Məhkəmə qərarları › İş №2(014)-1229/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1229/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1229/2022 14.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, dönər biznesi qurmaq istəyib, bu məqsədlə o, 2022-ci ilin mart ayında Tap.az saytında Sabit adlı dönər ustası ilə tanış olub. Onunla bu iş barədə danışdıqdan sonra ona hazır biznes almağı məsləhət görmüşdür. Bir neçə gün sonra ona tanımadığı nömrədən zəng gəlmiş, bu Cavabdeh idi. Onun telefon nömrəsini ona Sabit vermişdir. Vüsal zəng edərək onunla birgə iş qurmağı təklif etmiş və Vüsalla görüşüb iş barədə bütün detalları danışdıqdan sonra razılığa gəlmişlər. Razılaşmaları belə olmuşdur ki, o, dönər satacaqları yeri təmir edəcək, lazım olan digər avadanlıqları (əlavə dönər aparatı, izqara aparatı, mərci supu termusu, kartof free aparatı və onalrla xirda lazım olan digər məişət əşyaları) alıb təmi edəcək, Vüsal isə obyekti işlədəcək, onunla aralarında olan danışığa görə hər gün üçün ona 30-35 manat ödəyəcəkdir. Əlavə işçi tutularaq pul ödənilməsin deyə Vüsal ona birgə işləyərək kassaya nəzarət etməyi təklif etmişdir. O, isə Vüsala bu işi vaxt olmadığına görə apara bilməyəcəyini bildirmiş və ona düşən puldan etibarlı işçi tutacağını, onun maaşını özü ödəyəcini bildirmişdir. Obyekt hazır olduqdan sonra Vüsal ona əlavə işçiyə ehtiyac olmadığını və özü idarə edəcəyini bildirmişdir. O, bu ilin aprel ayının 3-nə qədər istədiyi kimi obyekti təmir etdirmiş, reklam işlərini gördürmüş və dediyi lazım olan bütün avadanlıqları almışdır. Bununla da danışıqlarına əsasən üzərinə düşən işi bitirmişdir. Ümumilikdə görülən işlərə və alınan avadanlıqlara 3700 manat xərcləmişdir. Bundan əlavə Vüsal ondan 700 manat borc pul almıpşdır. 2022-ci ilin aprel ayının 3-dən artıq onun gündəlik gəliri hesablanmalı idi. Gündəlik 30 manat bir ay ərzində 900 manat etməli idi. 2022-ci ilin may ayının 3-ü tarixində Vüsal ona ilk aylıq pul verməsinə baxmayaraq, satışın zəif olmasını əsas gətirərək pulu verməkdən boyun qaçırmış, sonra bu templə işləməyin mümkün olmadığını deyərək satmaq qərarına gəlmişdir. Ondan da obyektin satılması üçün ona köməklik etməsini xahiş etmişdir. Obyektin satılmadığını gördükdə Vüsal rayona gedib onun pulunu tapıb ödəyəcəyini bildirmişdir. Bu danışıqlar təxminən aprel ayının 5-i olmuşdur. O tarixdən sonra Vüsal telefon zənglərinə cavab verməmiş, obyekt isə icarə vaxtı bitdiyinə görə bağlanmışdır. O, yalnız obyektdən aldığı dönər aparatını və mərci supuy aparatını götürə bilmiş və həmin avadanlıqla hal-hazırda özündədir. 2022-ci ilin iyun ayına qədər Vüsalla grüşməyə cəhd etmiş, ancaq Vüsal telefon zənglərinə cavab verməmişdir. Cəmi bir dəfə onunla görüşə bilmiş və oan pulu qaytarmalı olduğunu bildirmiş, Vüsal isə pulu işləyib hissə-hissə qaytaracağını söyləmiş və sonrakı bir neçə gün ərzində yalnız ondan aldığı borc 700 manatı qaytarmışdır. Sonra Vüsal bir daha onun zənglərinə cavab verməmişdir. Belə olduğu halda o, hadisə Bakı şəhəri, Nizami rayonunda baş verdiyinə görə, 2022-ci il iyun ayının 9-da Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsinə əsasən bir neçə gün sonra Vüsalı Polis İdarəsinə dəvət etdilər. Vusal Polis İdarəsində dindirildikdən sonra yazılı şəkildə izahatla ona 3700 manat verməli olduğunu qeyd etmişdir. Odur ki, Cavabdeh 3700 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi, 2022-ci ilin mart ayının əvvəllərində dostu Sabitin vasitəsi ilə İddiaçılə tanış olduğunu, tanışlıq zamanı Eltunun bizneslə məşğul olmaq istədiyini bildirdiyini və birlikdə dönər biznesi ilə məşğul olmaq qərarına gəldiklərini, Eltun tərəfindən 3700 manat məbləğində xərcin çəkildiyini, sonradan Ramazan ayı olduğu üçün dönər biznesinin yaxşı işləmədiyini və Eltunun avadanlıqları götürərək getdiyini, çəkilmiş xərcdən 700 manat Eltuna qaytardığını, qalan borcu isə Eltonun avadanlıqları ona qaytaracağı təqdirdə verəcəyini, hal-hazırda işləmədiyindən maddi vəziyyətinin yaxşı olmadığını, 3000 manat borcu hər ay hissə-hissə ödəyəcəyini bildirdi. Həmçinin ərizə ilə müraciət edərək İddiaçı 3000 manat məbləğində borcu olduğunu etiraf edərək maddi imkanı zəif olduğundan hər ay 100 manat məbləğində ödəniş edəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində Eltunla illər əvvəl tanış olduqlarını, bir-birlərinə qonaq gedib gəldiklərini, dönərxanın açılmasında Eltunun vəsait xərclədiyini, lakin məbləği dəqiq bilmədiyini. Vüsalı oradan tanıdığını, Vüsalın evlərini zaloq qoyaraq pul götürüb Eltuna olan borcunu qaytaracağını dediyini, sonradan obyektə gəldiyində Vüsalı görmədiyini bildirdi. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 22 iyun 2022-ci il tarixli, 090- 5407M saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə daxil olmuş ərizəsinin icrası ilə əlaqədar bildirilmişdir ki, ərizəsi mülki xarakterli olduğundan mövcud məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Cavabdeh tərəfindən Nizami Rayon Polis Şöbəsinin 25-ci Polis Şöbəsinə verdiyi izahatında bildirmişdir ki, Eltun adlı şəxs onun dönər ticarətinə şərik olmaq üçün ümumilikdə 4500 manat pul xərcləmişdir. Təxminən iki aya yaxın fəaliyyət göstərdikdən sonra obyekt bağlanması oldu. Eltun xərclədiyi 4500 manat puldan 790 manatını qaytarmış, hal-hazırki maddi vəziyyəti qalan pulu geri qaytarmağa yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan vuran və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinəə sasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyn zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqailə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübkt etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh dönər biznesi ilə məşğul olmaq üçün razılığa gəlmişlər. İddiaçı müəyyən məbləğdə pul xərcləmiş, cavabdeh isə işin idarəçiliyi ilə məşğul olacağını və gündəlik iddiaçıya 30 manat məbləğində ödəniş edəcəyini vədd etsə də, verdiyi sözə əməl etməmiş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Cavabdehin məhkəmə iclasında etirafı ilə müəyyən olundu ki, iddiaçının iddiası qismən əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3000 manat məbləğində pul və 50 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə verilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat borc və 50 manat ödənilmiş dövlət rüsumu, cəmi 3050 manat (üç min əlli manat) alınaraq İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qayada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar