Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1326/2021 29.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə «FİNCA Azerbaican» MM QBKT-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaican» MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3079 manat əsas borcun, 487 manat faiz borcunun, 52.39 manat cərimə borcunun, cəmi 3618.39 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «FİNCA Azerbaican» MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «FİNCA Azerbaican» MM QBKT iddiasını onunla əsaslandırmışdır ki, «FİNCA Azerbaican» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2015-ci il tarixli **********8018 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 31% dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 284 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin 16.04.2015-ci il tarixli **********8018 saylı kredit müqaviləsi 11.04.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3079 manat, faiz borcu 0, cərimə borcu 0 manat müəyyən olunmuşdur. Beləliklə 07.05.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 3079 manat, faiz borcu üzrə 487 manat, cərimə borcu üzrə 52.39 manat olmaqla cəmi 3618.39 manat təşkil edir.Odur ki, tələb olunan borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «FİNCA Azerbaican» MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı «FİNCA Azerbaican» MM QBKT-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edilərək işə onların iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, məhkəmə «FİNCA Azerbaican» MM QBKTnin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək iddiaçı tərəfindən iddia müddətinin buraxılmasını bildirdilər, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdilər. İş üzrə Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını, iddiaçı tərəfindən iddia müddəti buraxıldığı üçün iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia müddəti tətbiq edilərək, iddia rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, «FİNCA Azerbaican» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2015-ci il tarixli **********8018 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 31% dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 284 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin 16.04.2015-ci il tarixli **********8018 saylı kredit müqaviləsi 11.04.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3079 manat, faiz borcu 0, cərimə borcu 0 manat müəyyən olunmuşdur. Beləliklə 07.05.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 3079 manat, faiz borcu üzrə 487 manat, cərimə borcu üzrə 52.39 manat olmaqla cəmi 3618.39 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş kredit hesabı haqqında məlumatlardan görünür ki, Cavabdeh1 16 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka son ödəniş 30 iyun 2016-cı il tarixdə olmuşdur. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkindirməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququnun müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də şamil edilir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onların öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti üzərindən çox vaxt ötmüş mötəbərliyin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına münasibətləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü madədsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanılmış kredit müqavilələrinin icrası müddəti müvafiq olaraq 16 aprel 2017-ci il tarixdə başa çatmasına, cavabdehin də 30 iyun 2016-ci il tarixdən sonra hər hansı ödəniş etməməsinə və müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda, iddiaçının borcalanın müqavilə üzrə banka olan borcunun tələb etmək hüququna malik olmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə müddəti bitdiyi tarixdən 4 ildən çox, son ödənişin olduğu tarixdən isə 5 ildən çox vaxt keçdikdən sonra, yəni 01 iyun 2021-ci il tarixdə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş 4 illik iddia müddətini buraxmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddəti təbiq edilməli, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia müddəti tətbiq edilsin. «FİNCA Azerbaican» MM QBKT-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1326/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1326/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver