Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1353/2021 14.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh və vəkili N.Ələkbərovun iştirakı ilə İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X3nun ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayonu,Xosrov kəndində miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,50 hektar həyətyanı torpaq sahəsində DƏDRX-in 17 saylı ərazi idarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, 01 dekabr 1986-cı ildə X8 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Ağda rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli qərarı ilə Ağdaş rayonunun Xosrov kənd ərazisində onun,X3nun,övladları X9 və X6 ümumbirgə mülkiyyətinə 0,50 hektar həyətyanı torpaq sahəsi, həmçinin onun, X5, övladları X9, X6,X1 ümumibirgə mülkiyyətinə 0,7211 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X3 30 yanvar 2013-cü ildə Ağda rayonunun Xosrov kəndində vəfat etmişdir. Onun ölümündən sonra qeyd etdiyi torpaq sahələri və fərdi yaşayış evi miras qalmışdır.Qeyd edir ki, 0,50 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçirilməmişdir. Nəzərə çatdırmaq istəyir ki, vərəsəlik işinin açılması ilə əlaqədar 0,50 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin DƏDRX-də qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tələb olunur. O, 0,50 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etsə də fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə özəl mərzçəkən M.Mehdizadə qeyd olunan ünvana getmiş, lakin Cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Qısası torpağın və evin sənədləşdirilməsi üçün DƏDRX-in Yevlax rayon 17 saylı Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də mübahisə olduğu, yəni cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və onun reyestr xidmətinə müraciətinin cavablandırılması mümkün olmamışdır.Hesab edir ki, iddiası əsaslıdır,odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun ögey anasıdır. Onlar uzun müddət mehriban yaşasalar da, qeyd edir ki, atasının vəfatından sonra aralarında ev üstündə söz-söhbət düşməyə başlamışdır. İnventarlaşdırmaq istədikləri ev əslində bibisinin adınadır və bibisi də o,evi onun qızına vəsiyyət etmişdir. O, o,torpağın və evin sənədləşməsi üçün gələn nümayəndələrə hər hansı maneçilik göstərməmişdir. Bir daha qeyd edir ki, ev iddiaçı və onun övladlarına məxsus deyildir. Hesab edir ki, iddia əsassızdır,odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, torpaq islahatı zamanı Ağdaş rayonu,Xosrov kəndində yerləşən 0,50 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-cı il tarixli, 21 saylı qərarına əsasən İddiaçı X5, övladları X9, X6 mülkiyyətinə verilmişdir və bu barədə adına JN-334F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında arayışdan görünür ki, X8 ilə X2 01 dekabr 1986-cı ildə rasmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar,evləndikdən sonra qadın ərinin Əmrahova soyadını qəbul etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 yanvar 2013-cü ildə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 16 may 2021-ci il tarixli İddiaçı ünvanlanan məktubdan görünür ki, 05 may 2021-ci il tarixdə Ağdaş rayonu, Xosrov kəndində yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə mühəndis-inventarlaşdırıcı M.Mehdizadə qeyd olunan ünvana getmiş, lakin Cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətşi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı gstürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətççi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ağdaş rayonu, Xosrov kəndində yerləşən torpaq sahəsinin və üzərində yerləşən evin sənədləşdirilməsi üşün DƏDRX-in Yevlax rayon 17 saylı Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də tərəflər arasında mübahisə olduğu,cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və reyestr xidmətinə müraciətin cavablandırılması mümkün olmamışdır. Bütün bunlar iddiaçının izahatı və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla isbat olunur. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin əmlak və əsaslı mənafeləri, iddiaçının ödənilmiş dövlət rüsumunu tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayonu, Xosrov kəndində yerləşən 0,50 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh tərəfindən maneçilik törədilən suni maneələrə son qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1353/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1353/2021
14.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver