Məhkəmə qərarları › İş №2(014)-1324/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1324/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1324/2021 01.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə BOKT "xxxx"QSC-nin Cavabdeh Nüsrət oğluna qarşı Kredit müqaviləsi üzrə əsas borcun,hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbi haqqında sadələşdirilmiş icraat qaydasında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: BOKT "xxxx"QSC Cavabdeh Nüsrət oğluna qarşı sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Nüsrət oğlundan BOKT "xxxx"QSCnin xeyrinə 126,66 manat əsas borc, 26,98 manat faiz borcu,11,70 manat cərimə borcu və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə cəmi 185,74 manat tutulmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx"QSC Cavabdeh Nüsrət oğluna qarşı borcun tutulması tələbi haqqında iddiasını onunla əsaslandırmışdır ki, BOKT "xxxx"QSC ilə Cavabdeh Nüsrət oğlu arasında bağlanmış 21 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Nüsrət oğluna illik 32%-lə 12 ay müddətinə 1282 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh Nüsrət oğlunun 126,66 manat əsas borcu, 26,98 manat faiz borcu,11,70 manat cərimə borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Odur ki, cavabdehdən BOKT "xxxx"QSCnin xeyrinə 126,66 manat əsas borc, 26,98 manat faiz borcu,11,70 cərimə borcu, 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun,ümumilikdə cəmi 185,74 manat tutulması xahiş edilir. İddianın qiyməti iki min manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş,lakin cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmadığı üçün məhkəmə hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tələbinə dair hissəsi də təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Nüsrət oğlundan 126,66 manat əsas borc, 26,98 manat faiz borc, 11,70 manat cərimə borcu və 20,40 manat ödənilmiş dövlət rüsumu, cəmi 185,74 manat (yüz səksən beş manat yetmiş dörd qəpik) tutularaq BOKT "xxxx"QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar