Məhkəmə qərarları › İş №2(014)-1271/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1271/2023

04.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1271/2023 04.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Ərizman oğlu onun həmkəndlisiir, çobanlıqla məşğul olur. Kənd sakinlərinə məxsus mal-qaranı otarmaqla naxırçılıq edir. Cavabdeh 14 iyul 2023-cü il tarixdə, təxminən saat 07:00 - 08:00 radələrində, Bakı-Qazax avtomobil yolunun 267.9 km-liyində, Əmirarx kəndi ərazisindən keçən hissəsində, üzü Yevlax rayonu istiqamətində yolun kənarı ilə mal-qara sürüsünü aparan zaman iddiaçıya məxsus olan bir baş iribuynuzlu malı sürüdəki başqa heyvan vurmuş və heyvan avtomobil üçün nəzərdə tutulmuş yola çıxmış, nəticədə arxadan gələn **-JM-*** dövlət qeydiyyat nömrə nişanlı, “Man markalı” nəqliyyat vasitəsi heyvanı vurmuş, bunun nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və heyvan tələf olmuşdur. Hadisə baş verdikdən sonra cavabdeh istifadəsində olan mobil telefonuna zəng vuraraq, avtomobilin ona məxsus bir baş iribuynuzlu heyvanı vurub öldürməsı baradə məlumat vermişdir. O, dərhal hadisə yerinə gəlmişdir. Bir müddət sonra hadisə yerinə YPX-nin əməkdaşları gələrək sənədləşmə işlərini aparmışdırlar. Hadisəyə səbəb cavabdehin mal-qaranın nəzarətsiz buraxması olmuşdur. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsində (mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Baş vermiş inzibati xətayla bağlı Vİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir. Protokolda cavabdeh tərəfindən törədilmiş inzibati xətalar sübuta yetirilmiş, hadisənin cavabdehin təqsiri ucbatından baş verməsi də öz əksini tapmışdır. Həmin heyvan tələf olan zaman boğaz olmuş və ay yarım sonra doğuş edəcəkdi. Cavabdehin təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində ona 1600 (min altı yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdehə ona dəymiş maddi ziyanı ödəməsini, məsələni məhkəmə müstəvisinə daşımağa ehtiyac olmadığını bildirsə də, cavabdeh ona dəymiş maddi ziyanı könüllü ödəməkdən boyun qaçırmışdır və ona məhkəməyə müraciət edə biləcəyini söyləmişdir. Cavabdehin ona vurduğu 1600 manat maddi zərəri könüllü ödəməkdən yayındığından aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək bildirmişdir ki, iddia ərizəsində iddiaçıya aid məlumatların qeyd edildiyi hissədə soyadı “Yunusov” əvəzinə səhvən “Yusifov” kimi qeyd edilmişdir. Odur ki, “X2”nun İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia ərizəsində göstərilənləri əsassız hesab edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP5542707 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, 14 iyul 2023-cü il tarixdə Cavabdeh mal-qara sürüsünü aparan zaman iddiaçıya məxsus olan bir baş iribuynuzlu malı **-JM-*** dövlət qeydiyyat nömrə nişanlı, “Man markalı” nəqliyyat vasitəsi heyvanı vurmuş və heyvan ölmüşdür. Hazırda iddiaçı həmin tələf olmuş bir baş iribuynuzlu heyvanın əvəzi olaraq cavabdehdən 1600 manat pul tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qеyd еdir ki, iddiа tələbinin qаnuni əsаsını mülki qаnunvеriciliyin mülki hüquq pоzuntusu ilə bаğlı müddəаlаrı təşkil еdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçının heyvanına cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində maddi ziyan dəydiyini (öldüyünü) iddia etsə də, lakin işin materiallarına ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanının miqdarının müəyyən edilməsinə dair heç bir mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar