Məhkəmə qərarları › İş №2(014)-1221/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1221/2024

03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1221/2024 03.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının dəyişdirilməsi (artırılması) tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının dəyişdirilməsi (artırılması) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(014)-823/2020 saylı qətnaməsi ilə 15 iyun 2009-cu il təvəllüdlü Əhmədov (Cabbarlı) Hüseyn Elsəvər oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulmuş 110 manat məbləğində alimentin miqdarının artırılaraq 235 manat miqdarında müəyyən edilərək onun xeyrinə ödənilməsini, mediasiya işi üzrə ödəmiş olduğu 50 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 ilə birgə nikahlarından 2 may 2006-cı il təvəllüdlü X8 və 15 iyun 2009-cu il tarixdə X11 adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə ailə münasibətləri normal olmuşdur. Lakin sonralar aralarında narazılıqlar baş verdiyindən faktiki olaraq ayrı yaşayırlar və məhkəmənin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2020ci il tarixli qətnaməsi ilə 2 may 2006-cı il təvəllüdlü X8 və 15 iyun 2009-cu il tarixdə X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat alimentin tutulması qət edilmişdir. Həmin alimentin 2 may 2006-cı il təvəllüdlü X5 dair hissəsi 2024-cü ilin may ayında 18 yaşı tamam olduğundan dayandırılmışdır. Sonradan oğlu soyadını dəyişərək Əhmədov soyadı götürmüşdür. Əvvəllər özü işləyirdi və uşaqlara maddi dəstək olurdu, lakin hazırda işdən azad edilmişdir və heç bir yerdə işləmir. 15 iyun 2009-cu il təvəllüdlü X11 böyümüşdür və xərcləri artmışdır. Cavabdeh uşağın saxlanılmasında əlavə olaraq maddi köməklik göstərmir. Halbuki cavabdeh işləyir və yüksək gəlir əldə edir. Buna görə də alimentin artırılmasını xahiş edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması ilə bağlı Mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmək üçün gəlmədiyindən və alimentin artırılmasına münasibətini bildirmədiyinə görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq sabit pul məbləğində alimentin müəyyən edilməsinə zərurət yaranmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, böyük oğlu idman akademiyasında oxuyur, 15 iyun 2009cu il təvəllüdlü X11 isə azyaşlıdır. Özü də işləmir. Cavabdeh 110 manat alimenti vaxtıvaxtında verir. Tək başına uşaqlara baxmağa gücü çatmır. Oğlu əlavə hazırlıqlara getməlidir, lakin imkanı çatıb onu göndərə bilmir. Odur ki, qeyd olunanların nəzərə alınaraq cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılması üçün alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X7 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, bu günə qədər heç bir aliment borcu yoxdur. Hamısını ödəmişdir. Özünün ikinci nikahdan bir uşağı var. Özünün rəsmi iş yeri yoxdur, fərdi qaydada taxi fəaliyyəti ilə məşğul olur. İddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur, yalnız 150 manat aliment ödəməyə gücü çatır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 26 may 2022-ci il tarixli Ağdaş rayon Qulbəndə kənd İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV № 701891 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 15 iyun 2009-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası X7, anası İddiaçıdır. İşin materiallarında olan 27 sentyabr 2017-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 272474 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında qeydə alınmış nikah 27 sentyabr 2017-ci il tarixdə 123 saylı akt qeydinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Əhmədova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-823/2020 saylı, 29 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Ağdaş rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli qətnaməsi ilə X2 Əhmədova (Cabbarova) Əmanət Taryel qızının xeyrinə iki uşaqlarının saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 02 may 2006-cı il tarixdə anadan olmuş X9 və 15 iyun 2009-cu ildə anadan olmuş X12 18 yaşına çatana qədər onların saxlanılmaları üçün Əhmədova (Cabbarova) Əmanət Taryel qızının xeyrinə hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat (iki yüz iyirmi manat) aliment tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 02 may 2006-cı il təvəllüdlü X9 və 15 iyun 2009-cu il təvəllüdlü X12 doğulmuş, tərəflərin nikahları pozulmuş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-823/2020 saylı 29 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 02 may 2006-cı il tarixdə anadan olmuş X9 və 15 iyun 2009-cu ildə anadan olmuş X12 18 yaşına çatana qədər saxlanılmaları üçün Əhmədova (Cabbarova) Əmanət Taryel qızının xeyrinə hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat (iki yüz iyirmi manat) alimentin tutulması qət edilmişdir. X9 yetkinlik yaşına çatmışdır. X1 dəyişdirərək Əhmədov soyadını qəbul etmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan uşaq üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onunla bağlı olan məsrəflərin artdığını nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən uşaq üçün 110 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X7 ilə İddiaçı birgə nikahlarından doğulmuş 15 iyun 2009-cu ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 720 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-823/2020 saylı, 29 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. X7 ilə İddiaçı birgə nikahlarından doğulmuş 15 iyun 2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. X2 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar