Məhkəmə qərarları › İş №2(014)-1273/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1273/2024

15.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1273/2024 15.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “süni maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “süni maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Ağdaş rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə ona, mərhum həyat yoldaşı X6, mərhum qayınatası X3 və qızı X4 Ağdaş şəhəri ərazisindən 0.06 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən adlarına həyətyanı torpaq sahəsi verilmiş subyetlər siyahısına əlavə olunmuş, ancaq onlara şəhadətnamə verilməmişdir. Bununla bağlı tərəfindən ona, mərhum həyat yoldaşına və qızına məxsus həyətyanı torpaq sahəsinə çıxarış almaq qərarına gəlmişdir. Hazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq zərurəti yaranmışdır. Bununla bağlı həmin torpaq sahəsinə adına çıxarış almaq üçün DƏDRX-nə müraciət etmişdir. Müraciətlərinə əsasən DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmişdir. Lakin həmin torpaq sahəsinin bir hissəsini zəbt edərək məskunlaşmış cavabdeh tərəfindən torpaq sahəsinin müayinəsinə maneə törədilmiş, şərait yaradılmamışdır. Halbuki cavabdehin həmin torpaq sahəsinə dair heç bir mülkiyyət hüququ yoxdur. Cavabdeh mühəndisə həyətyanı sahədə ölçü işləri aparmağa imkan verməmiş, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni maneələr törətmişdir. Bu səbəbdən də torpaq sahəsində inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. DƏDRXnin 17 saylı ərazi idarəsi tərəfindən 01 iyul 2024-cü il tarixli 3-21-3-35/2-25 saylı məktubla torpaq sahəsinin hüquqi sənədləşdirilməsi üçün müraciətindən imtina edilmişdir. Bütün bunlara görə yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə çıxarış ala bilməmişdirlər. Cavabdehlə aralarında razılığa gələ bilmədikləri üçün hazırki tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh tərəfindən 17 saylı ərazi idarəsinin əməkdaşlarının gəlib ölçü aparılmasına icazə verilməsini istəyir. Çünki həmin ev iki hissədən ibarətdir, bir hissəsi onun, digər hissəsi cavabdehin mənzilidir. O, evin özünə məxsusu hissəsinin qapısını bağlasa da, həyətə giriş ümumidir, onun açarını da cavabdeh dəyişib, evinə girə bilmir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, 2010-cu ildən İddiaçı həmin ünvanda yaşamır, qapı bağlıdır. DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən ölçü işlərinin aparılmasına heç bir etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli AZ-İİ 253619 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 16 aprel 2022-ci il tarixdə Ağdaş şəhərindən vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2580/2024 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən məlum olur ki, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evi üzərində mərhum X1 mülkiyyət hüququnun qeydiyyata alınması və texniki pasportunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ********** saylı ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılması üçün Ərazi İdarəsinin mühəndisi tərəfindən sözügedən daşınmaz əmlakda olan zaman ailədaxili mübahisənin olduğu aşkarlannmışdır. “Daşınmaz əmlakın dövlətr reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxiledilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatına dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair əsasən ərizənizin icrasından imtina edilir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli 1049 saylı arayışdan görünür ki, 19 mart 1972-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri ünvan 3 ünvanı qeyd olunmuş mərhum X5 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 25 may 2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. 1. Həyat yoldaşı: İddiaçı, qızı: X7. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146.1-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1156.1-ci maddəsinə əsasən əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X2 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının ərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mərhum həyat yoldaşı X5 yaşadığı evə mülkiyyət hüququ əldə etmək üçün çıxarış almaq üçün DƏDRX-nə müraciət etmiş və DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmiş, lakin Cavabdeh həmin torpaq sahəsinə mühəndislərin daxil olmasına icazə vermədiyindən, iddiaçı məhkəməyə müraciət etmiş, hazırda cavabdeh iddia tələbini qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən Ağdaş rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni manelər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən Ağdaş rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar