Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1285/2024 06.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X4 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "Pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "Pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində borc və 61 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 4061 manat məbləğində borcun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, o, əvvəldən tanıdığı və yaxın münasibətdə olduğu Cavabdeh 01 fevral 2024-cü il tarixdə qaytarmaq şərti ilə 29 noyabr 2023-cü il tarixdə 4000 manat məbləğində borc pul vermişdir. Lakin Cavabdeh sonradan vədinə əməl etməyərək aldığı borcu geri qaytarmamışdır. Dəfələrlə borcun geri qaytarılmasını tələb etsə də cavabdeh borcunu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh pandemiya dövründə Yevlax şəhərində yaşayan, soyadını və yaşadığı ünvünı bilmədiyi Ceyhun adlı şəxsdən 3000 (üç min) manat borc pul almış, həmin borcla bağlı cavabdehin Türkiyədə olan yeznəsi onun adına pul göndərmişdir. O da cavabdehlə birlikdə Yevlax şəhərində “Kapital Bank”a gedib 2000 (iki min) dollar pulu almış və milli valyutaya dəyişdikdən sonra Nazim həmin pulu borc aldığı şəxsə vermişdir. Bütün bunlar 2021-ci ildə baş vermişdir. Bundan sonra Cavabdeh ondan borc pul istəmiş, o da cavabdehi çoxdan tanıdığı və ona inandığından Cavabdeh 29 noyabr 2023-cü il tarixdə 01 fevral 2024-cü il tarixdə qaytarmaq şərti ilə 4000 manat məbləğdə borc pul vermişdir. Lakin Cavabdeh vədinə əməl etməyərək borc aldığı 4000 manat məbləğdə pulu onu qaytarmamışdır. Dəfələrlə cavabdehdən ona verdiyi 4000 manat borc pulu qaytarmasını xahiş və tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi qəbz 2021-ci ilin qəbzidir, o, isə cavabdehə borcu 2023-cü ildə vermişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçıla təxminən 7-8 ildir ki, tanışdırlar. O, 2021 -ci ildə iddiaçıdan 3000 manat borc pul götürmüşdür. Belə ki, onun Bərdədən olan, hazırda vəfat etmiş Eldar adlı tanışı olmuşdur. Eldarın qazi olan oğlu yıxılmış və boynu qırıldığından müalicəsinə pul lazım olmuşdur. Bu səbəbdən də Eldar bir aya qaytarmaq şərti ilə 3000 manat borc pul tapmasını ondan xahiş etmiş və maşınını satıb pulu qaytaracağını bildirmişdir. O da tanışı İddiaçı bir aya qaytarmaq şərti ilə 3000 manat borc pul istəmiş, İddiaçı da ona bir aya ümumilikdə 4000 manat alacağını bildirmişdir. O, Ramilin şərtlərini Eldara bildirmiş, sonuncu da məcbur olduğundan həmin şərtlərlə razılaşmışdır. Bundan sonra İddiaçı 3000 manat pulu alıb aparıb Eldara vermişdir. Pulu verəndən 3 gün sonra Eldara zəng etmiş, lakin Eldarın telefonuna zəng çatmadığından Bərdəyə, yəni onların evlərinə getmiş, arvadı ərinin evdə olmadığını, uşağı Bakı şəhərinə xəstəxanaya apardığını bildirmişdir. Daha sonra o, bu barədə Türkiyədə yaşayan yeznəsinə məlumat vermiş və yeznəsi borcu qaytarmaq üçün bank vasitəsilə İddiaçı adına 2000 ABŞ dolları göndərmişdir. İddiaçı da həmin pulu bankdan götürmüşdür. Beləliklə də Ramildən aldığı 3000 (üç min) manat borcun qarşılığında 3400 (üç min dörd yüz) manat məbləğində pulu qaytarmış, İddiaçı heç bir borcu qalmamışdır. Borc pulu almasını təsdiq edən və iddiçının məhkəməyə təqdim etdiyi qəbzə gəldikdə, həmin qəbz onun tərəfindən yazılmışdır. Qəbzdə pulun 29 noyabr 2023cü ildə alınması və 2024-cü ilin fevral ayında qaytarılması barədə fikirləri Ramilin diktəsi ilə yazmışdır, qəbzi yazan zaman bu tarixlərə fikir verməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş əlyazmadan görünür ki, Cavabdeh ehtiyacı olduğu üçün İddiaçı 29 noyabr 2023-cü il tarixdə 4000 manat borc almış və 01 fevral 2024-cü il tarixdə geri qaytaracağına dair öhdəlik götürmüşdür. Mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 61 (altmış bir) manat dövlət rüsumu ödəmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 4000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan borc kimi almasını təsdiq edən qəbzi məhkəməyə təqdim etmişdir. Həmin qəbz ilə müəyyən olunur ki, həqiqətən cavabdeh iddiaçıdan 4000 manat məbləğində pulu borc kimi almışdır. İddiaçı isə həm iddia ərizəsində, həm də məhkəmə iclasında bildirir ki, cavabdeh aldığı borcu geri qaytarmamışdır. Lakin, cavabdeh həmin məbləği iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh, məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan aldığı pulu özü üçün deyil, tanışı Eldar adlı şəxs üçün aldığını bildirsə də, işin bu halı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, məhz tərəflər arasında 29 noyabr 2023-cü il tarixli şifahi qaydada bağlanmış real borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 01 fevral 2024-cü il tarixdə qaytarılması şərti ilə 4000 manat məbləğində pul vermişdir. Bununla da tərəflər arasında şifahi qaydada bağlanan borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Öhdəliyə əsasən cavabdeh borc kimi aldığı pul məbləğini iddiaçıya razılaşmada, eyni zamanda iş materiallarında olan qəbzdə göstərilən müddətdə qaytarmalı idi. Cavabdehin borc kimi aldığı pul məbləğini başqa şəxsə verməsinin, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətinə heç bir aidiyyəti yoxdur və hazırki iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin cavabdeh məhkəmə iclasında iddiaçıdan aldığı məbləğin Türkiyədə olan yeznəsi tərəfindən göndərilmiş 2000 ABŞ dolları milli məzənnəyə uyğun olaraq iddiaçı tərəfindən alınaraq həmin borcun qaytarılmasını iddia etmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdə 2000 (iki min) ABŞ dolları məbləğində pulun İddiaçı tərəfindən alındığı əks olunsa da pulun alınma tarixi qəbzlərdə xx.xx.2021-ci il kimi göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə 4000 (dörd min) manat pulun verilməsini təsdiq edən qəbzdə isə həmin tarix xx.xx.2023-cü il qeyd olunmuşdur. Qeyd olunan bu fakt isə cavabdeh tərəfindən iddia ərizəsində mübahisələndirilən 4000 (dörd min) manat pulun iddiaçıya qaytarılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci naddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 29 noyabr 2023-cü il tarixdə şifahi qaydada real borc müqaviləsi bağlanmış və iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan borc kimi aldığı 4000 manat məbləğində pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini lazımında icra etməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməli, Cavabdeh 4000 manat məbləğində borc və 61 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 manat məbləğində borc və 61 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-1285/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1285/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver