Məhkəmə qərarları › İş №2(014)-1357/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1357/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1357/2021 30.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Kredit borcunun qaytarılması haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2019-cu il tarixli, GTKR0290813A160 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25% dərəcəsi ilə 48 ay müddətinə 7000 manat kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 22.07.2019-cu il tarixli Z-GTKR0290813A160 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2019-cu il tarixli BRED0290815A160 saylı kredit kart müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 % dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-yə 22.07.2019cu il tarixli GTKR0290813A160 saylı kredit müqaviləsinə əsasən 5100.44 manat əsas borcun, 805.32 manat faiz borcunun, cəmi 5905.76 manat borcun, Cavabdeh1 22.07.2019cu il tarixli BRED0290815A160 saylı kredit xətti müqaviləsinə əsasən 288.62 manat əsas borcunun, 65.92 manat faiz borcunun, cəmi 354.54 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini bildirərək, işə iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə cavabdeh Cavabdeh1 qeydiyyatda olduğu ünvan 1 ünvanında və digər Cavabdeh2 qeydiyyatda olduğu Ağdaş rayonu, Kotanarx kəndində yaşamadığı üçün məhkəmə bildirişlərini onlara təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2019-cu il tarixli, GTKR0290813A160 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25%-lə 48 ay müddətinə 7000 manat kredit verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə 22.07.2019-cu il tarixli Z-GTKR0290813A160 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 ilə bank arasında bağlanmış 22.07.2019-cu il tarixli BRED0290815A160 saylı kredit kart müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 % dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 və Cavabdeh2 5100.44 manat əsas borcu, 805.32 manat faiz borcu, cəmi 5905.76 manat borcu, Cavabdeh1 22.07.2019-cu il tarixli BRED0290815A160 saylı kredit xətti müqaviləsinə əsasən 288.62 manat əsas borcu 65.92 manat faiz borcu, cəmi 354.54 manat məbləğində borcu vardır, xəbərdarlıq edilmələrinə baxmayaraq borc ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5100.44 manat əsas borc, 805.32 manat faiz borcu, cəmi 5905.76 manat (beş min doqquz beş manat yetmiş altı qəpik) borc, Cavabdeh1 22.07.2019-cu il tarixli BRED0290815A160 saylı kredit xətti müqaviləsinə əsasən 288.62 manat əsas borc 65.92 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 384.54 manat (üç yüz səksən dörd manat əlli dörd qəpik) tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar