Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1417/2023 26.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 22 sentyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmadan, dini və el adəti ilə toy edərək evlənmişlər. 16 iyul 2015-ci il tarixdə onların qeyri rəsmi nikahlarından Zeynəb adlı qızları doğulmuşdur. 15 oktyabr 2018-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1843/2018 nömrəli qətnaməsi ilə cavabdehin 16 iyul 2015-ci il tarixdə doğulmuş Zeynəb adlı uşaqlarının atası olması müəyyən edilərək, ondan uşağın saxlanılması üçün, uşaq 18 yaşına çatanadək hər ay iddiaçının xeyrinə 100 (yüz) manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda alimentin ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarından 5 (beş) ilə yaxın vaxt keçmişdir. Bu müddə ərzində uşaq da 5 yaş böyümüş, onun maddi tələbatları xeyli artmışdır. Uşaq böyüdükcə atasında olan ehtiyac və tələbat artsa da cavabdeh rayon məhkəməsi tərəfindən tutulmuş alimentdən başqa onun saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Artıq onların qızlarının 8 yaşı var. Ağdaş Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş alimentin məbləği uşağın tələbatınının ödənilməsinə kifayət etmir. Uşağın bütün qayğısını tamamilə özü çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onun tam maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Cavabdeh isə hətta 15 oktyabr 2018-ci il tarixdə məhkəmə tərəfindən təyin edilmiş alimenti iddiaçıya vaxtlı-vaxtında və tamamilə ödəmir. Qeyd edilən səbəblərdən uşağın saxlanılması üçün cavabdehdən aldığı alimentin miqdarı kifayət etmir və buna görə də o, alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı Cavabdeh qarşı “Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aliment tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(014)-1843/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və Cavabdeh 16 iyul 2015-ci il tarixdə doğulmuş uşaqları X1 üçün hər ay 200 manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən uşağın 18 yaşma çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində aliment verilməsi müəyyən edilmişdir. Hal-hazırda maddi vəziyyətlərini nəzərə alsalar çıxılmaz vəziyyətdədirlər. Odur ki, “Aliment tələbinə dair" Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və Cavabdeh birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün hər ay 200 manat miqdarında alimentin alınıb onun xeyrinə verilməsini xahiş edir. İddia tələbini qəbul etmir və aşağıda göstərdiyim hallara və əsaslara görə hesab edirəm ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi maddi vəziyyətinin ağırlaşdığını və çıxılmaz vəziyyətdə düşməsini göstərsə də həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. O, iddiaçı ilə ayrıldıqdan və qeyri-rəsmi nikahlarından doğulmuş uşaqlarının 18 yaşı tamam olanadək saxlanılması üçün aliment müəyyən edildikdən sonra, yəni 2019-cu ildə başqa qadınla rəsmi nikah qeyd etdirmədən evlənmişdir. Nikahlarını 11 sentyabr 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Həmin qadınla birgə nikahlarından üç uşaqları X4, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 doğulmuşdur. O, iş üzrə iddiaçı ilə evli olduğu dövrdə rəsmi olaraq işsiz idi. Məcburi köçkün kimi yeganə gəlir yeri dövlətdən aldığı müavinətdir. Düşəndə günəmuzd fərdi əməklə, yəni iş olanda fəhlə kimi fəaliyyət göstərir. Aliment müəyyən edildikdən sonra iddiaçının əksi olaraq onunla ailə və maddi vəziyyətində dəyişikliklər olmasına, ailənin və uşaqlarının tələbatını ödəmək üçün keçən illərə münasibətdə ailənin tələbatı üçün daha da artıq vəsaitə ehtiyacı olmasına baxmayaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəyir, qazancının qalan hissəsi ilə bir təhər ailəsini dolandırır. İşə baxılarkən iddiaçı tərəfin ailə və ya maddi vəsiyyətində hər hansı bir dəyişikliyin olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəmə təqdim etməməsi, bunun əksi olaraq aliment müəyyən edildikdən keçən müddətdə onun ailə və maddi vəziyyətində dəyişikliklərin olması və bu barədə məhkəməyə təqdim etdiyi sübutları, himayəsində üç nəfər azyaşlı olmaqla 4 nəfərin olması, alimentin miqdarının artırılmasının həmin azyaşlı uşaqların mənafelərinə zərər vura biləcək kimi işin faktiki halları məhkəmə tərəfindən nəzərə alınmalıdır. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianın əsassız olduğunu bildirirək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 22 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, № 902179 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 16 iyul 2015-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1843/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1843/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh 16 iyul 2015-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə hər ay 100 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin qeyri nikah münasibətlərindən 16 iyul 2015-ci il təvəllüdlü X6 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1843/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 16 iyul 2015-ci il təvəllüdlü X3 atası olması müəyyən olunmuş, eyni zamanda 16 iyul 2015-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 100 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi müəyyən olunmuşdur. İddiaçı 16 iyul 2015-ci il təvəllüdlü X6 barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının aşağı olduğundan, uşağın ehtiyacları və tələblərini qarşılamağa kifayət etmədiyindən artırılaraq cavabdehdən 200 manat məbləğində tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən 100 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı nikahlarından doğulmuş 16 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti, artırılan hissəyə nisbətdə 600 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı nikahlarından doğulmuş 16 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1417/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1417/2023
26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver