Məhkəmə qərarları › İş №2(014)-1228/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1228/2022

25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1228/2022 25.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasınını onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(014)-43/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh 20 noyabr 2010-cu il təvəllüdlü X3 və 14 iyun 2012-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat alimentin tutulması qət edilmişdir. Uşaqlar artıq böyümüş, onların tələbatları artmış, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentlə uşaqların saxlanılmasında, yəni sağlam böyümələrində, qidalanmasında və vaxtlı-vaxtında müayinə və müalicə olunmalarında, eləcə də şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq və gəlirinin yüksək olmasına baxmayaraq hər uşaq üçün 90 manat ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirməmiş hesab edir. Bununla da o, uşaqların saxlanılmasında, qeyd etdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cavabdehlə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisəyə dair, yəni müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair mübahisənin həlli ilə bağlı mediatora müraciət etmiş, lakin müəyyən edilmiş alimentin miqdarının artırılması ilə bağlı cavabdehlə qarşılıqlı razılaşma olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də alimentin miqdarı ilə cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, cavabdeh Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olan, faktiki olaraq Ağdaş rayonu, Qaradağlı kəndində yaşayan Cavabdeh 20 noyabr 2010-cu il təvəllüdlü X3 və 14 iyun 2012-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq həmin uşaqların 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 193 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya işi ilə əlaqədar ödəmiş olduğu 50 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək müəllim işlədiyini, 180 manat əmək haqqı aldığını, maddi imkanının yaxşı olmadığını, hər ay hər uşaq üçün 100 manat məbləğində aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Ağsu-Kürdəmir rayonları bölməsi tərəfindən verilmiş 133 saylı, 29 mart 2022-ci il tarixli arayışdan görünür ki, Kəlbəcər rayon köçkünü İddiaçı 1993-cü ildən hal-hazıradək Ağdaş rayonu, Zeynəddin kəndində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 20 noyabr 2010-cu il təvəllüdlü X5 və 14 iyun 2012-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 2(014)- 500/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alıimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, iddia qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli. 2(014)-43/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 20 noyabr 2010-cu il tarixdə anadan olmuş X4 və 14 iyul 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 90 manat sabit pul məbləğində aliment olmaqla cəmi 180 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli, 49/2022 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya prosesində vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə, cavabdeh isə özü iştirak etmişdir, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 01 yanvar 2022-ci il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə 20 noyabr 2010-cu il təvəllüdlü X5 və 14 iyun 2012-ci il təvəllüdlü X1 18 yaşına çatana qədər uşaqların saxlanılmaları üçün hər ay hər biri üçün 130 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, Mülki Prosessual Məcəllənin 115-ci maddəsində tərəflərin mediasiyaya müraciət üçün çəkdiyi xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilməmişdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsində məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclərdə məhkəmə məsrəfləri kimi göstərilsə də iddiaçının alimentin artırılması ilə bağlı mediasiya etdiyi müraciət üçün xərci zəruri hesab edilən məsrəf kimi qəbul etmir. Ona görə də həmin xərc iddiaçının özünə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 20 noyabr 2010-cu il təvəllüdlü X5 və 14 iyun 2012-ci il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat, cəmi 260 (iki yüz altmış) manat aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar