Məhkəmə qərarları › İş №2(014)-1276/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1276/2024

19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1276/2024 19.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X10 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi və təyin edilmiş alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi və təyin edilmiş alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş 06 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(014)-890/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş (80 manat məbləğində) alimentin miqdarının 235 (iki yüz otuz beş) manat məbləğində artırılması, eyni zamanda 27 yanvar 2021-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat (iki yüz otuz beş) manat məbləğində, cəmi iki uşaq üçün 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin cavabdeh xx xxxx 1985ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh tutularaq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu il tarixdə rəsmi nikah qeydə aldırmadan evlənmişlər. Evliliklərindən 06 fevral 2012-ci il təvəllüdlü X7 və 27 yanvar 2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Münasibətləri pozulduğu üçün övladları X8 doğulmamışdan əvvəl faktiki olaraq ayrılmışlar. Aliment tələbi ilə bağlı məhkəməyə müraciət edərək 06 fevral 2012-ci il tarixdə doğulmuş övladları X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb etmiş və Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(014)-890/2015 nömrəli qətnaməsinə əsasən iddiası qismən təmin edilmiş, yəni Cavabdeh 05 may 2015-ci il tarixdən başlayaraq 06 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Bir müddət sonra cavabdehlə barışmışlar və 27 yanvar 2021-ci ildə övladları X8 doğulmuşdur. Hal-hazırda Cavabdeh onlara baxmır və o, iki azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Uşaqlar hər il böyüdükcə xərcləri artır. Lakin Cavabdeh tərəfindən onlara qarşı heç bir qayğı göstərilmir və atalıq borcu yerinə yetirilmir. Ona görə də məhkəmə qaydasında 06 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, yəni artırılmasını, eyni zamanda 27 yanvar 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdehla 2009-cu il tarixdə rəsmi nikah qeydə aldırmadan evlənmişlər. Evləndikdən sonra Rusiya Federasiyasında yaşamışlar və faktiki nikah münasibətlərindən 06 fevral 2012-ci il təvəllüdlü X7 doğulmuşdur. Uşaq doğulduqdan iki il sonra münasibətləri pozulduğundan Cavabdehla ayrılmışlar və o, Azərbaycana valideynlərinin yanına qayıdıb gəlmişdir. Təxminən 4-5 ildən sonra Fəqanla barışaraq birlikdə yaşamışlar və birgə yaşadıqları müddətdə 27 yanvar 2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Yenə də Fəqanla münasibətləri pozulmuş və 4 aydır ki, ayrılmışlar və ayrı yaşayırlar. İki uşağın ehtiyaclarını təkbaşına qarşılaya bilmədiyi üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını, eyni zamanda Sübhan Səmədlinin saxlanılması üçün aliment tələb edir. Qeyd edilənlərin nəzərə alınıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək bildirdi ki, Cavabdeh onun qardaşıdır. Qardaşı xəstədir və fəhlə işləyir. Birinci doğulmuş uşağın saxlanılması üçün təyin edilmiş alimentin artırılmamasını, ikinci doğulmuş uşağın saxlanılması üçün minimum məbləğdə alimentin təyin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X11 VVAQ İdarəsi şəhər dairəsinin Oktyabrsk Rayon VVAQ şöbəsi tərəfindən verilmiş 21 fevral 2012-ci il tarixli, İİ – EP № 759269 saylı doğum haqqında şəhadətnamənin və İ – EP № 570501 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 06 fevral 2012-ci il tarixdə Rusiya Federasiyası, Samara şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Ağdaş Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli, 3-16- 5/8-69-M-966/2024 saylı doğum haqqında arayışdan görünür ki, X8 27 yanvar 2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(014)-890/2015 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, 06 iyun 1985-ci tarixdə Ağdaş şəhərində doğulmuş, Ağdaş şəhəri, Üçqovaq küçəsi 2/2-də yaşayan Cavabdeh 05 may 2015-ci il tarixdən başlayaraq 06 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı xeyrinə verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 avqust 2024-cü il tarixli arayışından görünür ki, alimentin təyin edilməsi və təyin edilmiş alimentin miqdarının artırılması tələbinin mübahisələndirilməsi üzrə 06 avqust 2024-cü il tarixdə saat 10:30-da keçirilmiş mediasiya prosesində İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 06 fevral 2012-ci il təvəllüdlü X7 və 27 yanvar 2021-ci il təvəllüdlü X8 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(014)-890/2015 nömrəli qətnaməsi ilə Cavabdeh 05 may 2015-ci il tarixdən başlayaraq 06 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda İddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını, eyni zamanda 27 yanvar 2021-ci il təvəllüdlü X6hn saxlanılması üçün alimentin təyin edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 27 yanvar 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, həmçinin iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 12 avqust 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə, 06 fevral 2012-ci il təvəllüdlü X3 mənafeyini, onunla bağlı olan məsrəfləri, saxlanılması üçün cavabdehdən 80 manat miqdarında alimentin tutulmasını hazırki dövrdə kifayət etməməsini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Fidan Səmədovanın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və qanunun uşaq üçün müəyyən edilmiş yaşayış minimumu həddi ilə bağlı tələblərinin təmin edilməsi baxımından alimentin məbləği artırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(014)-890/2015 nömrəli qətnaməsi ilə 02 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən olunmalı, 27 yanvar 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, qətnamənin təyin olunmuş alimentlə bağlı hissəsi dərhal icra olunmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması isə bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti, artırılan hissəyə nisbətdə 1080 manat, 27 yanvar 2021-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin qiyməti 2040 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 51,20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(014)-890/2015 nömrəli qətnaməsi ilə 02 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən olunsun. 27 yanvar 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamənin təyin olunmuş alimentlə bağlı hissəsi dərhal icra olunsun, miqdarı dəyişdirilmiş alimentin tutulması isə bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh 51,20 (əlli bir manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar