Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1292/2022 16.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin noyabr ayından 2021-ci ilin yanvar ayınadək maşın almaq məqsədi ilə ehtiyacı olduğu üçün ondan 5600 (beş min altı yüz) manat borc pul almışdır. Bununla da cavabdehlərin ona 5600 manat borcu yaranmışdır. Cavabdehlər bu məbləği alarkən əmək haqqı kartı ilə və nağd ödəniş etməklə bir neçə ay ərzində borclarını qaytaracağını bildirmişdilər. Borclarını tezliklə qaytarmaq məqsədi ilə aylıq ödəniş etmək üçün hər ay 100 (yüz) manat ödəmək məqsədi ilə əmək haqqı kartlarını ona vermişlər. O, 3 ay əmək haqqı kartından 100 manat borcundan çıxaraq 236 manat əmək haqqının hər ay yerdə qalan 136 manatını cavabdehlər ondan gəlib almışlar. Ancaq 3 aydan sonra cavabdehlər əmək haqqı kartını bağlatmış və ona olan yerdə qalan 4700 (dörd min yeddi yüz) manat borclarını ödəməkdən boyun qaçırmışlar. Cavabdehlər borcunu tezliklə, bir neçə ay ərzində qaytaracaqlarını bildirərək ona borclarını əmək haqqı kartı ilə ödəyəcəyinə əmin edərək söz vermişlər. Cavabdehlər borcunu 2021-ci ilin dekabr ayının sonunadək qaytaracağını bildirərək bunun sübutu kimi onunla yazılı borc müqaviləsi bağlamışlar və onu 12 ay ərzində pulu ödəyəcəklərinə əmin edərək söz vermişlər. Ancaq cavabdehlər verdikləri sözlərinə əməl etməmişlər. Cavabdehlər 3 ay borcundan hər 100 manat ödədikdən sonra əmək haqqı kartlarını növbəti ay bağlatdırmışlar. Bundan sonra cavabdehlər maddi vəziyyətinin pis olduğunu, hər ay mütəmadi borclarını tam ödəyəcəklərini bildirmişlər. Ancaq cavabdehlər ona verdikləri sözlərinə əməl etməmişlər, hər dəfəsində ailə problemlərinin olduğunu, tezliklə borclarını ödəyib bitirəcəyini bildirmişlər. Cavabdehlər bir neçə ay yalan vədlər verərək borcunu ödəməkdən boyun qaçırdılar. Dəfələrlə cavabdehlərə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsələr də, cavabdehlər hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsələr də, bugünədək heç bir məbləğ ödəməmişdir. Hazırda borcludan alacağı məbləğin 500 (beş yüz) manatı tərəfindən müqavilə əsasında İddiaçı2 güzəşt edilmişdir. İddiaçı2 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Lakin iddia ərizəsində İddiaçı1 tərəfindən ona güzəşt olunan 500 manat məbləği tələb etməmişdir. İddia ərizəsində dəqiqləşmə apararaq xahiş hissəsində Cavabdeh1 və Cavabdeh2 tələb olunan 4700 manat miqdarında borcun, 4200 manatının İddiaçı1, 500 manatının da İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 İddiaçı1 olan borcunu maddi imkanları yaxşı olmadığına görə ödəyə bilmirlər. Kənddə olan evlərini satışa çıxarıblar. Ev satıldıqdan sonra borclarını ödəyəcəklər. Cəmil hazırda Rusiya Federasiyasındadır. Dekabr ayında Ağdaşa gələrək məsələni həll edəcək. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavadeh Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavadeh Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Şərifova X1 Günel Natiq qızına 5500 (beş min beş yüz) manat borc pul vermişdir. İşin materiallarında olan İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli tələbin güzəşti barədə müqavilədən görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində verdiyi borc pul məbləği müqabilində dəymiş maddi zərərə görə borc öhdəliyi daşıyan Cavabdeh1 qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 500 manat həddində İddiaçı2 güzəşt etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı1 Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 67 (altmış yeddi) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 Cavabdeh1 5500 (beş min beş yüz) manat borc pul vermişdir. Eyni zamanda, İddiaçı1 həmin borcun 500 manatını müqavilə üzrə İddiaçı2 güzəşt etmişdir. Cavabdeh1 üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun 4700 manat borcu yaranmışdır. Hazırda iddiaçılar cavabdehlərdən həmin borcun onlara geri qaytarılmasını tələb edirlər. Həmçinin, iddiaçılar digər Cavabdeh2 belə bir öhdəlik götürməsinə dair məhkəməyə sübut təqdim etməyiblər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 4700 manat miqdarında borcun 500 manatı İddiaçı2, 4200 manatı və 67 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı1 xeyrinə alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 4700 manat miqdarında borcun 500 manatı İddiaçı2, 4200 manatı və 67 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı1 xeyrinə alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1292/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1292/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver