Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1276/2021 26.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı Əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 2730 manat, 356 manat maddi zərər, 5000 manat mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, 08 fevral 2017-ci il tarixdə onun Azərbaycan Respublikasında olmamasından istifadə edən cavabdeh Ağdaş Rayon Məhkəməsinə borc tələbi ilə bağlı məhkəmə əmrinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, ümumilikdə 8724 manat borcun və 20 manat dövlət rüsumu olmaqla ondan məhkəmə qaydasında pul məbləğinin tutulması və ona ödənilməsini xahiş etmişdir 16 fevral 2017-ci il tarixdə məhkəmə əmrinə dair ərizə təmin edilmişdir. O, Azərbaycana qayıdandan sonra və Dost MMC-də işləyən zaman onun əmək haqqısından icra və probasiya şöbəsi pul tutarkən bilmişdir ki, onun barəsində məhkəmə əmri mövcuddur.Odur ki, o,12 dekabr 2020-ci il tarixdə məhkəməyə məhkəmə əmrinin ləğvi barədə əriz vermiş və məhkəmə əmri ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Bildirir ki, 01 mart 2021-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında hər iki tərəf iştirak etmiş,həmçinin onun şahidləri də dinlənilmişdir,onun haqlı olması sübuta yetirilməsinə baxmayaraq məhkəmə iclası təxirə salınaraq 31 mart 2021-ci il tarixə təyin edilmişdir. Odur ki, həmin iclasın tarixi barədə ona məlumat verilmədən iddia ərizəsi 31 mart 2021-ci il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Belə ki, onu mülahizəsinə görə bu ona görə idi ki, daha sonra işə təkrar baxıla bilsin. Qeyd etmək istəyir ki, o,Türkiyədə qızıgildə yaşayarkən cavabdeh oğlundan müxtəlif qanunsuz yollarla onun mobil telefonunu almış və onu sərhəddə tutduracağı hədəsi ilə ondan 10 ay müddətinə 200 manat pul almışdır. Nəzərə çatdırır ki, o, cavabdehə borclu olmadığını bilsə də, sərhədi keçərkən həbsə alına biləcəyindən qorxaraq 10 ay müddətində cavabdehə 200 manat pul göndərməyə məcbur olmuşdur. Qeyd edir ki, məsləni tamamilə həll etmək üçün o,vətənə qayıtmış və məhkəmə əmrinə etiraz etsə də, məhkəmə işin birdəfəlik həllinə mane olaraq iddianı baxılmamış saxlamış,daha sonra isə iş üzrə icraatı təzələyərək cavabdehin xeyirnə qərar çıxarmışdır. Qeyd edir ki, vətənə bu məsələnin həlli üçün qayıdarkən Nidə Ağ saray şəhərindən Ankara şəhərinin Hava limanına qədər avtobus Azərbaycan manatı ilə 30 manat, Ankaradan təyyarə ilə Bakıya gələrkən biletə 310 manat və Bakıdan Ağdaşa gələrkən 15 manat xərci caavbdehin günahı ucbatından çəkmişdir. Cavabdeh hərəkəti ilə ona ciddi zərər vurmuş və ondan 2730 manat pul məbləği almışdır. İşin faktiki halları ilə bağlı bildirir ki, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi 24 ay olmuşdur və ödənişlər vaxtında ödənilmişdir. Hazırda onun cavabdehə borcu yoxdur.Sadəcə olaraq o,cavabdehə borcu ödəyərkən heç bir kassa mədaxil qəbzləri cavabdeh ona verməmişdir. O, borcu ödəyib qurtarsa da, cavabdeh ona təmizlik kağızı verməmişdir. O, cavabdehin qanunsuz əməlləri nəticəsində 5000 manat mənəvi zərər çəkmişdir. Hesab edir ki, iddiası əsaslıdır.Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, İddiaçı X1 xeyrinə 8724 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. İş materiallarında olan 17 dekabr 2020-ci il tarixli məhkəmə bildirişindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmişdir, işə iddia icraatında baxılması üçün 27 yanvar 2021-ci il tarixə təyin edilmiş bu barədə tərəflər xəbərdar edilmişlər. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadından görünür ki, Cavabdeh İddiaçı qarşı borc tələbi haqqında iddia ərizəsi tərəflərin gəlməməsi səbəbindən baxılmamış saxlanılmışdır. İş materiallarında olan Okean cehiz mağazasının qəbzlərindən görünür ki, İddiaçı borc üzrə 80 manat pul ödəmişdir. İş materiallarında olan kassa qəbzlərindən görünür ki, İddiaçı borc üzrə Cavabdeh cəmi 365 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra və Probasiya şöbəsinin 26 iyul 2021-ci il tarixli məhkəmənin sorğusuna cavab məktutundan görünür ki, İddiaçı əmək haqqısından Ağdaş Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün 650 manat tutularaq Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona Əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardAn istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya qarşı məhkəmənin icraatında borc tələbi haqqında iddiası mövcuddur. İddiaçı cavabdehə borcunun olmaması və iddiasının əsaslı olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin məhkəmənin icraatında tərəflər arasında mövcud olan borc tələbinə dair iddiaya dair mülki iş üzrə cavabdeh tərəfindən iddiaçının ona borclu olmasına dair müvafiq sübutlar təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli,ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsi tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1276/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1276/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver