Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1341/2024 22.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)- 2812/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, onun himayəsində qalmış 16 mart 2014-cü ildə anadan olmuş X4 18 yaşı tamam olan günədək saxlanması üçün atası olan Cavabdeh hər ay üzrə uşağa 235 manat sabit pul məbləğində alimentin həmçinin mediasiya xərci kimi ödədiyi 50 manat pulun onun xeyrinə alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikah qeydi aldırmaqla ailə qurub yaşamağa başlamış sonradan aralarında olan nikahları pozulmuş və bu nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 01 nömrə ilə qeyd edilmişdir. Ayrıldıqları vaxtdan birgə nikahlarından 16 mart 2014-cü ildə anadan olmuş X7 onun himayəsində qalmışdır. Onun aliment tələbinə dair Ağdaş rayon məhkəməsi xx.xx.2018-ci il 2(014)-2812/2018 saylı Qətnaməsi ilə X4 18 yaşı tamam olan günədək hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə alınıb verilməsi qət edilmişdir. Bildirir ki, təxminən 6 ilə yaxın müddət əvvəl təyin edilmiş alimentin həmin miqdarı uşağın bir ay saxlanması xərclərini ödəməyə qəti kifayət etmədiyi aşkar bir faktdır. 11-ci yaşında olan uşağının qidalanması, sağlamlığının qorunması və digər çox zəruri tələbatlarının ödənilməsi mühümdür. Uşağının sağlam böyüməsi üçün mütəmadi müayinə və müalicəsi ilə bağlı xərcləri ödəməkdə çətinliklər çəkir. Odur ki, uşağa görə təyin edilmiş alimentin artırılması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasına xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq bildirdi ki, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, məhkəmənin qətnaməsi ilə X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş 100 manat alimenti hər ay vaxtlı-vaxtında ödəyir. Həmçinin ikinci dəfə ailə həyatı qurub X3 ilə nikah bağlamışdırlar. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə Əli və xx.xx.2021-ci il tarixdə Hüseyn adlı uşaqları dünyaya gəlmişdir. Qeyd edir ki, ailələrində heç kəs işləmir, işlə təmin olunmaq üçün Məşğulluq Xidmətində qeydiyyatda olsa da indiyə qədər işlə təmin olunmamışdır. Ailəsini saxlamaqda çox çətinlik çəkir. İddiaçı özü dərzi ateleyesində işləyib gəlir əldə edir. Onun isə maddi imkanı yoxdur, çətinlik içərisində yaşayır. Əgər alimentin miqdarı artırılaraq 235 manat edilərsə bu onun iki azyaşlı uşağının aclıqdan məhv olmasına gətirib çıxaracaq. Hazırda ödədiyi 100 manat alimenti qohumlarının köməkliyi ilə iddiaçıya ödəyir. Düzdür qəbul edir ki, övladını saxlamaq hər bir valideyinin borcudur, ancaq onun himayəsində iki uşağının olması, bir uşağa aliment verdiyinə görə və işsiz olduğu üçün aclıq içində yaşayır. Buna görə də İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, övladının 10 yaşı var, onun saxlanması üçün kəsilmiş 100 manat aliment çox azdır. Anası, o və övladı bir yerdə yaşayırlar. Anası təqaüd alır. Odur ki, qeyd olunanların nəzərə alınaraq cavabdehlə birgə nikahlarından doğulmuş uşağının saxlanılması üçün alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddiaçı onun əmisi qızıdır, 5 ay evli qalmışlar. İddiaçı onun imkanı olmadığını bilir, o, heç yerdə işləmir, ikinci dəfə ailə qurmuş və ikinci evliliyindən 2 övladı vardır. Onlara baxmaqda çətinlik çəkir. İmkanı olmadığından 3 aylıq aliment borcu vardır. Anası təqaüdçüdür, 145 manat təqaüd alır. Anasının təqaüdü ilə birinci övladının alimentini ödəyir. O, çox çətin şəraitdə yaşayır, yağış yağan zaman evinin damından evi su basır və onu təmir etdirməyə imkanı yoxdur. Övladının saxlanılması üçün kəsilən 100 manat alimenti ödəməkdə çətinlik çəkir, artırılacağı təqdirdə heç ödəyə bilməyəcəkdir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2014-cü il tarixli, AZ İİİ 294208 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 16 mart 2014-cü il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 yanvar 2014-cü il tarixli AZ-İ 184581 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 25 oktyabr 2010 yanvar 2014-cü il tarixdə pozulmuşdur. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)- 2812/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Məhəmmədli oğlundan 03 dekabr 2018-ci il tarixdən başlayaraq 16 mart 2014cü ildə anadan olmuş X7 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 100 manat aliment tutulması, Cavabdeh 20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan 21 avqust 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 21 avqust 2024-cü il tarixində saat 10:00-da İddiaçı iştirak etmişdir. Cavabdeh isə iştirak etməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan Ucar rayon İHB-nın Qaradağlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV 567777 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Ucar rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşin materiallarında olan X5 Novqorod şəhər, Sormovskoqo zaks şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli İİİ-TH 775603 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə X5 Novqorod şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşin materiallarında olan AR Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli 5-80-14/2- 181/2024 saylı arayışdan görünür ki, Ucar rayon Çiyni kənd sakini Cavabdeh 1978-ci ildə anadan olmuş, işləmir ailəsinin tərkibi aşağıdakı kimidir. h/y X3, oğlu X11, oğlu- X6, anası- X2r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 16 mart 2014-cü ildə anadan olmuş X7 doğulmuş, tərəflərin nikahları pozulmuş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)-2812/2018 saylı qətnaməsi ilə Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 16 mart 2014-cü il təvəllüdlü X7 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 100 manat (yüz) aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan uşaq üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, tərəflərin maddi vəziyyətlərini, cavabdehin himayəsində əlavə iki övladının olmasını nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən uşaq üçün 100 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 16 mart 2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 600 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(014)-2812/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 16 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1341/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1341/2024
22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver