Məhkəmə qərarları › İş №2(014)-1267/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1267/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1267/2023 06.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə bir müddət əvvəl tanış olduqları üçün bir-birlərinin evinə gedib gəlirlər. Nisəxanım Ağdaş rayonu, Orta Ləki kəndində tibb məntəqəsində tibb bacısı işləyir. 2021-ci ilin yanvar ayında cavabdeh iddiaçıya lotoreya oynamağı təklif etmişdir. Hər aya 100 manat olmaqla, 12 nəfər lotoreya oynayırdı. İddiaçının növbəsi isə 12-ci idi. 2021-ci ilin iyun ayında 1200 manat lotoreyanı iddiaçı götürməli idi, lakin Nisəxanım pula ehtoyacı olduğu bu ayın onlara çatacaq 1200 manaı özünə götürüb, gələn ay onlara 1200 manatı qaytaracağını söz vermişdir. 2021-ci ilin iyul ayında Nisəxanım söz verdiyi 1200 manatı getirməli olduğu halda 100 manat pul gətirib vermişdir. İddiaçı o pulu götürmüş və onun 200 manat borcu qalmışdır. 2021-ci ilin oktyabr ayında yaşadığı evdə olan zaman cavabdeh mobil mobil telefonla iddiaçıya zəng edərək qardaşının cəzaçəkmə müəssisəsindən çıxacağını və bunun üçün ona 500 manat borca pul verməsini istəmişdir. Cavabdeh əvvəl söz verdiyi pulu vaxtında gətirdiyi üçün ona inanmışdır. Bu dəfə Nisəxanıma 500 manat borc pul vermək qərarına gəlmişdir. Nisəxanım onlarda qonaq olan zaman əri ona 700 manat borcu nə vaxat verəcəyini soruşmuş, Nisəxanım isə ona “pulum yoxdur, kredit götürməliyəm, götürsəm verəcəm” söyləmişdir. 2022-ci ilin yanvar ayında xəstə olduğu üçün mobil telefonla Nisəxanıma zəng edərək ona olan borcunu qaytarmasını istəmişdir. O, 700 manat pulu verəcəyini söyləsə də, lakin borcunu verməmişdir. 2022-ci ilin yanvar ayının axırlarında iddiaçı əri Məhəmmədə işdə olan zaman zəng edərək “Nisəxanıma 500 manat pul lazımdır ki, köhnə krediti bağlayıb, yeni kredit götürsün” demişdir. Bu dəfə də əri Məhəmməddən Nisəxanıma 500 manat göndərmişdir. Beləliklə cavabdehin 1200 manat borcu yaranmışdır. 2022-ci ilin fevral ayında Nisəxanıma mobil telefonla zəng edərək “kredit götürdüyün halda nə üçün pulumu geri qaytarmırsan” deyə soruşmuş, Nisəxanım isə ona “hələ kredit götürə bilməmişəm” deyə söyləmişdir. Bundan sonra dəfələrlə Nisəxanıma zəng edərək ona olan 1200 manat borcunu qaytarmasını tələb etmiş, Nisəxanım isə hər dəfə yalan vədlər verərək müddəti uzatmışdır. 2022-ci ilin oktyabr ayında həyat əri Məhəmməd mobil telefonla ona zəng edərək Nisəxanım 1000 manat borca pul istəyir ki, Mingəçevir şəhərində yerləşən “Unibank” da olan kreditini bağlayıb yeni kredit götürsün və bizə olan borcunu versin” deyə bildirmişdir. İddiaçı bu dəfə də razılaşaraq 1000 manat pulu Nisəxanıma vermiş və beləliklə cavabdehin 2200 manat borcu yaranmışdır. 2022-ci ilin oktyabr ayında Nisəxanıma 1000 manat pulu verdikdən sonra, yəni həmin günün axşam saatlarında Nisəxanımla birlikdə Ağdaş şəhər Poçtuna getməli olduqlarını və pulu oradan götürməli olduqlarını demişdir. İddiaçı da onunla razılaşaraq birlikdə Ağdaş şəhər Poçtuna getmişdir. Nisəxanım əlində olan kartı bankomata salmış və bonkamat kartın içində pul olmadığını göstərmişdir. Onlar Ağdaş şəhərində yerləşən “Kapital Bank”a getmişlər, lakin oradan da kredit götürə bilməmişlər. Nisəxanıma bundan sonrada onlardan hissə-hissə 1200 manat borca pul almışdır. Beləliklə cavabdehin bugünki günə onlara olan borcu 3400 manat təşkil edir. Nisəxanım maaş kartını gətirib onlara vermişdir, lakin onlar maaş kartını bankomata daxil etdikdə kartın artıq bloklandığını bilmişlər. Nisəxanım maaş kartını blokladaraq yenisini açdırmışdır. Onlar cavabdehə dəfələrə borcunu könüllü şəkildə qaytarmasını təklif etmişlər, lakin heç bir müsbət nəticəsi olmamışdır. Başlarına gətirilən məsələylə bağlı DİN-in 102 xidmətinə müraciət etmişlər. xx.xx.2023-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ağdaş Rayon Polis Şöbəsi TBnin baş təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 13 iyul 2023-cü il tarixli, HK-1/1228 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi baradə qərar qəbul edilmiş və iş mülki xarakterli olduğu üçün məhkəməyə müraicət edilməsi tövsiyyə olunmuşdur. Sübut qismində cavabdehin 3400 manat borcunun olmasını etiraf edən səs yazısını məhkəməyə təqdim edir. Odur ki, qeyd olunan səbəbdən pulunu cavabdehdən almaq üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək İddiaçı 700 manat məbləğində borc aldığını və həmin borcu Güllünün əri Məhəmmədə geri qaytardığını bildirmişdir. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 13 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşin materiallarında olan bir ədəd disk məhkəmə iclasında dinlənilmiş və müəyyən olunmuşdur ki, Abdullayeva X1 Güllü Nurqələm qızına 3400 manat borcunun olduğunu etiraf etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 54 (əlli dörd) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda olmaqla 3400 manat məbləğində pul vermişdir. Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 3400 (üç min dörd yüz) manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin pulun ona geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi iddiaçı cavabdehə borc pul verməsini bildirsə də, onlar arasında etibarlı borc müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə, tərəflər 3000 manatdan çox məlbəğə dair borc münasibətlərinə daxil olsalar da, qanunvericiliklə müəyyən edilmiş müqavilənin yazılı olması ilə bağlı tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı müqavilə münasibəti yoxdur. Lakin işin faktiki halları ilə iddiaçının 3400 manat pul vəsaitinin cavabdehdə olması (cavabdeh səs yazısında bunu etiraf etmişdir) müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Həmçinin, hazırda cavabdeh iddiaçıdan pul götürdüyünü (eyni zamanda, səs yazısında bu məbləğin həmin an üçün 3400 manat olduğunu) etiraf etsə də, borcunu qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, bu, onun etirazının əsası olduğundan, bu hissədə - yəni borcun qaytarılması ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öz etirazının əsaslarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin iddia tələbinə bu hissədə etirazı əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 3400 (üç min dörd yüz) manat miqdarında borc və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar