Məhkəmə qərarları › İş №2(014)-1225/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1225/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1225/2022 12.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə uzun illər yaxın ünsiyyətdə olmuş, birlikdə xeyli müddət işləmişlər. Bu səbəbdən də cavabdeh onun etibarını qazanmış və hər zaman ona inanmışdır. Cavabdeh illərlə ondan şəxsi biznesini və təsərrüfatını qurmaq niyyəti ilə borc pul almış, qurduğu biznesini batıraraq maddi ziyanlıq etmişdir. O isə hər zaman cavabdehə maddi-mənəvi arxa dəstək olmuşdur. Aldığı borcları da ona pul olaraq deyil, şəxsi təsərrüfatında ona öz əməyi ilə köməklik edərək evəz etmişdir. Bu illərlə belə davam etmişdir. Cavabdeh həmçinin ondan nisyə təqribən 1 kiloqram qızıllar almış, qiymət artan kimi onu pula çevirərək qazanc əldə edəcəyinə onu inandırmışdır. O, cavabdehə çox etibar etdiyi və inandığı üçün heç zaman ondan şübhə etməmişdir. xx.xx.2015-ci ildə cavabdeh ondan aldığı qızılları qayınatası Mahmudov Əlicanın evində, şəxsi seyfində saxladığını, həmin evdən də müəmmalı şəkildə oğurlandığını bildirmişdir. Aylarla cinayətkar, oğru axtarılsa da heç kim tapılmamışdır. Onun 1 kiloqram qızılı da yox olmuşdur. Ardından cavabdeh qızıla ehtiyacı olduğunu, həyat yoldaşının yanında biabır olduğu bildirirək ondan yenə 300 qram qızıl almış və qızılın qiyməti artan kimi satıb borcunu qaytaracağına onu inandırmışdır. Cavabdeh ondan 2013-cü ilin fevral ayında “Nissan Navara” markalı avtomobil almaq üçün 30000 (otuz min) manat, həmin ilin aprel ayında “Howo” markalı yük maşını almaq üçün 65000 (altmış beş min) manat, 2014-cü ildə Dəhnəxəlil kəndində 0,45 ha torpaq sahəsi almaq üçün 10000 (on min) manat, Dəhnəxəlil kəndində 2014-cü ildə aldığı 0,45 ha torpaq sahəsində ev tikdirmək məqsədi ilə 2017-2019-cu illər ərzində ümumilikdə 50000 (əlli min) manat, 2014cü ildə "xxxx" ASC-dən “Belarus 1221” markalı traktorun ilkin ödənişi üçün 7000 (yeddi min), “Belarus 892” markalı traktorun ilkin ödənişi üçün 5000 (beş min), 2014-cü ildə “TS- 24” markalı taxılsəpənin, “AGVM-23” markalı taxılsəpənin ilkin ödənişi üçün və 1 ədəd kotan almaq üçün isə 20000 (iyirmi min) manat 2016-cı ildə kombayn almaqdan ötrü ilkin ödəniş üçün 25000 (iyirmi beş min), borc almışdır. Cavabdeh 2015-ci ildə Ağdaş rayonundakı evini sataraq ona olan ümumi borcundan 21000 (iyirmi bir min) manat ödəmişdir. Cavabdeh 2019-cu ilədək ondan ehtiyacı olduğu 191000 (yüz doxsan bir min) manat pul almışdır. Bununlada ona 191000 (yüz doxsan bir min) manat borcu yaranmışdır. 2019-cu ildə yasanan hadisələri nəzərdən keçirib cavabdehlə aralarındakı borca görə yazılı müqavilə bağlamaq qərarına gəlmişdir. Müqavilədən sonra borcun əvəzi olaraq 2 il ərzində bir neçə ay yanında işləyərək borcundan əmək haqqı ilə əvəzləyərək 12000 (on iki min) manat ödəniş etmişdir. Bundan sonra da cavabdehdən ona olan borcunu istəməyə başlamışdır. xx.xx.2021-ci ildə cavabdeh ona olan ümumi borcundan ödəmək məqsədi ilə Nissan Navara markalı avtomobili və Howo markalı yük maşınını 68000 manat borc əvəzinə oğlu Qəhrəmanov Aslana sataraq borcundan ödəmişdir. Cavabdehdən yerdə qalan 111000 (yüz on bir) manat borcunu istədiyi zaman, tezliklə, bir neçə ay ərzində qaytaracağına onu əmin edərək sözlər vermişdir. Ancaq verdiyi sözünə əməl etməmişdir. Cavabdeh hər dəfəsində biznes sahəsində külli miqdarda ziyanlıq etdiyini, yeni iş qurduğunu, maddi vəziyyətinin də tezliklə düzələcəyini bildirmişdir. Cavabdeh bir neçə il yalan vədlər verərək borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh müxtəlif bəhanələrlə onun pulunu mənimsəyir. Cavabdehin onun pulunu mənimsəməsini, xx.xx.2015-ci ildə ondan aldığı qızılların qayınatası Mahmudov Əlicanın evindən, şəxsi seyfindən müəmmalı şəkildə oğurlandığı gündən və ondan sonrakı müddətdə cavabdehin 1 kiloqram qızıla görə qayınatası Mahmudov Əlicandan heç bir şikayət etməməsindən hissetmiş, ancaq tam əmin olmamışdır. Son bir ildə cavabdehin onun pulu ilə aldığı əmlak və texnikaları və onun pulunu mənimsəmək, borcundan da birdəfəlik yaxa qurtarmaq üçün qayınatası Mahmudov Əlican və həyat yoldaşı X2 ilə birgə hazırladığı boşanma, qızıl, ev, torpaq, əmlak və texnika bölüb-bölüşdürmək ssenarisindən və oyunundan sonra cavabdehin niyyətindən daha açıq şəkildə əmin olmuşdur. Cavabdeh aldığı borcları müxtəlif iş sahələrində maddi ziyanlıq etdiyini iddia etdiyini bildiyi üçün cavabdehdən ona verdiyi 300 qram qızılını istəmişdir. Cavabdehin isə həmin qızılları həyat yoldaşı Məhərrəmova İncinin evi tərk etdiyi zaman onları da cibinə qoyub apardığını deməsi cavabdehin açıq-aşkar borcunu qaytarmamaq üçün onu ələ saldığını sübut edir. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də, cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də, bugünədək yerdə qalan 111000 (yüz on bir min) borcundan heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da, cavabdehdə olan pulunu ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcburdur. Məhkəmə iclasında İddiaçı bildirdi ki, iddia verildikdən sonra cavabdehin ona gördüyü işləri hesablamış, qalıq borcdan sonra cavabdehin həqiqətən də təqribən 20000 manatlıq iş gördüyünü müəyyən etmişdir. Buna görə də iddianı qalan hissədə müdafiə etdiyini və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh borclu olduğu pulun bir hissəsini, təqribən 30000 manat hissəsini işləyərək ödədiyini, hazırda 81000 (səksən bir min) manat borcu olduğunu, həmin pulu isə tədricən ödəyə biləcəyini, həmçinin, onda iddiaçının hər hansı qızılının olmadığını bildirərək iddianın qalan hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 10.2019-cu il tarixli qəbzdən görünür ki, Nimət Qəhrəman oğlu Cavabdeh 2013-cü ildən 2019-cu ilədək 212000 (iki yüz on iki min) manat borc pul vermişdir. Cavabdeh həmin borcdan 21000 (iyirmi bir min) manat ödəmiş, qalan 191000 (yüz doxsan bir min) manat borcunu 3-4 il ərzində ödəyib bitirəcəyini bildirmişdir. İddiaçının tələbinə əsasən Cavabdeh ona 91000 (doxsan bir min) manat borcu vardır. Cavabdeh isə bildirir ki, iddiaçıya hazırda 81000 (səksən bir min) manat borcu vardır. Belə olan halda tərəflər arasında borc münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 212000 (iki yüz on iki min) manat borc pul vermişdir. Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 111000 (yüz on bir min) manat borcu yaranmışdır. Cavabdeh bu pulun 30000 manatının qarşılığında iddiaçıya işlər gördüyünü bildirir, iddiaçı isə məhkəmə iclasında etiraf edir ki, cavabdeh onun üçün bu borcdan sonra təqribən 20000 manatlıq da iş görmüşdür. Hazırda iddiaçı cavabdehdən həmin borcun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, məhkəmə iddia tələbinin “300 qram qızılın cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbinin bu hissəsini əsaslandırmaq üçün məhkəməyə sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Həmçinin, iddiaçı cavabdehdən iddia ərizəsində 111000 manat pul tələb etsə də, iddiaçı özü məhkəmə iclasında etiraf etmişdir ki, cavabdeh ona həmin pulun 20000 manatının əvəzində işlər görmüşdür. Əksinə, cavabdeh həmin görülmüş işlərin 30000 manat olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 300 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 91000 (doxsan bir min) manat miqdarında borc və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 91000 (doxsan bir min) manat miqdarında borc və 300 (üç yüz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar