Məhkəmə qərarları › İş №2(014)-1201/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1201/2022

03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1201/2022 03.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı inzibati xəta nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı inzibati xəta nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 23:00-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində idarə etdiyi Hyundai Sonata markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sol zolaqla hərəkətdə olan zaman sola geriyə dönmə hərəkəti edərkən xəttin üstü ilə hərəkətdə olan göy rəngli Moped onun idarə etdiyi avtomobilin ön hissəsinə dəymişdir. Avtomobili saxlayıb Mopedin sürücüsünə yaxınlaşaraq hadisə ilə əlaqədar DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparıblar. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 17 may 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla Angel markalı mopedin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Avtomobilə dəymiş maddi zərərin məbləği 1515 manat təşkil edir. Bu barədə X1 Texniki xidmət stansiyası tərəfindən xx.xx.2022-ci il tarixli “Qüsur aktı” verilmişdir. Zərərin bərpası üçün dəymiş maddi ziyan Cavabdeh tərəfindən könüllü olaraq ödənilmir. Eyni zamanda hadisə zamanı və sonra cavabdehin qanuna zidd davranışları, yəni guya xəsarət alması, hadisədə onu günahlandırması, aqressiv formada özünü haqlı göstərməsi və s. nəticəsində ona mənəvi zərər də vurulmuşdur. Ona dəymiş mənəvi zərəri 2000 manat məbləğində qiymətləndirir. Buna görə də inzibati xəta nəticəsində ona vurulmuş 1515 manat maddi və 2000 manat məbləğində mənəvi zərərin, həmçinin məhkəməyə dövlət rüsumu kimi ödədiyi 55 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, “Bolt” şirkətində işləyir və moped sürür. Hadisənin baş verməsində onun günahı yoxdur. O, mopedlə hərəkətdə olan zaman iddiaçı idarə etdiyi maşınla sola geriyə dönmə hərəkəti edən zaman dönmə işığını gec yandırdığından moped avtomobilin sol qapısına dəymiş və o, yerə yıxılmış, bədən xəsarətləri almışdır. Həmin hadisənin baş verməsində heç bir günahı olmadığından iddiaçının iddiası əsassızdır. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 may 2022ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Angel markalı mopedin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan X1 Texniki Xidmət Stansiyası tərəfindən verilmiş 04 may 2022-ci il tarixli “Qüsur aktı”ndan görünür ki, İddiaçı məxsus Hyundai Sonata markalı, ** ZZ *** dövlət nömrə nişanlı, 2006-cı il buraxılışlı. Mühərrik G4KC6421642, BAN № KMHET41CP6A287801 olan avtomaşında yol-nəqliyyat hadisəsi zamanı avtomobilə 1515 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan İXP ******* nömrəli X6 Protokolun və TP ******* nömrəli X7 X4 surətlərindən görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətradakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qaşısıalınmaz qüvvənin və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, bu barədə X6 protokol tərtib olunmuş, X6 qərar əsasında cərimə edilmiş, nəticədə iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. Vurulmuş maddi ziyanın məbləği ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsində, məhkəmə iclasında verdiyi izahatı ilə məhkəməyə təqdim etdiyi sübutlar öz əksini tapdığından iddia həmin hissədə təmin edilməli, 2000 manat məbləğində mənəvi ziyana dair hər hansı sübut təqdim etmədiyi üçün iddia həmin hissədə rədd edilməli, həmçinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 35 manat 15 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1515 manat, 35 manat 15 qəpik ödənilmiş dövlət rüsumu, cəmi 1550 manat 15 qəpik (bir min beş yüz əlli manat on beş qəpik) alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar