Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1307/2024 28.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X10 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “süni maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “süni maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə ona, yəni İddiaçı mərhum atası X7 və mərhum anası X1 Ağdaş rayonu, Xosrov kənd ərazisindən 0.035 ha kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmçinin ona mərhum atası X7, mərhum anası X3 və Cavabdeh Xosrov kənd ərazisindən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bununla bağlı DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Hazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq və mərhum valideynlərinə notarial qaydada vərəsəlik açmaq zərurəti yaranmışdır. Bununla bağlı həmin torpaq sahələrinə çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmişdir. Lakin həmin torpaq sahəsinin bir hissəsində məskunlaşmış cavabdeh tərəfindən, mərhum valideynlərinin vərəsəsi olmağına baxmayaraq torpaq sahəsinin müayinəsinə maneə törədilmişdir, şərait yaradılmamışdır. Cavabdeh mühəndisə həyətyanı sahədə ölçü işləri aparmağa imkan verməmişdir. Bu səbəbdən də torpaq sahəsində inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 12 iyun 2024-cü il tarixli, 3-21-3-35/2-2405/2024 saylı məktubla torpaq sahəsinin hüquqi sənədləşdirilməsi üçün müraciətindən imtina edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə çıxarış ala bilməmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, onların yasadıqları həyətdə iki yaşayış evi vardır ki, o, iddiaçı, yəni atası İddiaçı və digər ailə üzvləri ilə birlikdə nənə və babasından qalmış köhnə evdə, bibisi isə nənə və babasından qalmış yeni tikilmiş evdə yaşayır. Onlar özlərinin yaşadıqları köhnə evi və həyətyanı torpaq sahəsindən özlərinə məxsus hissəyə dair Çıxarış almaq məqsədi ilə ölçü işlərinin aparılması üçün Torpaq şöbəsinə və 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Həmin idarənin nümayəndələri ölçü işlərinin aparılması üçün yaşadıqları ünvana gəlmiş, cavabdeh, yəni bibisi tərəfindən ölçü işlərinin aparılmasına icazə verilməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, ölçü işlərinin aparılmasına heç bir etiraz yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN-378F nömrəli KOD 90317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli, 21 saylı qərarı ilə X9 və ailə üzvləri X3, İddiaçı mülkiyyətinə Ağdaş rayonu, Xosrov kəndində təyinatı həyətyanı sahə, fərdi yaşayış evinin tikilməsi, bağçılıq təsərrüfatı olmaqla 0,35 ha torpaq sahəsi verilmişdir. Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0042 nömrəli KOD 90317018 saylı torpağa mülkiyyət hüquna dair Dövlət Aktının surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli, 21 saylı qərarı ilə X9 və ailə üzvləri X3, X8, İddiaçı mülkiyyətinə Ağdaş rayonu, Xosrov kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12 iyun 2024-cü il tarixli, 3-21-3-35/2- 2405/2024 nömrəli bildirişdən görünür ki, İddiaçı ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Daşınmaz Əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Müayinə işləri aparılan zaman sözügedən ərazidə ailədaxili mübahisə olması müəyyən edildiyindən ərizəsinin icrasından imtina edilmiş və mübahisənin həllinin məhkəmə qaydasında həll edilməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mərhum X7 iddiaçı və cavabdehin atası olmuşdur. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli, 21 saylı qərarı ilə mərhum Əziz Söhbətovun və ailə üzvlərinin mülkiyyətinə Ağdaş rayonu, Xosrov kəndində torpaq sahələri verilmişdir. İddiaçı mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsinə müraciət etmişdir. Sözügedən idarənin əməkdaşları ölçü işlərinin aparılması üçün tərəflərin yaşayış sahəsinə gəlmişlər, lakin tərəflər arasında mübahisə olduğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən inventarlaşma işlərinin aparılması mümkün olmamışdır Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Ağdaş rayonu, Xosrov kəndində yerləşən Ağdaş rayon aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ağdaş rayonu, Xosrov kəndində yerləşən Ağdaş rayon aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-1307/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1307/2024
28.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver