Məhkəmə qərarları › İş №2(014)-1270/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1270/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1270/2021 26.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə 22.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********60387 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 929 (doqquz yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 892 manat (səkkiz yiiz doxsan iki) (yəni 16 ay x 55 manat + 12 manat ilkin ödəniş) olan İMEİ kodu **********60387 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 929 (doqquz yüz iyirmi doqquz) manat olmaqla ondan 715 (yeddi yiiz on beş) manat ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 177 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 22.05.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 '‘ABC Telecom” MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludu. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində "Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC" “Müştərri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə teleqram ünvanlayaraq iştrakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış 22.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22.04.2021-ci il tarixə 22.05.2019-cu il tarixli, 00676172 saylı müqaviləyə əsasaən İddiaçı MMC-yə əsas borc üzrə 715 manat, cərimə borcu üzrə 214 manat, cəmi 929 manat borcu qalmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh1 oğlu arasında bağlanmış 22.05.2019-cu il tarixli, 00676172 saylı müqaviləsiyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh1 16 ay müddətinə ayda 55 manat ödəmək şərti ilə, ilkin ödəniş 12 manat olmaqla, dəyəri 892 manat, İMEİ kodu **********60387 olan Samsung Galaxy A50 markalı telefon verilmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış 22.05.2019-cu il tarixli, № 00676172 saylı müqaviləsiyə əsasən “zamin” İddiaçı MMC qarşısında “ alıcı” ilə birlikdə məsuliyyət daşıyır. İşin materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 26.03.2021-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC tərəfindən müqaviləyə əsasən pul ilə bağlı xəbərdar olunmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə borclu Cavabdeh1 oğlunun arasında bağlanmış 22.05.2019-cu il tarixli, № 00676172 saylı müqaviləsiyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh1 16 ay müddətinə ayda 55 manat ödəmək şərti ilə, ilkin ödəniş 12 manat olmaqla, dəyəri 892 manat, İMEİ kodu **********60387 olan Samsung Galaxy A50 markalı telefon vermişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə əsas borc üzrə 715 manat, cərimə borcu üzrə 214 manat, cəmi 929 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 21 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22.05.2019-cu il tarixli, № 00676172 saylı müqaviləyə əsasən əsas borc üzrə 715 manat, cərimə borcu üzrə 21 manat, cəmi 736 manat məbləğində borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22.05.2019-cu il tarixli, № 00676172 saylı müqaviləyə əsasən əsas borc üzrə 715 manat, cərimə borcu üzrə 21 manat, cəmi 736 manat məbləğində borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar