Məhkəmə qərarları › İş №2(014)-1286/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1286/2024

21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1286/2024 21.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X2 Mərkəzi Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 561 (beş yüz altmış bir) manat məbləğində pul vəsaiti Cavabdeh İsrafil oğlundan tutulub 13 saylı X2 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə Mərkəzin Ağdaş meşəbəyliyinin 5 saylı meşə dolayına baxış keçirən zaman Ağdaş rayonu Abad kənd sakini Cavabdeh İsrafil oğlunun özbaşına olaraq mal-qarasını X5 sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsini 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 561 (beş yüz altmış bir) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2020-ci il tarixli 337 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Ağdaş rayonu Abad kənd sakini Cavabdeh İsrafil oğlu özbaşına olaraq mal-qarasını X5 sahəsinə gətirib otarmış, 561 (beş yüz altmış bir) manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdeh barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmiş və ümumilikdə Cavabdeh İsrafil oğlunun 961 manat məbləğində borcu yaranmışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, mal-qarasını otarmağa öz sahəsinə aparmışdır. Onun savadı yoxdur, ona ağ kağıza imza çəkdirilmişdir. İmza çəkərkən inzibati xəta törətdiyini bilməmişdir. Heç kim ona şikayət verməli olduğunu başa salmamışdır. Heç bir gəlir yeri yoxdur. Maddi imkanı yoxdur. Məhkəmə proses iştirsakçılarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 011156 saylı aktın surətindən görünür ki, meşə dolayısına baxış keçirərkən Ağdaş rayon Abad kənd sakini Əzizov X1 novat mal-qarasını meşə sahəsinə buraxdığını aşkar edilmişdir. Mal-qara dağınıq halda idi, bütün meşə sahəsinə dağıldığından ancaq 85 iri buynuzlu mal qara sayılmışdır. Novatcı izahat verərək bildirdi ki, bilməmişdir, ancaq hamı mal-qarasını sahibsiz halda meşə sahəsinə buraxır. Bunun nəticəsində meşəyə AR-nın Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarına əsasən 85 baş iri buynuzlu mal-qara 5-6 manat 561 manat ziyan dəymişdir. Bu hal AR-nın İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən inzibati xətadır. İşin materiallarında olan 21 iyul 2020-ci il tarixli. İXP MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Abad kənd sakini Cavabdeh İsrafil oğlunun özbaşına olaraq mal-qarasını X5 sahəsinə gətirib otarması faktı müəyyən edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinin tələblərini pozduğundan, onun barəsində ptorokol tərtib edilmişdir. İşin materiallarında olan 17 avqust 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Bərdə RMTM-nin Ağdaş meşəbəyliyinin 5ci meşə dolayında 85 baş iri buynuzlu mal-qaranı qeyri qanuni olaraq, heç bir icazəsi olmadan meşə sahəsində otarır və meşəyə ziyan vurur, nəticədə Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İşin materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə X2 Mərkəzi tərəfindən verilmiş 20 iyul 2020-ci il tarixli 337 saylı bildirişin surətindən görünür ki, Ağdaş rayonu Abad kənd sakini Cavabdeh Bərdə RMTM-nin Ağdaş meşəbəyliyinin 5 dolayında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktında göstərilən meşə pozulmalarının nəticəsində meşəyə dəyən ziyan AR-nın xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən 1 baş iri buynuzlu mal-qara 5-6 manat 85 baş 561 manat ziyan dəymiş, AR-nın İXM-nin 257-ci maddəsinə əsasən 400 manat cərimə, ümumilikdə meşəyə dəyən ziyan və cərimə 961 manat olmuşdur. İşin materiallarında olan xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş izahatın surətindən məlum olur ki, otardığı mallar, Ağdaş rayon Abad kəndinin novat mallarıdır. Camaat həmişə mal-qarasını meşə sahəsinə gətirdiyindən, o da, bura gətirmişdir. Səhf etdiyini, bir daha mal-qarasını meşə sahəsinə sürməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Abad kənd sakini Cavabdeh İsrafil oğlunun özbaşına olaraq mal-qarasını X5 sahəsinə gətirib otarması faktı müəyyən edilmiş, bunun nəticəsində meşəyə AR-nın Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarına əsasən 561 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməli, meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 561 (beş yüz altmış bir) manat məbləğində pul vəsaiti Cavabdeh İsrafil oğlundan tutulub 13 saylı X2 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 561 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 561 (beş yüz altmış bir) manat məbləğində pul vəsaiti tutulub 13 saylı X2 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar