Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1249/2024 15.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh, etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,03 oktyabr 2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında aliment tələbinə dair qətnamə qəbul olunmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 üçün 120 manat məbləğində qətnamə qəbul olunmuşdur. Buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, iş 2(014)-1231/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda oğlunun 7 yaşı var. Ağdaş rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və səhhətində ciddi problemlər var ona görə də, ehtiyacları artırmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qərarı ilə kəsilmiş alimenti belə ödəmir. Uşağın bütün qayğısını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və təlabatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Buna görə də alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh övladı ilə maraqlanmır, heç bir maddi dəstək göstərmir. Övladının psixoloji problemləri vardır, 7 yaşı olmasına baxmayaraq övladı həmyaşıdlarından geridə qalır. Mübahisəli ailədə anadan olduğu üçün övladında problemlər yaranmışdır və bunun üçün övladını mütəmadi Bakı şəhərinə müalicəyə aparır. Uşaq mütəmadi psixoloji müalicə keçməli, lakin maddi imkanı olmadığı üçün uşağının sağalması üçün nəzərdə tutulan müayinə və müalicələri qarşılaya bilmir. Özünün maddi imkanı yoxdur, anası ilə biryerdə yaşayır, anası da təqaüdçüdür. Ona görə də övladının ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdehin işi yaxşıdır. Həftəlik maaş alır. Odur ki, qeyd olunanların nəzərə alınaraq cavabdehlə birgə nikahlarından doğulmuş uşağının saxlanılması üçün alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, nəvəsi xəstədir, müalicə edilməlidir. Həm də uşaqda qüsurlar vardır. Ona görə də iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş uşağının saxlanılması üçün alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, oğlu sənədlə 150 manat maaş alır, həm də əlilliyi vardır 1 gözü görmür. Bir ilə yaxındır ki, ailə qurmuşdur, övladı yoxdur. Nəvəsində heç bir xəstəlik yoxdur iddiaçı yalan danışır. Əgər iddiaçı uşağa baxa bilmirsə, özü uşağa baxa bilər. Ona görə də məhkəmədən iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE 18116059 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Ağdaş şəhərindən anadan olmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 may 2024-ci il tarixli, 3-16-5/8-R-69-708/2024 saylı doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 08 fevral 2024-cü il tarixli X3 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 08 fevral 2024-cü il tarixində saat 10:30-da İddiaçı və Cavabdeh iştirak etmişdir. Mediasiya prosesini davam etdirməyə İddiaçı razılıq verməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 noyabr 2021-ci il tarixli AZ-İ 384669 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 25 oktyabr 2021-ci il tarixdə pozulmuşdur. İşin materiallarında olan Mingəçevir Psixo-Nevroloji Dispanserinin HPK-nın tibbi qərarı xx.xx.2024-cü il tarixli protokolun 201/24 çıxarışından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü 1-ci sinif şagirdi X6 psixoloji inkişafın ləngiməsi stereo tip hərəkət pozğunluğu diaqnozu qoyulmuşdur. İşin materiallarında olan Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli 1087 saylı arayışdan görünür olur ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(014)-1231/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Ağdaş rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 03 oktyabr 2017-ci ildə anadan olmuş X8 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat alliment tutulması, Cavabdeh 20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, 3-cü qrup əlillik üzrə Cavabdeh 150 manat məbləğində müavinət alır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, İddiaçı "xxxx" MMC-də satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə) vəzifəsində işləyərək 345 manat məbləğində əmək haqqı alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 03 oktyabr 2017-ci ildə anadan olmuş X8 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(014)-1231/2021 saylı qətnaməsi ilə, Cavabdeh İddiaçı xeyrinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 03 oktyabr 2017-ci ildə anadan olmuş X8 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. X6 psixoloji inkişafın ləngiməsi stereo tip hərəkət pozğunluğu diaqnozu qoyulmuşdur. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan uşaq üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onunla bağlı olan məsrəflərin artdığını nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən uşaq üçün 120 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini, X4 psixoloji inkişafın ləngiməsi stereo tip hərəkət pozğunluğundan əziyyət çəkməsini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 03 oktyabr 2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 720 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(014)-1231/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 03 oktyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1249/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1249/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver