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 51 (əlli bir) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Eyni zamanda, məhkəmə iclaslarında cavabdeh tərəf vəsatət verərək ərinin və övladının əlilliyi ilə bağlı onun adına verilmiş plastik kartların iddiaçıda olduğunu və həmin kartlardan 2021-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayına qədər iddiaçının pul çıxardığını bildirmiş, bu barədə məhkəməyə verilmiş vəsatət təmin edilmiş və X1 (iddiaçının əri) "xxxx" ASC və "xxxx" ASC-yə aid kartlarından 01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2023-cü il tarixə və Cavabdeh "xxxx" ASC-yə aid kartından 01 yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək pul vəsaitini çıxaran şəxs və ya şəxslərə dair video və ya foto görüntü məlumatlarının çıxarılaraq Ağdaş Rayon Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Məhkəməyə vəsatətlə bağlı "xxxx" ASC və "xxxx" ASC-dən məlumatlar daxil olmuş, həmin görüntülər sonuncu məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə təhlil edilmiş, foto görüntülərdə kişi cinsinə aid şəxsin olduğu müəyyən edilmiş (iddiaçının deməsinə görə cavabdehin əri), cavabdehin nümayəndəsi Nümayəndə isə görüntülərə baxmaq istəmədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 07 iyun 2023-cü il tarixdə İddiaçı 3100 manat məbləğində borc almışdır. İddiaçı Cavabdeh borc pul verməsi iş materialları ilə özü təsdiqini tapır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi qismən icra etmiş, iddiaçıya borclu olduğu puldan 500 manatını ödəmiş, lakin qalan 2600 manat borcu iddiaçıya ödəməmişdir. Cavabdeh nümayəndəsi cavabdehin iddiaçıya olan borcunu tam olaraq ödədiyini bildirsə də, Cavabdeh İddiaçı pul verməsini təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, Cavabdeh məhkəmə iclaslarının davam etdiyi müddət ərzində də öz xətti ilə məhkəməyə ərizə təqdim edərək iddiaçıya olan borcunu qismən etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən əsaslı olduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 46 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul və 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul və 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar